Çad Respublikası
Azərbaycan Respublikası ilə Çad Respublikası arasında ikitərəfli münasibətlər
5 aprel 2004-cü il tarixində Azərbaycan Respublikası ilə Çad Respublikası arasında diplomatik əlaqələrin qurulması haqqında Protokol imzalanmışdır.
Azərbaycan Respublikasının Çaddakı səfirliyi mövcud deyil. Çad Respublikası ilə təmaslar AR-in Efiopiyadakı və Mərakeşdəki Səfirlikləri vasitəsilə həyata keçirilir.
Çad Respublikasının Türkiyədəki səfirliyi eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunub.
17-24 iyun 2013-cü il tarixlərində Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən bərabər tərəfdaşlıq çərçivəsində İslam İnkişaf Bankı ilə birgə Çadın paytaxtı Ncamena şəhərində “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası keçirilmiş, görmə ilə problem olan minlərlə insan pulsuz olaraq göz müayinəsindən keçmiş, görmə qabiliyyətini itirmiş 532 insan isə ödənişsiz əsasda əməliyyat olunaraq yenidən görmək imkanı əldə etmişdir. Bununla yanaşı yerli oftalmoloqlar üçün ixtisas artırma təlimləri də təşkil edilmişdir.
Azərbaycan Respublikası ilə Çad Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Ölkələrimiz arasında siyasi əlaqələr yaxşı səviyyədədir, iqtisadi-ticari əməkdaşlığın inkişaf etdirilməsi üçün hər iki ölkə əlverişli imkanlara malikdir. İki ölkə arasında enerji və neft sektoru, habelə neftin axtarışı məsələsi ilə bağlı sərmayə qoyuluşu sahəsində əməkdaşlıq edilməsi mümkündür. Eyni zamanda, ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında da sıx əməkdaşlıq həyata keçirilir və hər iki ölkə bir-birinə qarşılıqlı dəstək göstərir. Bu xüsusda beynəlxalq təşkilatlarda Çadın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi və Qarabağın işğaldan azad edilməsini alqışlaması ölkəmizin dövlət başçısı tərəfindən yüksək qiymətləndirilmişdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
06 aprel 2018-ci il tarixində Çad Respublikasının xarici işlər və Afrika inteqrasiyası naziri Mahamat Zene Şerifi Qoşulmama Hərəkatı Xarici İşlər nazirlərinin Bakıda keçirilən iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olmuşdur.