Ermənistanın Azərbaycana qarşı təcavüzü
Ermənistanın Azərbaycana qarşı təcavüzü
Münaqişənin həlli prosesi (1991-2020)

Ermənistan öz qanunsuz və əsassız ərazi iddialarını həyata keçirmək üçün 1991-ci ilin sonu və 1992-ci ilin əvvəlində Azərbaycana qarşı tam miqyaslı müharibəyə başlamışdır. Bunun nəticəsində Azərbaycan ərazilərinin əhəmiyyətli bir hissəsi Ermənistan tərəfindən işğal olunmuşdur.

 

Müharibə on minlərlə insanın həyatına son qoymuş, şəhərlər, qəsəbələr və kəndlər dağıdılmışdır. İşğal olunmuş bütün ərazilərdə 700 mindən çox azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır. Eyni zamanda, 1980-ci illərin sonunda Ermənistanda vaxtı ilə sayı yarım milyon olmuş və həmin dövrə təxminən 250 000 qalmış azərbaycanlı da öz əzəli torpaqlarından vəhşicəsinə qovulmuşdur.  

 

Münaqişənin tənzimlənməsi üçün beynəlxalq vasitəçilik səyləri 1991-ci ildə Jeleznovodsk təşəbbüsü ilə başlamışdır. 1992-ci ildə Azərbaycan və Ermənistanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) qoşulmasından sonra ATƏT, Minsk Konfransına üzv olan dövlətlərdən ibarət Minsk Qrupu vasitəsilə, münaqişənin həlli məqsədilə səylər göstərməyə başlamışdır. 1992-ci ilin 24 mart tarixində Helsinki şəhərində keçirilmiş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Nazirlər Şurasının Əlavə görüşündə ATƏM-in prinsipləri, öhdəlikləri və müddəaları əsasında münaqişənin sülh yolu ilə həllinə dair danışıqların aparılması üçün davamlı forumun təmin edilməsi məqsədilə ATƏM-in himayəsi altında ən qısa zamanda Minskdə konfransın çağırılmasına dair qərar qəbul olunmuşdur.

 

Münaqişənin həllinin hüquqi və siyasi əsasları beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət edilməsini nəzərdə tutan prinsiplərdə, habelə BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri və ATƏT-in və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarında əks olunmuşlar. Təhlükəsizlik Şurasının qeyd olunan qətnamələri 1993-cü ildə Azərbaycan torpaqlarının işğal olunmasına cavab olaraq qəbul edilmiş və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət edilməli olduğunu bir daha təsdiqləmişdir. Qətnamələr bütün düşmənçi əməllərin dərhal dayandırılmasını və işğalçı qüvvələrin Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmiş, Ermənistanın əməllərini Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olan qanunsuz güc tətbiqi kimi qiymətləndirmişlər.

 

Qətnamələr həmçinin ATƏT-in Minsk Qrupunun və bu qrupun həmsədrlərinin mandatının əsasını formalaşdırmış və münaqişənin nizamlanması üçün çərçivəni təmin etmişdir. Belə ki, 5-6 dekabr 1994-cü il tarixlərində Budapeşt Sammitində qəbul edilmiş qərarda ATƏT-ə üzv dövlətlər, o cümlədən Ermənistan və Azərbaycan da “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiq olduqlarını təsdiq etmiş, ATƏM-in bu münaqişənin dinc yolla nizamlanmasına yönəlmiş səylərinə Təhlükəsizlik Şurası tərəfindən göstərilən siyasi dəstəyi alqışlamışlar”.

 

Buna baxmayaraq, Təhlükəsizlik Şurasının əsas tələbləri, o cümlədən ilk növbədə işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələbi Ermənistan tərəfindən yerinə yetirilməmişdir.

Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistan heç vaxt danışıqlarda səmimi olmamış və bunun əvəzinə Ermənistandan və xaricdən insanların köçürülməsi, tarixi və mədəni irsin məhv edilməsi və mənimsənilməsi, təbii resurslar və digər sərvətlərin istismarı kimi vasitələrlə bütün səylərini atəşkəs və sülh prosesi örtüyü altında zəbt etdiyi əraziləri müstəmləkəyə çevrilməsinə yönəltmişdir.

 

Ermənistanın həyata keçirdiyi təxribatlar, təcavüzkar hərəkətləri və qeyri-qanuni fəaliyyətlərinə müvafiq beynəlxalq qurumların adekvat reaksiya verməməsi onun cəzasızlıq hissini artırmış və bu dövləti silah gücündən istifadə siyasətini davam etdirməyə sövq etmişdir. 

 

2016-ci ilin aprelində və 2020-ci ilin iyulunda Ermənistan Azərbaycana qarşı azərbaycanlı mülki şəxslər və hərbçilər arasında çoxsaylı itkilər, mülki infrastruktur, özəl və dövlət mülkiyyətinin ciddi şəkildə dağıdılması ilə nəticələnən hücumlar həyata keçirmişdir.

 

2020-ci ilin 27 sentyabr tarixində Ermənistanın növbəti hücumu onun otuz ildən çox cəzasız qalmasının məntiqli nəticəsi idi. Həmin gün, cəbhə xətti boyunca Azərbaycan silahlı qüvvələri və yaxınlıqdakı yaşayış məntəqələri iri çaplı silahlar, top və minaatanlardan intensiv atəşə məruz qalmışdır. Nəticədə, dinc sakinlər və hərbiçilər həlak olmuş və yaralanmışdır. Mülki şəxslərin mülkiyyətinə və mülki infrastruktura böyük ziyan vurulmuşdur. Bunun ardınca  döyüş əməliyyatları 44 gün davam etmişdir.

