Waving Flag of Libya (Animated Gif)

Liviya Dövləti

 

Azərbaycan Respublikası və Liviya Dövləti arasında ikitərəfli münasibətlər

 

Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi 30 dekabr 1991-ci il tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Azərbaycanla Liviya arasında diplomatik əlaqələr 16 mart 1992-ci il tarixində yaradılmışdır.

 

Azərbaycan Respublikasının daim dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri, o cümlədən Liviya ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Liviyanın beynəlxalq və regional təşkilatlarda Azərbaycanın mövqeyini daim dəstəkləməsi, Lokerbi məsələsi ilə əlaqədar Liviya üzərinə qoyulmuş sanksiyaların dayandırılması və tədricən aradan qaldırılması istiqamətində beynəlxalq təşkilatlar çərçivəsində göstərilən səylərin Azərbaycan tərəfindən dəstəklənməsi iki ölkə arasında mövcud olan dost münasibətlərin təzahürü kimi qiymətləndirilə bilər.

 

Hər iki dövlətin birgə səylərinin nəticəsi olaraq ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində ciddi addımlar atılmışdır.

 

1995-ci ilin aprel ayından Bakıda Liviya Səfirliyi fəaliyyət göstərir.

 

Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2005-ci il tarixli, 862 saylı Sərəncamı ilə Azərbaycanın Misir Ərəb Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri iqamətgahı Qahirə şəhərində olmaqla, eyni zamanda Azərbaycanın Liviyada Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. 2006-cı ildə Azərbaycanın Misir Ərəb Respublikasındakı Səfirliyinin Tripolidə nümayəndəliyi fəaliyyətə  başlamışdır.

 

2009-cu ilin 30 sentyabr tarixində AR Milli Məclisi Azərbaycan Respublikasının Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində (Tripoli şəhərində) səfirliyinin təsis edilməsi haqqında qanun (N 862-IIIQ) qəbul etmişdir.

 

2010-cu ilin 05 may tarixində Ağasəlim Səmədağa oğlu Şükürov Azərbaycan Respublikasının Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsində fövqəladlə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilmişdir.

 

2014-cü ilin 20 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Liviya Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Ağasəlim Şükürov tutduğu vəzifəsindən geri çagırılmışdır. Liviyada daxili vəziyyətlə bağlı Səfirliyin fəaliyyəti bu ölkədə dayandırılmışdır.

 

Baş nazirlərin qarşılıqlı səfərləri

- 24-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Liviya Koalisiya Hökumətinin Nazirlər Kabinetinin sədri Faiz Mustafa Əl-Sarracın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- 2008-ci ilin 20-21 fevral tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Liviya Ərəb Cəmahiriyyəsinə səfər etmişdir.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Liviya Parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Liviya Dövləti arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 10 sənəd mövcuddur.

 

İqtisadi sahədə əməkdaşlıq

19 noyabr 2008-ci il tarixində Azərbaycan Respublikası ilə Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi Hökuməti arasında Müştərək Komissiya yaradılmışdır.

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

43 806.73

43806.73

-

2020  

7 454.71 

7.454.44 

0.27

2021

27 879.36

27 879.36

-

2022

56 112.81

56 110.47

2.34

2023 (yanvar-oktyabr)

19 685.77

19 685.46

0.31

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti