Müasir dövrdə Azərbaycanda ilk dəfə müstəqil xarici siyasətin aparılması 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünə təsadüf edir. Müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) müstəqil Azərbaycanın xarici siyasətini həyata keçirmiş, müxtəlif xarici ölkələr ilə Azərbaycanın diplomatik əlaqələrini qurmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın bir neçə xarici ölkədə; Türkiyədə, Ermənistanda, Gürcüstanda diplomatik nümayəndəlikləri, İranda səfirliyi, Kuban və Don hökumətləri yanında səlahiyyətli nümayəndəsi, Paris Sülh Konfransında səlahiyyətli nümayəndə heyəti fəaliyyət göstərmişdir.
Bununla yanaşı, Bakıda 16 xarici dövlətin; Böyük Britaniyanın, Ermənistanın, Belçikanın, Yunanıstanın, Gürcüstanın, Danimarkanın, İtaliyanın, Litvanın, İranın, Polşanın, Amerika Birləşmiş Ştatlarının, Ukraynanın, Finlandiyanın, Fransanın, İsveçrənin və İsveçin nümayəndəlikləri işə başlamışdır.
Azərbaycanın müstəqilliyi Antanta Ali Şurası tərəfindən tanındıqdan sonra Azərbaycan Cümhuriyyətinin Qərbi Avropa və Amerikada diplomatik nümayəndəlikləri fəaliyyətə başlamalı idi.
Lakin sovet-bolşevik rejiminin de-fakto tanınmış Azərbaycan Cümhuriyyətini işğal etməsi, bu planlara, həmçinin Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil təmsil olunmasına son qoydu.
Azərbaycan Cümhuriyyətinin sovet-bolşevik rejimi tərəfindən işğalından sonra Xarici İşlər Nazirliyi ləğv olundu. Onun əvəzinə, 1920-ci ildə, Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığı yaradıldı.
Azərbaycan SSR-in hökümətinin tərkibində fəaliyyət göstərmiş bu qurumun fəaliyyəti formal xarakter daşımışdır. 1922-ci ildə, Azərbaycanın Zaqafqaziya SFSR və ardınca SSRİ-nin tərkibinə qatılması ilə əlaqədar olaraq Xarici İşlər Komissarlığı ləğv edildi.
Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığının ləğv olunmasından 22 il sonra, 1944-cü ilin mart ayının 8-də keçirilən Azərbaycan SSR Ali sovetin sessiyası Azərbaycan SSR Xarici İşlər Xalq Komissarlığının yaradılması haqqında qanun qəbul etdi.
Azərbaycan SSR Ali Sovetinin 1944-cü il mart sessiyasında qəbul etdiyi qanunlara görə, “Azərbaycan Sovet Sosialist Respublikası xarici dövlətlərlə bilavasitə əlaqələr qurmaq, onlarla saziş bağlamaq, diplomatik və konsulluq nümayəndəliklərinin mübadiləsini həyata keçirmək hüququna” malik idi. Respublikanın Konstitusiyasına edilən dəyişikliklər və əlavələr nəticəsində Azərbaycan SSR, xarici ölkələrlə əlaqələr qurmaq, xarici dövlətlərə diplomatik nümayəndəliklər göndərmək və geri çağırmaq hüquqlarına malik idi. Lakin Respublika konstitusiyasının 46-cı maddəsinə edilmiş əlavəyə görə Azərbaycan SSR-in xarici ölkələrlə əlaqələri SSRİ-nin xarici ölkələrlə müəyyən edilmiş ümumi qaydalar çərçivəsində olmalı idi.
Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra, 1991-ci ildən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın milli mənafelərini qoruyan müstəqil xarici siyasət kursunu həyata keçirir.
Yenidən müstəqilliyini qazanmış Azərbaycanın xarici siyasəti bir neçə mərhələyə bölünür: Müstəqilliyin ilk illərini, dünya dövlətləri və əsas beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasını əhatə edən birinci mərhələ, 1993-2003 illəri əhatə edən və beynəlxalq əlaqələrin daha da genişlənməsi ilə xarakterizə olan ikinci mərhələ, Azərbaycanın beynəlxalq münasibətlərdə nüfuzlu dövlətə və etibarlı tərəfdaşa çevrilməsi ilə xarakterizə olan üçüncü, hal hazırki mərhələ.
Əsasında Azərbaycan Respublikasının milli maraqlarının qorunması dayanan xarici siyasət kursunun formalaşması və həyata keçirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan xarici siyasi kursu hazırda onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycanın xarici işlər nazirləri:
Məmmədhəsən Cəfərqulu oğlu Hacınski
Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov
Fətəli Xan İsgəndər Xan oğlu Xoyski
Məmmədyusif Hacıbaba oğlu Cəfərov
Mirzədavud Bağır oğlu Hüseynov
Elmar Məhərrəm oğlu Məmmədyarov