 

Ermənistanın hərbi təcavüzünü dəf etmək, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin dərinliyində mülki şəxslərin və əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri özünümüdafiə hüququ çərçivəsində əks-hücum tədbirləri görmüşdür.

 

Azərbaycan öz suveren torpağında hərəkət etmiş və suverenliyi, ərazi bütövlüyü və mülki əhalisinin təhlükəsizliyinə qarşı yönələn təhlükəni dəf etmək üçün zəruri olan adekvat və mütənasib tədbirlər görmüşdür. Əks-hücum əməliyyatı nəticəsində Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonları, Şuşa şəhəri, Azərbaycanın 300-dən çox şəhər, qəsəbə və kəndi işğaldan azad edilmiş və Ermənistan sülhə məcbur edilmişdir.

 

10 noyabr 2020-ci il tarixində imzalanmış Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı Ermənistan və Azərbaycan arasında olan təxminən otuz illik silahlı münaqişəyə son qoymuşdur. Bu razılaşmanın həyata keçirilməsi bütün hərbi fəaliyyətlərin dayandırılmasını və Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsini təmin etmişdir.

 

Təcavüzə və işğala son qoyulması ədalətin və beynəlxalq hüququn təntənəsi oldu. 2021-ci ilin 11 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev aşağıdakıları bəyan etmişdir: “Ermənistan ilə Azərbaycan arasındakı vəziyyət uzun illər boyu yaranıb və nəticə etibarilə həll edilib. Mən əminəm ki, erməni tərəfi 10 noyabr tarixli Bəyanatı təftiş etmək üçün heç bir cəhd göstərməyəcək, hər iki xalq gələcək barədə və barışıq haqqında fikirləşmək üçün özündə iradə və müdriklik tapacaq”.

 

Aşağıda həmsədrlərinin rəhbərliyi ilə ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həlli prosesi ilə bağlı görüşlərin qeyri-müfəssəl xronologiyası təqdim edilir:  

1991-ci il

 

23 sentyabr – Rusiya və Qazaxıstan prezidentlərinin vasitəçiliyi ilə Jeleznovodsk (Rusiya) şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutmuşdur. Münaqişənin sülh yolu ilə həll edilməsi barədə razılıq əldə olunur.

 

1992-ci il

 

1992-ci ilin 28 fevral tarixində Praqada ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin 7-ci iclasında təxirə salınmadan atəşkəsin bərqərar olunması, yalnız sülh yolu və ümumi razılıq ilə dəyişdirilə bilən bütün daxili və ya xarici sərhədlərin toxunulmazlığına hörmət edilməsi, eləcə də bütün ərazi iddialarından əl çəkilməsi, o cümlədən bütün düşmənçilik təbliğatından çəkinməyə dair tərəflərə çağırış edilmişdir

 

1992-ci ilin 24 mart tarixində Helsinkidə keçirilmiş ATƏM-in Xarici İşlər Nazirləri Şurasının ilk əlavə iclasında Minsk şəhərində ATƏM-in prinsip, öhdəlik və müddəaları əsasında Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar üçün forumu təmin edəcək konfransın çağırılması qərara alınmışdır.

 

1993-cü il

 

1993-cü ilin 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr tarixlərində BMT Təhlükəsizlik Şurası tərəfindən müvafiq olaraq 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edilmişdir. Həmin qətnamələr Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığını bir daha təsdiqləmiş, işğalçı qüvvələrin Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmiş, qaçqın və məcburi köçkünlərin evlərinə qayıdışını təmin etməyə çağırmışdır.

 

1994-cü il

 

1994-cü ilin 12 may tarixində atəşkəsə dair razılıq əldə olunmuşdur.

 

1994-cü ilin 5-6 dekabr tarixlərində Budapeştdə keçirilən Sammit zamanı ATƏM-in dövlət və hökumət başçıları tərəfindən ATƏM çərçivəsində bütün vasitəçilik səylərinin əlaqələndirilməsi üçün Minsk konfransının həmsədrlik institutu təsis edilmişdir. Budapeşt Sammiti ATƏM-in Fəaliyyətdə olan Sədrinə hərbi münaqişənin dayandırılmasına dair siyasi razılaşmanın əldə olunması məqsədilə danışıqların aparılması barədə tapşırıq vermişdir. Sammitin qərarında bu razılaşmanın həyata keçirilməsinin münaqişənin nəticələrini aradan qaldırmalı və Minsk konfransının çağırılmasına imkan yaratmalı olduğu göstərilmişdir. Sammitdə həmçinin tərəflər arasında hərbi münaqişənin dayandırılmasına dair razılıq əldə edildikdən sonra ATƏM-in çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi, habelə sülhməramlı əməliyyata hazırlıq üçün Vyana şəhərində Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) təsis edilməsi ilə bağlı qərar qəbul olunmuşdur. YSPQ daha öncə 1993-cü ilin mayında təsis edilmiş İlkin Əməliyyat Planlaşdırma Qrupunu əvəzləmişdir.

 

1995-ci il

 

1995-ci ilin 23 mart tarixində ATƏT-in Fəaliyyətdə olan Sədri Minsk prosesinin həmsədrlərinin mandatını qəbul etmişdir.

 

1996-cı il

 

1996-cı ilin 2-3 dekabr tarixlərində keçirilən ATƏT-in Lissabon Sammitində ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan Sədri Ermənistan-Azərbaycan münaqişəsinin həllinin əsasını təşkil etməli olan prinsipləri tövsiyə etmişlər.

 

ATƏT-in 54 üzv dövləti arasında Lissabon prinsiplərini dəstəkləməmiş yeganə dövlət Ermənistan olmuşdur.

 

1 yanvar 1997-ci ildə Rusiya, Fransa və ABŞ-dan ibarət olan üçlü həmsədrlik institutu təsis edilmişdir. Minsk konfransına 1992-1993-cü illərdə İtaliya, 1994-1995-ci illərdə İsveç və 1995-1996-cı illərdə Rusiya və Finlandiya sədrlik etmişlər.

 

1997-ci il

 

1997-ci ilin 1 iyun tarixində həmsədrlər Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair hərtərəfli saziş layihəsini təqdim etmişlər. Azərbaycanın həmin sənəd əsasında konstruktiv məsləhətləşmələrə başlamağa hazır olmasına baxmayaraq, erməni tərəfi təklif olunan yanaşmanı rədd etmişdir.

 

1997-ci ilin sentyabrında həmsədrlər münaqişənin nizamlanması üçün “mərhələli həllə” əsaslanan yeni təkliflər təqdim etmişlər.

 

1997-ci ilin 10 oktyabr tarixində Strasburqda Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanatla çıxış edərək, “həmsədrlərin son təkliflərinin Minsk Qrupu çərçivəsində danışıqların bərpa edilməsi üçün ümidverici əsas olduğunu” bildirmişlər. Lakin, 1998-ci ilin fevral ayında Ermənistan Prezidenti Levon Ter-Petrosyan istefa verməyə məcbur edildikdən və 1998-ci ilin mart ayında Robert Köçəryan hakimiyyəti ələ keçirdikdən sonra, Ermənistan rəsmi olaraq, münaqişənin “mərhələli həlli” təkliflərinə dair razılığını geri götürmüşdür.

 

1998-ci il

 

1998-ci ilin 9 noyabr tarixində həmsədrlər “ümumi dövlət” konsepsiyasına əsaslanan təklif irəli sürmuşlər.  Azərbaycan bu təklifi onun suverenliyi və Lissabon prinsiplərinə zidd olması səbəbindən rədd etmişdir.

 

1999-2001-ci illər

 

1999-2001-ci illərdə Azərbaycan və Ermənistan prezidentləri arasında 20-dən çox görüş keçirilmiş, lakin bu görüşlər nəticəsiz qalmışdır.

 

 

2002-ci il

 

2002-ci ilin mart ayında ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə səfər zamanı danışıqlar prosesinin Azərbaycan və Ermənistan prezidentlərinin xüsusi nümayəndələri səviyyəsində davam etdirilməsi təklifini irəli sürmüşlər. Bu təklif hər iki dövlət başçısı tərəfindən qəbul olunmuşdur.

 

2002-ci ilin 13-15 mart və 29-30 iyul tarixlərində Praqa şəhəri yaxınlığında hər iki dövlət başçısının xüsusi nümayəndələrinin iki görüşü keçirilmişdir.

 

2004-ci il

 

2004-cü ildən etibarən “Praqa prosesi” çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında birbaşa danışıqlar başlamışdır.

 

2005-ci il

 

2005-ci ilin 25 yanvar tarixində Avropa Şurasının Parlament Assambleyası 1416 saylı qətnamə qəbul etmişdir. Parlament Assambleyası Azərbaycan ərazisinin böyük bir hissəsinin işğal olunduğunu təsdiqləmiş, etnik düşmənçilik və onu müşayiət edən hərbi əməliyyatlar nəticəsində çoxlu sayda insanın etnik əsasda qovulması və etnik təmizləmə kimi dəhşətli konsepsiyanı xatırladan monoetnik ərazilərin yaradılmasına dair narahatlığını ifadə etmişdir. Assambleya Avropa Şurasının üzvü olan bir dövlətin digər dövlətin ərazisini işğal etməsinin həmin dövlətin üzvlük öhdəliklərini kobud şəkildə pozuntusu olduğunu açıq şəkildə bəyan edərək, münaqişə zonasından didərgin düşmüş şəxslərin təhlükəsiz və ləyaqətlə öz evlərinə geri qayıtmaq hüququnu bir daha təsdiq etmişdir. Assambleya həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini xatırladaraq, münaqişə tərəflərini onları yerinə yetirməyə, xüsusilə də işğal olunmuş ərazilərdən hərbi qüvvələri çıxarmağa çağırmışdır.

 

2005-ci il yanvarın 30-dan fevralın 5-dək ATƏT-in Minsk Qrupunun missiyası faktların araşdırılması məqsədilə işğal olunmuş ərazilərə səfər etmişdir. Bu səfər Azərbaycan Respublikasının təşəbbüsü və BMT Baş Assambleyasının 59-cu sessiyasının gündəliyinə daxil edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndinin nəzərdən keçirilməsi çərçivəsində baş tutmuşdur.

 

Minsk Qrupunun missiyası işğal olunmuş ərazilərdə əhalinin köçürülmə prosesini aşkarlamış və Azərbaycanın bu məsələ ilə bağlı narahatlığını təsdiqləmişdir. Səfərdən sonra missiya Azərbaycan tərəfindən təqdim olunmuş və missiya tərəfindən yerində toplanmış ətraflı məlumatlar əsasında hesabat hazırlamışdır.

 

ATƏT-in Minsk Qrupunun həmsədrləri “danışıqlar yolu ilə nizamlamaya nail olmaq üçün gələcək səyləri daha da çətinləşdirdiyi” üçün işğal edilmiş ərazilərin demoqrafik strukturunda dəyişikliklərdən çəkinməyin zəruri olduğunu bildirmişlər. Bununla əlaqədar, həmsədrlər aşağıdakıları vurğulamışlar: “işğal olunmuş ərazilərdə [məskunlaşanlar] daha çox qaldıqca, onların indiki yaşayış yerlərinə bağlılıqları dərinləşəcəkdir” və “bu vəziyyətin uzun müddət davam etməsi sülh prosesini ciddi şəkildə çətinləşdirəcək fait accompli vəziyyətinə gətirib çıxara bilər”.

 

2006-cı il

 

2006-cı ilin may ayında ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin müavinləri bölgəyə səfər etmişdir. Səfərin nəticəsi olaraq, 2006-cı ilin 22 iyun tarixində ATƏT-in Minsk Qrupu həmsədrlərinin ATƏT-in Daimi Şurasına təqdim etdikləri məruzədə danışıqların münaqişənin bütün aspektlərinin bir dəfəyə həlli əvəzinə daha asanlıqla razılaşdırılan məsələlərdə irəliləyişin əldə olunması və çətin məsələləri gələcək danışıqlara saxlanılması əsasında davam etdirməyi tövsiyə etmişlər.

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi münaqişənin nizamlanması ilə bağlı bəyanatında Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, münaqişə zonasının demilitarizasiya olunması və zorla didərgin salınmış azərbaycanlı əhalinin öz evlərinə qayıtmasının vacibliyini vurğulamışdır.

 

2007-ci il

 

2007-ci ilin 9 iyun tarixində Azərbaycan və Ermənistan prezidentləri Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin başçılarının görüşü çərçivəsində Sankt-Peterburqda görüşmüşlər. Ümumilikdə, 2003-2007-ci illərdə Azərbaycan və Ermənistan prezidentləri arasında 9 görüş keçirilmişdir.

 

2007-ci ilin 13 iyul tarixində ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat verərək, digər məsələlərlə yanaşı, Azərbaycan və Ermənistanın bir qrup ziyalısının Bakı və Yerevana, eləcə də Azərbaycanın münaqişəyə məruz qalmış bölgələrinə birgə səfərinin təşkili təşəbbüsünü ilk konkret etimad quruculuğu tədbiri alqışladıqlarını və təqdir etdiklərini bildirmişlər. Buna baxmayaraq, Ermənistanın pozucu mövqeyi səbəbindən bu səfərlər sonradan davam etməmişdir. 

 

2008-ci il

 

2008-ci ilin 2 noyabr tarixində Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının prezidentləri Moskva Bəyannaməsini imzalamışlar. Bəyannamədə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də bu çərçivədə qəbul edilmiş qərar və sənədlər, o cümlədən 1993-cü il BMT Təhlükəsizlik Şurasının, həmçinin 2006 və 2008-ci il BMT Baş Assambleyasının qətnamələri əsasında nizamlanmalı olduğu göstərilmişdir. Sənəddə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan həllinin regionda iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradacağı bəyan olunmuşdur.

 

2009-cu il

 

2009-cu ildə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə aparılan danışıqlar intensivləşmişdir. Belə ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentləri 6 dəfə, Ermənistan və Azərbaycan xarici işlər nazirləri isə 3 dəfə görüş keçirmişlər.

 

2009-cu ilin iyul ayında “Böyük səkkizlər”in Akvil Sammitində həmsədr dövlətlərin prezidentləri birgə bəyanat vermişlər.

 

Bəyanatda həmsədr dövlətlərin liderləri Ermənistan və Azərbaycan prezidentlərinə 2007-ci ilin noyabr tarixli Madrid sənədinin yenilənmiş versiyasının təqdim edilməsi barədə vasitəçilərə tapşırıq verdiklərini  qeyd etmişlər.

 

2009-cu ilin 1-2 dekabr tarixlərində Afinada ATƏT-in Nazirlər Şurasının 17-ci iclası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndələri – Rusiya və Fransanın xarici işlər nazirləri, eləcə də ABŞ Dövlət Katibinin müavini birgə bəyanatla çıxış etmiş  və ATƏT-in Nazirlər Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair Bəyanat qəbul etmişdir. Sözügedən bəyanatlarda münaqişənin nizamlanması prosesinin vacib elementləri kimi tərəflər arasında imzalanmış Moskva Bəyannaməsi və Helsinki Yekun Aktında təsbit olunmuş baza prinsiplərinə istinad olunmuşdur.

 

2010-cu il


2010-cu il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar davam etdirilmişdir. Danışıqlar 2009-cu ilin dekabrında Minsk Qrupunun həmsədrləri tərəfindən təqdim edilmiş yenilənmiş Madrid prinsipləri əsasında aparılmışdır.

 

2010-cu il ərzində Rusiya Prezidenti Dmitriy Medvedevin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının prezidenti arasında 25 yanvar tarixində Soçidə, 17 iyun tarixində Sankt-Peterburqda və 27 oktyabr tarixində Həştərxanda üç görüş keçirilmişdir. Görüşlər nəticəsində tərəflər hərbi əsir və girovların, həmçinin, atəşkəs rejiminin pozulması nəticəsində həlak olmuş şəxslərin cəsədlərinin qaytarılmasına dair birgə bəyanat qəbul etmişlər. Bu danışıqlardan sonra Ermənistan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və digər hərbçi Fərid Əhmədovun cəsədlərini qaytarmış və bununla da onların torpağa tapşırılması mümkün olmuşdur.

 

2010-cu ildə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında 5 görüş keçirilmişdir: 17 iyul tarixində Almatıda, 6 noyabrda Moskvada, 19 noyabrda Lissabonda, 22 noyabr və 22  dekabrda Moskvada görüşlər keçirilmişdir.

 

2010-cu ilin 26 iyun tarixində ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərin başçılarının Kanadanın Muskoka şəhərində verdiyi bəyanatda işğal edilmiş ərazilərin azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması kimi addımları nəzərdə tutan mərhələli həll modelinin əhəmiyyəti qeyd olunmuşdur.

 

2010-ci ilin 7-12 oktyabr tarixlərində Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistanın davam edən qeyri-qanuni fəaliyyətləri, o cümlədən qanunsuz məskunlaşdırma, bu ərazilərin iqtisadi istismarı və viran edilməsi ilə bağlı Azərbaycanın müraciəti əsasında ATƏT-in Minsk Qrupunun həmsədrləri işğal edilmiş ərazilərə orada ümumi vəziyyətin qiymətləndirilməsi məqsədilə Sahə Qiymətləndirmə Missiyasını (SQM) həyata keçirmişlər. SQM bir daha Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması siyasətinin davam etdirildiyini, həmçinin infrastruktur dəyişikliklərin və qanunsuz iqtisadi fəaliyyətlərin həyata keçirildiyini aşkarlamışdır. SQM-nin hesabatı işğal olunmuş ərazilərdə status kvo vəziyyətinin qəbul olunmazlığını və Azərbaycanın işğal olunmuş ərazilərində bütün qanunsuz fəaliyyətlərə son qoyulmalı olduğunu bildirmişdir.

 

2010-cu ilin 1-2 dekabr tarixlərində Qazaxıstanın Astana şəhərində keçirilmiş ATƏT-in Sammiti çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları və Azərbaycan və Ermənistan prezidentləri tərəfindən qəbul olunmuş birgə bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn prinsip və normaları, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı,  həmsədr dövlətlərin prezidentlərinin 2009-cu ilin 10 iyul tarixli Akvil və 2010-cu ilin 26 iyun tarixli Muskoka bəyanatları əsasında həllinin vacibliyi bir daha vurğulanmışdır.

 

2011-ci il

 

2011-ci ildə Ermənistan və Azərbaycan prezidentləri Rusiya Federasiyasının Prezidenti D.Medvedyevin dəvəti ilə 5 martda Soçidə və 24 iyunda Kazanda – iki görüş keçirmişlər. Görüşlər Ermənistanın status kvonu davam etdirmək və “fait accompli” vəziyyətini yeritmək ilə bağlı qeyri-konstruktiv mövqeyinə görə nəticəsiz başa çatmışdır. Bundan əlavə, 29 sentyabrda Prezident İlham Əliyev Varşavada ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi ilə görüşmüşdür.

 

2012-ci il

 

2012-ci ilin 23 yanvar tarixində Ermənistan və Azərbaycan prezidentləri Rusiya Federasiyasının Prezidenti D.Medvedyevin dəvəti ilə Soçidə görüş keçirmişlər. Qəbul olunmuş birgə bəyanatda, Yekun Sülh Sazişi üzrə işin başlanmasının vacibliyi vurğulanmış və bu məqsədlə Azərbaycan və Ermənistan prezidentlərinin baza prinsipləri üzrə razılaşmanı sürətləndirməyə hazır olduqlarını qeyd etmişlər.

 

2012-ci ilin 14 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri ATƏT-in Fəaliyyətdə olan Sədri ilə görüş keçirmişdir. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olunmuşdur. Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərindən çıxarılmasından sonra yalnız sülh prosesinin irəliləməsi üçün şəraitin yaranacağını vurğulamışdır.  

 

2012-ci ilin 27 sentyabr tarixində Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş keçirmişdir. Görüşdə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən Ermənistan Respublikasının silahlı qüvvələrinin çıxarılmaması və Ermənistanın status kvo vəziyyətinin uzadılması cəhdləri nəticəsində danışıqlar prosesində durğunluğun yarandığı vurğulanmışdır. Azərbaycan tərəfi Ermənistanın status kvonun saxlanması üçün bütün bəhanələrə əl atdığını bildirmişdir. ATƏT-in Minsk Qrupunun həmsədrləri öz ölkələrinin prezidentlərinin verdiyi bəyanatlarını bir daha təsdiq edərək, status kvo vəziyyətinin qəbuledilməz olduğunu vurğulamışlar. Azərbaycanın xarici işlər naziri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qaldığı müddətdə regionda sülhün, təhlükəsizliyin və sabitliyin təhdid altında olacağını həmsədrlərin bir daha diqqətinə çatdırmışdır.  

 

2012-ci ilin 27 oktyabr tarixində Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilmişdir. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan Sədrinin xüsusi nümayəndəsi iştirak etmişlər. Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı vəziyyətlə əlaqədar narahatçılıq bildirilmişdir. Həmçinin mövcud status kvo vəziyyətinin dəyişdirilməsinin zəruriliyi və münaqişənin həlli prosesində yaranmış durğunluqdan çıxış yolları ətrafında müzakirələr aparılmışdır.

 

2013-cü il

 

2013-cü ilin 4 mart tarixində Azərbaycan xarici işlər naziri ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan Sədrinin xüsusi nümayəndəsi ilə görüş keçirmişdir. Görüş zamanı həmsədrlər regiondakı “status-quo” vəziyyətinin qəbulolunmaz olduğunu bir daha vurğulamışlar. Azərbaycanın xarici işlər naziri Ermənistanın qeyri-konstruktiv mövqeyinin münaqişənin həllinə mane olduğunu qeyd edərək, sülh prosesinin irəliləməsi və bütün regionda sülh və sabitliyin bərqərar olunmasına zəmin yaradılması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruri olduğunu bir daha vurğulamışdır.

 

2013-cü ilin 17 may tarixində Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə birgə görüş keçirmişlər. ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi də görüşdə iştirak etmişdir. Görüşdə danışıqlar prosesinin irəliləməsi üçün mümkün yollar müzakirə edilmişdir. Həmsədrlər sülh prosesinə zərbə vuracaq və gərginliyi artıra biləcək çağırış və addımlardan çəkinməyin zəruriliyini bir daha təkrarlamış və xarici işlər nazirləri ilə barışıq mühitinin yaradılmasına zəmin yaradacaq mümkün tədbirləri müzakirə etmişlər.

 

2013-cü ilin 19 noyabr tarixində Vyana şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutmuşdur. Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi də iştirak etmişdir. Prezidentlər təkbətək görüşdə, sonra isə həmsədrlər və nazirlərin iştirakı ilə aparılan məsləhətləşmələrdə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı məsələlərin geniş spektrini müzakirə etmişlər. Prezidentlər münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmağa yönəldilmiş gələcək danışıqlara təkan vermək barədə razılığa gəlmiş, sülh prosesinin intensivləşdirilməsi üçün daha əvvəl görülən iş əsasında xarici işlər nazirlərinə həmsədrlərlə birlikdə işi davam etdirməyi tapşırmışlar.

 

2013-cü ilin 4 dekabr tarixində ATƏT-in 21-ci Nazirlər Şurasının iclası çərçivəsində  Azərbaycanın xarici işlər naziri ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşmüşdür. Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin qarşıdan gələn ildə bu istiqamətdə plan və təklifləri ətrafında müzakirələr aparılmışdır. Azərbaycan tərəfi öz mövqeyini bir daha təkrarlayaraq vurğulamışdır ki, Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. 

 

2014-cü il

 

2014-cü il ərzində Azərbaycan və Ermənistan prezidentləri üç dəfə görüş keçirmişlər. Birinci görüş Rusiya Prezidentinin vasitəçiliyi ilə 10 avqust tarixində Soçi şəhərində, ikincisi ABŞ-ın Dövlət katibinin vasitəçiliyi ilə 4 sentyabr tarixində Uelsin Nyuport şəhərində, üçüncüsü isə Fransa Prezidenti vasitəçiliyi ilə 27 oktyabr tarixində Paris şəhərində baş tutmuşdur.

 

Lakin, intensivləşmiş danışıqlar prosesi fonunda Ermənistan bir daha təxribatlara əl atmaq yolunu seçmişdir. Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində genişmiqyaslı təlimlər təşkil etmişdir. Ermənistan hava qüvvələrinin təmas xəttində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə qarşı həyata keçirdiyi hərbi təxribatı Ermənistanın helikopterlərindən birinin vurulması ilə nəticələnmişdir.

 

2014-cü ilin 22 iyul tarixində Azərbaycanın xarici işlər naziri Brüsseldə Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşü çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmüşdür. Görüşdə münaqişənin həlli prosesinin sürətləndirilməsi yolları müzakirə edilmişdir.

 

2015-ci il

 

2015-ci ilin 23 yanvar tarixində Azərbaycanın xarici işlər naziri ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri ilə görüşmüşdür. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi, həmçinin regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

 

2015-ci ilin 27 yanvar tarixində Azərbaycanın xarici işlər nazirinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi ilə Krakov şəhərində görüşü baş tutmuşdur.

 

Azərbaycanın xarici işlər naziri Ermənistan-Azərbaycan münaqişəsinin həllinin uzanmasının regionda davamlı sülh və sabitliyin bərqərar olmasına əsas əngəl olduğunu qeyd etmiş və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğulamışdır. Xarici işlər naziri Ermənistan siyasi rəhbərliyinin danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutduğunu bildirərək, ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanması prosesində aktivliyinin artırılmasının vacibliyini qeyd etmişdir.

 

2015-ci ilin 16 fevral tarixində Azərbaycanın xarici işlər naziri Azərbaycanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmüşdür. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılmışdır. Xarici işlər naziri atəşkəsin pozulması hallarından danışarkən ilk növbədə, beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı dörd qətnaməsinin tələblərinə uyğun olaraq, həmsədrlər tərəfindən Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının tələb olunmasının vacibliyini vurğulamışdır.

 

2015-ci ilin 1 iyun tarixində Azərbaycanın xarici işlər naziri ATƏT-in Fəaliyyətdə olan Sədri, Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiçi ilə görüşmüşdür. Görüş zamanı nazir Ermənistan-Azərbaycan münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında həllinin mümkün olduğunu nəzərə çatdırmışdır.

 

2015-ci ilin 25 sentyabr tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Azərbaycan xarici işlər naziri ATƏT Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Ermənistanın xarici işlər naziri ilə görüşmüşdür. Azərbaycan tərəfi Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar Azərbaycanın yuxarıda qeyd olunan mövqeyi bir daha vurğulamışdır.  

2016-cı il

 

2016-cı ilin 17 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri ATƏT-in Fəaliyyətdə olan Sədrinin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar haqqında məlumat verən xarici işlər naziri Ermənistanın əsl məqsədinin müxtəlif təxribatçı əməllərlə danışıqlar prosesinə xələl gətirmək, işğal və təcavüzə əsaslanan mövcud status kvonu davam etdirmək və sonda Azərbaycan ərazilərini ilhaq etmək olduğunu bildirmişdir. Həmsədrlərin nəzərə çatdırılmışdır ki, Ermənistan insidentlərin araşdırılması kimi texniki məsələni qəsdən gündəmə gətirməklə münaqişənin həllindən diqqəti yayındırmağa çalışır.

 

Xarici işlər naziri münaqişənin həlli üçün lazımi şərtləri həmsədrlərin diqqətinə çatdırmışdır: BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində göstərildiyi kimi Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünə son qoymalı və silahlı qüvvələrini bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır; Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır. 

 

2016-cı ilin 22 sentyabr tarixində BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmüşdür. Görüşdə danışıqların intensivləşdirilməsi ətrafında müzakirələr aparılmışdır. Azərbaycan tərəfi Ermənistanın son təxribat əməllərinin, o cümlədən Azərbaycanın işğal olunmuş Ağdam rayonunda həyata keçirdiyi hərbi təlimlərin danışıqlar prosesini pozmaq məqsədi daşıdığını bildirmişdir.

 

2017-ci il

 

2017-ci ilin 19 iyun tarixində Azərbaycanın xarici işlər naziri ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan Sədrinin xüsusi nümayəndəsi ilə görüşmüşdür. Görüşdə dayanaqsız və qəbuledilməz olan status kvo vəziyyətinin dəyişdirilməsi üçün substantiv danışıqların zəruriliyi vurğulanmışdır. Nazir Ermənistanın təmas xəttində törətdiyi son təxribatlara diqqəti çəkərək, Ermənistanın bu kimi təxribatlar və vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirilməsi yolu ilə danışıqlar prosesini pozduğunu qeyd etmişdir. Azərbaycan tərəfi Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər, mədəni irs abidələrinin məhv edilməsi və qanunsuz uçuşların təşkil edilməsi kimi məsələlərə toxunmuşdur. Nazir əlavə etmişdir ki, Ermənistanın işğal olunmuş ərazilərdə həyata keçirdiyi bu kimi qeyri-qanuni fəaliyyətlər münaqişənin həlli üzrə danışıqlara ciddi maneə təşkil edir.

 

2017-ci ilin 23 sentyabr tarixində BMT Baş Assambleyasının 72-ci sessiyası əsnasında Azərbaycan Respublikasının xarici işlər naziri ATƏT-in Baş katibi ilə görüşmüşdür.

 

Azərbaycanın xarici işlər naziri münaqişə üzrə danışıqlar prosesinin son vəziyyətinə dair ətraflı məlumat vermiş və ATƏT-in Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status kvo vəziyyətinin qəbuledilməz və dayanaqsız olması faktını qəbul etdiyini qeyd edərək, münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirmişdir. Nazir güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulamışdır. Bundan əlavə, nazir münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll edilməli olduğunu bir daha qeyd etmişdir.

 

Həmçinin, xarici işlər naziri BMT Baş Assambleyasının sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmüşdür.

 

2017-ci ilin 25 sentyabr tarixində xarici işlər naziri BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Ermənistan xarici işlər naziri ilə görüş keçirmişdir.

 

2018-ci il

 

2018-ci ilin 11 iyul tarixində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüsseldə görüşü baş tutmuşdur. Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunmuşdur.

 

2018-ci ilin 28 sentyabr tarixində Düşənbədə MDB Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında söhbət baş tutmuşdur. Tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması, təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildirmişlər.

 

2018-ci ilin 5 dekabr tarixində Milanda Azərbaycan Respublikasının xarici işlər naziri ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri vəzifəsini icra edən ilə görüş baş tutmuşdur.

 

2019-cu il

 

2019-cu ilin 16 yanvar tarixində Parisdə  Azərbaycan Respublikasının xarici işlər nazirinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri vəzifəsini icra edən ilə görüşü baş tutmuşdur.

 

2019-cu ilin 22 yanvar tarixində Davos Dünya İqtisadi Forumu əsnasında Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü baş tutmuşdur. Azərbaycan və Ermənistan liderləri Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin cari vəziyyətini müzakirə etmişlər.

 

2019-cu ilin 29 mart tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün görüşü baş tutmuşdur. Görüş əvvəlcə təkbətək keçirilib, daha sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə davam etmişdir.

 

2019-cu ilin 15 aprel tarixində Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsünə əsasən, Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında işçi görüş keçirilmişdir. Görüşdə həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrləri  iştirak etmişdir. Nazirlər Ermənistan-Azərbaycan münaqişəsinin həllini, xüsusilə də danışıqlar prosesinin irəli aparılması, münaqişə zonasında gərginliyin azaldılması, həmçinin humanitar sahədə mümkün əməkdaşlıq, insanlararası təmasların qurulması və KİV nümayəndələrinin qarşılıqlı səfərləri istiqamətində addımların atılmasını müzakirə etmişlər.

 

2019-cu ilin 20 iyun tarixində Vaşinqton şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilmişdir. Görüşdə həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrləri  iştirak etmişdir. Görüş zamanı nazirlərin bundan öncəki Paris və Moskva görüşləri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi müzakirə edilmişdir.

 

2019-cu ilin 23 sentyabr tarixində Nyu York şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə görüş keçirilmişdir.

 

2019-cu ilin 5 dekabr tarixində Bratislavada keçirilən ATƏT-in nazirlər toplantısı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçirilmişdir. Tərəflər münaqişənin həlli prosesini və onun mümkün irəliləmə yollarını müzakirə etmişlər.

 

2020-ci il

 

2020-ci ilin 28-30 yanvar tarixlərində Cenevrədə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə görüşü baş tutmuşdur. Tərəflər həmsədrlərin təqdim etdiyi  gündəlik üzrə müzakirələr aparmışdır.  Bu sırada ilk olaraq, 2019-cu il ərzində müzakirə olunmuş təkliflər və əldə olunmuş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi, ikinci, münaqişənin tənzimlənməsinin baza prinsipləri və elementləri, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının müddəaları və prinsipləri əsasında həlli və nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələləri müzakirə olunmuşdur.

 

2020-ci ilin 18 may tarixində Azərbaycan Respublikası xarici işlər naziri ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə video-konfrans formatında görüş keçirilmiş, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyəti, eləcə də pandemiya sonrası dövrdə, qarşıdan gələn aylarda atılacaq addımlar müzakirə edilmişdir.

 

2020-ci ilin 30 iyun tarixində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in  Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə video konfrans formatında görüşü baş tutmuşdur. Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesinin vəziyyətini müzakirə etmişlər. Azərbaycan tərəfi Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən Azərbaycanın işğal edilmiş ərazilərində infrastruktur dəyişiklikləri ilə bağlı məsələləri qaldırmışdır. Həmsədrlər son zamanlar aqressiv ritorikanın artdığını qeyd etmişlər. Azərbaycanın xarici işlər naziri Ermənistanın təxribat xarakterli hərəkətlərinin ritorikanın artmasına səbəb olduğunu vurğulamışdır.

 

24 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda etdiyi çıxışında, digər məsələlərlə ilə yanaşı Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğunu regional sülhə və təhlükəsizliyə böyük təhdid olaraq qaldığını bəyan etmişdir. Ermənistanın sülh prosesini pozmaq cəhdlərinin davam etməsindən danışan Azərbaycan Respublikasının Prezidenti BMT-yə üzv dövlətlərin diqqətini bu ölkənin düşmənçilik, Azərbaycanofobiya bəyanatları, təmas xətti və Ermənistan-Azərbaycan sərhədində çoxsaylı təxribatlara yönəltmişdir.

 

ATƏT-in Minsk Qrupu həmsədrinin fəaliyyətinin hələ heç bir nəticə verməməsindən təəssüfləndiyini bildirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunları aşağıdakıları bildirmişdir: “Danışıqlar imitasiya naminə aparılmamalı, nəticəyönümlü və məzmunlu olmalıdır. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulanmışdır. Biz həmin bəyanatları alqışlayırıq, lakin bəyanatlar kifayət etmir. Bizim real addımlara ehtiyacımız var. Otuz ilə yaxın danışıqlar prosesində iştirakımız sülhə sadiqliyimizin bariz nümunəsidir. ATƏT-in Minsk Qrupunun bütün 11 üzvü prosesdə fəal iştirak etməlidir.”

 

2020-ci ilin 8 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirdiyi görüşdə 2020-ci ilin 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı hücumu nəticəsində başlamış geniş miqyaslı müharibə ilə əlaqədar yaranmış vəziyyəti müzakirə edilmişdir. Nazir münaqişənin həllinə dair Azərbaycanın mövqeyini həmsədrlərin diqqətinə çatdırmışdır.

 

2020-ci ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilmiş üçtərəfli görüşdən sonra Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının xarici işlər nazirlərinin birgə bəyanatı qəbul olunaraq, 2020-ci ilin 10 oktyabr tarixindən etibarən humanitar məqsədlərlə hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs razılaşdırılmışdır.

 

2020-ci ilin 17 oktyabr tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında 18 oktyabr tarixindən etibarən müvəqqəti humanitar atəşkəs barədə razılıq əldə olunmuşdur. Bu qərar ATƏT-in Minsk Qrupu həmsədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həmsədrlərinin 5 oktyabr tarixli bəyanatının ardınca və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilmişdir.

 

2020-ci ilin 23 oktyabr tarixində Vaşinqtona səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilmişdir.
Görüş zamanı nazir Ceyhun Bayramov Ermənistan tərəfinin humanitar atəşkəsi iki dəfə pozduğu, azərbaycanlı mülki əhalini məqsədyönlü və davamlı şəkildə atəşə tutduğu və münaqişə zonasından kənarda yerləşən şəhərləri və yaşayış məntəqələrini raket hücumuna məruz qoyduğunu bildirmişdir. Nazir Ermənistan rəhbərliyinin münaqişənin diplomatik həllini istisna edən bəyanatını həmsədrlərin diqqətinə çatdırmış, bütün bu addımlar və bəyanatların Ermənistan tərəfinin destruktiv siyasətini bir daha aydın şəkildə nümayiş etdirdiyini vurğulamışdır.

 

2020-ci ilin 24 oktyabr tarixində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ABŞ Dövlət katibinin müavini Stefen Biqanla görüşündən sonra Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında 26 oktyabr tarixindən etibarən 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq humanitar atəşkəs barədə razılıq əldə edilmişdir.

 

2020-ci ilin 30 oktyabr tarixində xarici işlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü baş tutmuşdur. Görüş zamanı nazir Azərbaycanın mövqeyi barədə qarşı tərəfə məlumat verərək, Ermənistanın destruktiv əməlləri, mülki şəxslərin və yaşayış məntəqələrinin hədəfə alındığı, dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edildiyi və müharibə cinayətlərinin törədildiyini qarşı tərəfin diqqətinə çatdırmışdır.

 

Daha sonra Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü baş tutmuşdur. Görüş zamanı nazir Ceyhun Bayramov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq təşkilatların qərar və sənədləri əsasında həllinə dair Azərbaycanın mövqeyini təqdim etmişdir. Humanitar tədbirlərdən bəhs edən nazir Ceyhun Bayramov Azərbaycanın sərgilədiyi konstruktiv yanaşmanı vurğulamışdır. Bu xüsusda, Azərbaycan tərəfindən birtərəfli qaydada cəsədlərin, habelə ahıl erməni qadınının Ermənistan tərəfinə təhvil verildiyini qeyd etmişdir. Nazir Ceyhun Bayramov, həmçinin, Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki şəxsləri və yaşayış məntəqələrini məqsədli şəkildə atəşə tutmasının qəbuledilməz olduğunu vurğulamışdır.

 

2020-ci ilin 10 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə bəyanat[1] qəbul etmişlər. Bəyanat Ermənistan ilə Azərbaycan arasında təxminən 30 illik hərbi münaqişəyə son qoymuşdur.

 

[1] Üçtərəfli Bəyanatın mətni internet səhifəsinin müvafiq hissəsindən əldə oluna bilər.  



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti