Konqo Respublikası

 

Azərbaycan Respublikası və Konqo Respublikası arasında ikitərəfli münasibətlər

 

Azərbaycan Respublikası və Konqo Respublikası arasında diplomatik əlaqələr 19 mart 2018-ci il tarixində qurulmuşdur.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 aprel 2024-cü il tarixli, 75 nömrəli Sərəncamı ilə Sultan Hacıyev, iqamətgahı Nayrobi şəhərində olmaqla, Azərbaycan Respublikasının Konqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. 2 iyul 2024-cü il tarixində Sultan Hacıyev etimadnaməsini Konqo Respublikasının Prezidenti cənab Deni Sassu-Nqessoya təqdim etmişdir.

 

7 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, iqamətgahı Moskva şəhərində olmaqla, Konqo Respublikasının Azərbaycan Respublikasına təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul etmişdir.


Azərbaycan ilə Konqo arasında siyasi, iqtisadi-ticari münasibətlərin genişləndirilməsi üçün imkanlar mövcuddur və bu istiqamətdə əlaqələrimizin daha da fəallaşdırılması vacibdir. 


İki ölkə arasında qarşılıqlı təmaslar Azərbaycanın Qoşulmama Hərəkatına (NAM) sədrliyi zamanı artmışdır. 2019-cu ilin 21-26 oktyabr tarixlərində Bakı şəhərində keçirilmiş Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündə iştirak etmək məqsədilə Konqo Respublikasının Xarici işlər, Frankofoniya və Xaricdə yaşayan Konqolularla iş üzrə naziri Jan Klod Qakosso ölkəmizdə işgüzar səfərdə olmuşdur.


27-29 mart 2024-cü il tarixlərində iki ölkə arasında potensial əməkdaşlıq istiqamətlərinin araşdırılması məqsədilə Azərbaycanın bir sıra dövlət qurumlarının nümayəndələrindən ibarət heyət Konqo Respublikasında işgüzar səfərdə olmuşdur.


3-7 mart 2024-cü il tarixlərində Konqo Respublikasının Prezidentinin strateji məsələlər və beynəlxalq əməkdaşlıq üzrə şəxsi nümayəndəsi, nazir xanım Fransua Jolinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuş, səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Xarici İşlər Nazirliyində, SOCAR və digər qurumlarda bir sıra görüşlər keçirmişdir.


3-5 aprel 2024-cü il tarixlərində Konqo Respublikasının Prezidenti cənab Deni Sassu-Nqesso Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə ikitərəfli və geniş tərkibdə görüşlər keçirilmiş və iki ölkə arasında bir sıra sənədlər imzalanmışdır. Səfər çərçivəsində, eyni zamanda, Konqo Respublikasının Prezidenti cənab Deni Sassu-Nqesso Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədov və Milli Məclisin sədri xanım Sahibə Qafarova ilə görüşmüşdür. 

 

2-4 iyul 2024-cü il tarixlərində Konqo Respublikasında keçirilmiş “Meşələrin qırılması və bərpası” mövzusunda birinci beynəlxalq konfransda Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti cənab Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Səfər çərçivəsində bu ölkənin Prezidenti cənab Deni Sassu-Nqesso tərəfindən qəbul edilmiş və digər dövlət rəsmiləri ilə görüşlər baş tutmuşdur.
 
Müqavilə-hüquq bazası


Azərbaycan Respublikası və Konqo Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 4 sənəd imzalanmışdır.

 

Diplomatik nümayəndəlik


Azərbaycan Respublikasının Konqo Respublikasında səfirliyi, mənzil qərargahı Nayrobi şəhəri
Ünvan: 188, Paradise close, Nicole drive, Runda Mumwe
P.O. Box 1685-00621, Nayrobi, Kenya
Tel: (+254) 757 440 044
E-mail:  nairobi@mission.mfa.gov.az
 

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti