Əlcəzair Xalq Demokratik Respublikası
Azərbaycan Respublikası və Əlcəzair Xalq Demokratik Respublikası arasında ikitərəfli münasibətlər
26 dekabr 1991-ci ildə Əlcəzair Xalq Demokratik Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır.
22 aprel 1994-cü ildə İki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur.
Azərbaycan Respublikasının Əlcəzairdəki Səfirliyi 2016-cı ildən fəaliyyət göstərir.
2015-ci ildən Əlcəzairin Bakıda diplomatik ofisi fəaliyyətə başlamışdır. 2019-cu ildə ölkəmizdə Əlcəzair Səfirliyi təsis olunmuşdur.
Azərbaycan Respublikası və Əlcəzair Xalq Demokratik Respublikası arasında siyasi məsləhətləşmələr mexanizmi mövcuddur. 2023-ci ilin 29 noyabr tarixində iki ölkə arasında siyasi məsləhətləşmələrin 1-ci raundu Bakı şəhərində keçirilmişdir.
Azərbaycan Respublikası və Xalq Demokratik Respublikası arasında səfər mübadiləsində son illərdə müəyyən dinamik tendensiya müşahidə edilmişdir. Bu dövrdə müxtəlif səviyyələrdə (nazir və nazir müavini, parlament sədri, komitə rəhbəri və müavini, agentlik sədri, ombudsman, şeyx həzrətləri, məhkəmə sədri) qarşılıqlı səfərlər həyata keçirilmişdir.
Azərbaycan ilə Əlcəzair arasında ali və yüksək səviyyədə səfərləri və fəal təmaslar, eləcə də beynəlxalq platformalarda səmərəli əməkdaşlıq, parlamentlərarası əlaqələr və müxtəlif sahələrdə dinamik qarşılıqlı fəaliyyət ikitərəfli əlaqələri yüksək səviyyəyə qaldırmışdır. Qarşılıqlı əlaqələrin bütün sahələrdə inkişafına dair hər iki ölkə rəhbərinin siyasi iradəsi Azərbaycan-Əlcəzair münasibətlərinin geniş perspektivlərə malik olduğuna dəlalət edir. İstər ikitərəfli əsasda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikası Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləmişdir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- 24-26 oktyabr 2019-cu il tarixində Əlcəzairin Prezidenti Abdelkader Bensalah Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfər etmişdir.
- 01 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi Ərəb Dövlətləri Liqasının Əlcəzair şəhərində keçirilən 31-ci Sammitində fəxri qonaq qismində iştirak etmək məqsədilə bu ölkədə səfərdə olmuşdur.
Hökumət başçılarının qarşılıqlı səfərləri
- 02 mart 2023-cü il tarixində Əlcəzairin Baş naziri Əymən Əbdürrəhman Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə toplantısında iştirak etmək üçün Azərbaycanda səfərdə olmuşdur.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 05-06 iyul 2023-cü ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər İclasında iştirak etmək üçün Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf Azərbaycanda səfərdə olmuşdur.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələri üzrə işçi qrupu və Əlcəzair Xalq Demokratik Respublikasının Milli Xalq Assambleyasında parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.
- 30 iyun – 1 iyul 2022-ci il tarixlərində Əlcəzair Xalq Demokratik Respublikasının Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur.
- 29-30 yanvar 2023-cü il tarixində AR Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Əlcəzairdə keçirilən İƏT Parlamentlərarası Zirvə görüşündə iştirak etmək məqsədilə bu ölkədə səfərdə olmuşdur.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında 4 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
2 072.24 |
347.67 |
1 724.57 |
2020 |
1 385.89 |
9.26 |
1 376.63 |
2021 |
1 373.17 |
9.46 |
1 363.71 |
2022 |
1 844.03 |
366.31 |
1 111.35 |
2023 (yanvar-oktyabr) |
2 150.07 |
1 551.18 |
598.89 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasındakı Səfirliyi
Ünvan: Əlcəzair şəhəri, Heydara rayonu, Əbu Nuvas küçəsi 29/bis, Əlcəzair
E-poçt: algeriamission@gmail.com
Tel: (+213) 23 47 41 99; (+213) 23 47 42 24
Faks: (+213) 23 47 42 04