Waving Flag of Djibouti (Animated Gif)

Cibuti Respublikası

 

Azərbaycan Respublikası və Cibuti Respublikası arasında ikitərəfli münasibətlər

 

1996-cı ilin 22 oktyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin qurulması haqqında protokol imzalanmışdır.

 

2005-ci ildə BMT Baş Assambleyasının 59-cu sessiyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cibutinin Prezidenti cənab İsmayıl Ömər Qelleh ilə görüşmüşdür. Görüş zamanı ikitərəfli münasibətlərin inkişaf perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə olunmuşdur. 

 

2012-ci ilin 5 iyul tarixində Cibuti Respublikasının Rusiya Federasiyasındakı səfiri iqamətgahı Moskva şəhərində olmaqla eyni zamanda Azərbaycanda Səfiri təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2 may 2016-cı il tarixli, 2016 saylı Sərəncamı ilə Elman Abdullayev Azərbaycan Respublikasının Cibuti Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilmişdir.

 

8 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Nazlı Abdulla Məhəmməd Azərbaycan Respublikasının Cibuti Respublikasında fəxri konsulu təyin edilmişdir.

 

Azərbaycan Respublikasının daim dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri, o cümlədən Cibuti Respublikası ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Qarşılıqlı əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün hər iki ölkə geniş potensiala malikdir. Azərbaycanla Cibuti arasında dövlət və hökumət başçıları arasında mütəmadi olaraq məktub mübadilələri aparılır.

 

Azərbaycan Respublikası ilə Cibuti Respublikası arasında BMT və İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlıq mövcuddur. 11 yanvar 2017-ci il tarixində Cibuti Respublikasının Milli Assambleyası (parlament) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı Soyqırımına dair qətnamə qəbul etmişdir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- 24-26 oktyabr 2019-cu il tarixlərində Cibuti Prezidenti İsmail Ömər Qelleh Bakıda keçirilmiş Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- 15-17 noyabr 2012-ci il tarixlərində Cibuti Respublikasının paytaxtı Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında iştirak etmək üçün Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov bu ölkəyə səfər etmişdir.

- 24-26 fevral 2017-ci il tarixlərində Cibuti Respublikasının xarici işlər və əməkdaşlıq naziri Mahmud Əli Yusuf Azərbaycanda rəsmi səfərdə olmuşdur.

- 5-6 aprel 2018-ci il tarixlərində Qoşulmama Hərəkatının Bakıda keçirilmiş Aralıq Nazirlər Konfransında Cibuti Respublikasının xarici işlər üzrə dövlət naziri Mahmud Əli Həsən iştirak etmişdir.

 

Parlamentlərarası əlaqələr

- 14 aprel 2017-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması haqqında N-620-VQR saylı qərar qəbul etmişdir.

- 20-21 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Parlamentinin 100 illik yubileyi münasibəti ilə keçirilmiş tədbirlərdə iştirak etmək məqsədi ilə Cibuti Respublikasının Milli Assambleyasının sədri Mohamed Ali Huməd Azərbaycanda səfərdə olmuşdur.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Cibuti Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 4 sənəd imzalanmışdır.

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti