Waving Flag of the Czech Republic (Animated Gif)

 

Çex Respublikası

Azərbaycan Respublikası və Çex Respublikası arasında ikitərəfli münasibətlər

Çex Respublikası (31 dekabr 1992-ci il tarixinə qədər Çexoslovakiya) Azərbaycan Respublikasının müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 29 yanvar 1993-cü ildə qurulmuşdur.

Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyi 15 avqust 2007-ci ildə təsis olunmuşdur. Çex Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1 dekabr 2009-cu ildə təsis olunmuşdur.

Azərbaycan-Çexiya əlaqələrinin yüksək səviyyəsinin göstəriciləri kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4-6 aprel 2012-ci ildə Çexiyaya və Çex Respublikasının Prezidenti cənab Miloş Zemanın 15-17 sentyabr 2015-ci ildə Azərbaycana həyata keçirilmiş rəsmi səfərlərini qeyd etmək olar.

Azərbaycan və Çexiya arasında müxtəlif səviyyələrdə aparılan dialoqun nəticələrindən biri kimi, 12 oktyabr 2011-ci il tarixində Çexiya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr Komitəsi tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə qətnamənin qəbulunu qeyd etmək olar. Sənəddə ölkəmizin ərazi bütövlüyü, dövlət suverenliyi və müstəqilliyinin Çex Respublikası tərəfindən qeyd-şərtsiz tanınması, ölkəmizin Çexiyanın strateji tərəfdaşı olduğu, Avropanın enerji təchizatındakı əhəmiyyətli rolu, eləcə də NATO-nun Sülh Naminə Tərəfdaşlıq və Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramlarının fəal üzvü olması vurğulanmışdır.

7 fevral 2013-cü il tarixində Çexiyanın Deputatlar Palatasının Xarici əlaqələr komitəsi Xocalı sakinlərinin qətliamına görə Ermənistanı pisləyən 219 nömrəli qərarı yekdilliklə qəbul etmişdir.

Çexiya Prezidenti Miloş Zemanın Azərbaycana rəsmi səfəri zamanı 15 sentyabr 2015-ci ildə Bakı şəhərində “Azərbaycan Respublikası ilə Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması ikitərəfli münasibətlərdə mühüm hadisə olmuşdur.

 

Parlamentlərarası əlaqələr:

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun 28 üzvü var. Qrupun rəhbəri millət vəkili Elnur Allahverdiyevdir.

Çexiya Parlamentində Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupu (19 millət vəkili) fəaliyyət göstərir. Qrupun rəhbəri: Zdenek Ondraçek.

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında 29 sənəd imzalanmışdır.

İqtisadi sahədə əməkdaşlıq

 

İki ölkə arasında ticarət əlaqələri (milyon ABŞ dolları ilə)

İI

İdxal

İxrac

Ticarət dövriyyəsi

2015

58

550

608

2016

66

214

280

2017

108

556

664

2018

107

938

1045

2019

56

647

703

2020

37

192

229

Mənbə: AR İqtisadiyyat Nazirliyi

Azərbaycandan Çexiyaya əsas ixrac məhsulları neft və neft məhsulları, Çexiyadan Azərbaycana əsas idxal məhsulları isə maşın və avadanlıqlar, elektron avadanlıqlar, şüşə və kimya məhsullarıdır.

Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85%-i məhz Azərbaycanın payına düşür. Çexiyanın neft məhsullarına olan tələbatının təxminən 30%-i məhz Azərbaycan neftinin hesabına ödənilir.

Hazırda Azərbaycanda xidmət, rabitə, ticarət, tikinti, infrastruktur və nəqliyyat sahələrdə 25 çex kapitallı şirkət fəaliyyət göstərir. Çex şirkətləri Azərbaycanda ümumi dəyəri $ 2 mlrd. çox olan dövlət layihələrinə podratçı qismində cəlb olunmuşlar.

“Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya” 2011-ci ildə yaradılmışdır. Sonuncu iclas 18 yanvar 2017-ci il tarixində Bakıda keçirilmişdir.

Diplomatik nümayəndəlik

Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinin ünvanı: Na Zatorce 783/17, Praha 6 – Bubenec, 16000

Səfirliyin internet səhifəsi: http://prague.mfa.gov.az

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti