Ermənistanın Azərbaycana qarşı təcavüzü
Ermənistanın Azərbaycana qarşı təcavüzü
Təcavüzün xronologiyası

Təcavüzün xronologiyası[1]

 

1987

 

1987-ci ilin sonunda (noyabr-dekabr) Ermənistanda yaşayan azərbaycanlılara qarşı ilk sistematik hücumlar başlanmış və azərbaycanlı qaçqınların axını ilə nəticələnmişdir. Eyni zamanda, Ermənistanın təhriki ilə Azərbaycanın Xankəndi şəhərində azərbaycanlılara qarşı hücumlar törədilmişdir;

 

1988

 

20 fevral - Ermənistan SSR hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ  Muxtar Vilayətinin (DQMV)[2] Xalq Soveti deputatlarının sessiyasında erməni nümayəndələri tərəfindən DQMV-nin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə vəsatət vermək barədə qərar qəbul edilmişdir;

 

22 fevral - Xankəndi-Ağdam yolunda Əsgəran qəsəbəsinin yaxınlığında erməni millətçiləri DQMV-nin Xalq Sovetinin yuxarıda qeyd olunan qərarına etiraz edən azərbaycanlıların dinc nümayişini atəşə tutmuşlar. Nəticədə iki gənc azərbaycanlı həlak olmuşdur;

 

27-29 noyabr - Ermənistan SSR-in Quqark, Spitak və Stepanavan şəhərlərində azərbaycanlılara qarşı törədilmiş basqınlar nəticəsində 33 azərbaycanlı öldürülmüşdür. 1988-1989-cu illər ərzində Ermənistan hökuməti azərbaycanlıları Ermənistanı tərk etməyə məcbur etmişdir. Kütləvi deportasiya zamanı ən azı 216 azərbaycanlı öldürülmüş və 1154 nəfər yaralanmışdır. Ermənistandan sayı təxminən 250 000 nəfər təşkil edən qaçqınlar Azərbaycana gəlməyə başlamışlar;

 

1989

 

7 iyul - Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi azərbaycanlı mülki şəxslərin ölümü ilə nəticələnmiş silahlı atəşə məruz qalması;

 

11 iyul - Xankəndidə azərbaycanlılara qarşı mülki şəxslər arasında itkilərlə nəticələnmiş silahlı hücumlar; 

 

29 iyul - Azərbaycandan Ermənistana gedən qatarlar Ermənistan ərazisində basqınlara məruz qaldığına görə onların hərəkəti kəsilmişdir. Ermənistan Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı blokada tətbiq etməyə başlayır;

 

3-21 sentyabr - Azərbaycan SSR DQMV-də yaşayan azərbaycanlılara qarşı terror aktları silsiləsi, Xankəndidə azərbaycanlıların öldürülməsi və evlərinin yandırılması;

 

16 sentyabr – Tbilisi-Bakı marşrut avtobusunda törədilmiş terror aktı nəticəsində 5 nəfərin həlak olması, 25 nəfərin yaralanması;

 

 

1 dekabr - Ermənistan SSR Ali Soveti Ermənistan SSR və Azərbaycan SSR-in DQMV-ni birləşdirmək haqqında qeyri-qanuni qərar qəbul etmişdir;

 

Dekabrın birinci və ikinci ongünlüyü - Ermənistan SSR ilə sərhəddə yerləşən Azərbaycan SSR-in kəndlərinə qarşı çoxsaylı hücumlar törədilmiş, Ermənistandan silahlı döyüşçülər Azərbaycanın Goranboy və Göygöl rayonları ərazisinə daxil olmuşlar;

 

1990

 

15 yanvar - Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin Ermənistan tərəfindən işğalı[3];

 

19 yanvar - Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək kəndinin hücuma məruz qalması;

 

13 fevral - Şuşa-Bakı sərnişin avtobusunun partladılması nəticəsində 13 azərbaycanlının yaralanması;

 

24 mart - Erməni silahlılar tərəfindən Qazax rayonunun sərhədyanı Bağanis Ayrım kəndinə dinc əhalinin öldürülməsi ilə nəticələnən silahlı hücum;

 

10 avqust - Xanlarda sərnişin avtobusunun partladılması nəticəsində 17 nəfərin həlak olması və 16 nəfərin yaralanması;

 

10 avqust - Tbilisi-Ağdam sərnişin avtobusunun partladılması nəticəsində 20 nəfərin həlak olması və 30 nəfərin yaralanması;

 

30 noyabr - Şuşadan Xankəndiyə Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarını daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 2 nəfərin yaralanması;

 

1991

 

Sentyabr - Ermənistan silahlı qüvvələri Goranboy rayonunun qərb hissəsinə hücum edərək bir sıra yaşayış məntəqələrini işğal etmişlər;

 

Oktyabr-Noyabr - Ermənistan silahlı qüvvələri Xocavənd rayonu və Hadrut qəsəbəsindəki azərbaycanlı əhaliyə qarşı silahlı hücumlara başlamışdır. Təxminən 30 kənd işğal və viran edilmiş, sakinlər evlərindən qovulmuşdur;

 

20 Noyabr - Erməni terrorçular Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycanın yüksək səviyyəli rəsmilərini, habelə Rusiya və Qazaxıstandan bir qrup yüksək vəzifəli məmurlarını daşıyan "MI-8" mülki helikopterinə atəş açmışlar. Nəticədə 22 nəfərin öldürülməsi Jeleznovodskda (23 sentyabr 1991) Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli məqsədilə edilən ilk səylərə zərbə vurmuş və zorakılığın daha da artmasına gətirib çıxarmışdır;

 

Dekabrın sonu - Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə və Xocalı rayonunun Meşəli kəndinə hücumlar və onların işğalı mülki şəxslərin kütləvi öldürülməsi ilə nəticələnmişdir;

 

1992

 

Yanvar - Ermənistan silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindəki azərbaycanlıların məskunlaşdığı yaşayış məntəqələrinin işğalını davam etdirir;

 

10 fevral - Ermənistan silahlı qüvvələrinin Şuşa şəhərinin Quşçular və Malıbəyli kəndlərinə qarşı çox sayda itkilər ilə nəticələnən hücumu;

 

17 Fevral - Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndinin mülki əhalisinə qarşı qətliam törətməsi;

 

25-26 fevral – Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin mülki əhalisinə qarşı soyqırımı aktı törədilmişdir. Keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının (Xankəndi şəhərində yerləşmiş) birbaşa dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən 613 azərbaycanlı, o cümlədən 106 qadın və 63 uşaq vəhşicəsinə qətlə yetirilmiş və Xocalı şəhəri məhv edilmişdir. 76 uşaq daxil olmaqla 487 nəfər dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. 150 nəfərin taleyi hələ də məlum deyil.

 

Mart-İyun - Azərbaycanın Qazax rayonunun Xeyrimli, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara kəndlərinin işğalı;

 

8 aprel - Ermənistan silahlı qüvvələrinin dinc əhalinin kütləvi şəkildə öldürülməsi ilə nəticələnən Kəlbəcər rayonunun Ağdaban kəndinə hücumu;

 

8 May - Tehranda İranın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan dövlət başçıları görüşərkən Ermənistan Azərbaycanın Şuşa şəhərinə hücuma başlamış və işğal etmişdir;

 

18 May - Helsinkidə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Yüksək Vəzifəli Şəxslər Komitəsində münaqişənin sülh yolu ilə həllinə dair müzakirələrin aparıldığı bir vaxtda Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunu işğal edilmişdir;

 

28 Avqust - Ermənistan silahlı qüvvələrinin dinc əhalinin kütləvi şəkildə öldürülməsi ilə nəticələnən Goranboy rayonunun Ballıqaya kəndinə hücumu;

 

9-12 dekabr - Ermənistan Rusiyanın Soçi şəhərində razılaşdırılmış atəşkəsi pozaraq Azərbaycanın Zəngilan rayonunun səkkiz kəndini işğal etmişdir.

 

1993

 

2 aprel - Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Azərbaycanın Kəlbəcər rayonunun işğalı;

 

30 aprel - BMT Təhlükəsizlik Şurası, digər məsələlərlə yanaşı, Azərbaycan Respublikasının Kəlbəcər və bir müddət öncə işğal olunmuş digər rayonlarından bütün işğalçı qüvvələrin dərhal çıxarılması tələbini özündə əks etdirən 822 saylı qətnamə qəbul etmişdir;

 

7 iyul - Ermənistan silahlı qüvvələri tərəfindən Ağdərə şəhərinin işğalı;

 

23 İyul - ATƏM-in Minsk Konfransının sədri Mario M.Rafaellinin səfərindən dərhal sonra Ermənistan tərəfindən Ağdam rayonunun işğalı;

 

29 iyul - BMT Təhlükəsizlik Şurası, digər məsələlərlə yanaşı, Azərbaycanın Ağdam və bir müddət öncə işğal olunmuş digər ərazilərindən işğalçı qüvvələrin dərhal, tam və qeyd- şərtsiz çıxarılması tələbini özündə əks etdirən 853 saylı qətnamə qəbul etmişdir;

 

23 Avqust - Ermənistan təcavüzkarlığını davam etdirərək Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarını işğal etmişdir;

 

31 Avqust - Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Qubadlı rayonunun işğalı;

 

14 oktyabr - BMT Təhlükəsizlik Şurası, digər məsələlərlə yanaşı, ATƏM-in Minsk Qrupunun hazırladığı qrafikdə nəzərdə tutulmuş qarşılıqlı və təcili tədbirlərin dərhal yerinə yetirilməsinə, o cümlədən Azərbaycanın bir müddət öncə işğal edilmiş ərazilərdən işğalçı qüvvələrin çıxarılmasına çağıran 874 saylı qətnamə qəbul etmişdir;

 

29 oktyabr - Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Zəngilan rayonunun işğalı;

 

11 noyabr - BMT Təhlükəsizlik Şurası, digər məsələlərlə yanaşı, Zəngilan rayonunun və Horadiz şəhərinin işğalını, mülki əhaliyə hücumları, Azərbaycan Respublikasının ərazilərinin bombardman edilməsini pisləyən, eləcə də işğalçı qüvvələrin qeyd-şərtsiz Zəngilan və Horadizdən çıxarılmasını, Azərbaycan Respublikasının son vaxtlar işğal edilmiş digər rayonlarından çıxarılmasını tələb edən 884 saylı qətnamə qəbul etmişdir;

 

Dekabr - Ermənistan silahlı qüvvələri Azərbaycanın Beyləqan və Ağcabədi rayonları istiqamətində hücuma başlamışlar. Azərbaycan tərəfi silahlı hücumları dəf etmişdir;

 

1994-2020

 

1994-cü il aprel - Ermənistan silahlı qüvvələri Goranboy və Tərtər rayonları istiqamətində növbəti hücumlara başlamışlar. Hücumlar Azərbaycan silahlı qüvvələri tərəfindən dəf edilmişdir;

 

12 May 1994 - Atəşkəsin elan edilməsi;

 

Qeyd olunmalıdır ki, atəşkəs Azərbaycana qarşı hərbi təcavüzə son qoymadı. 1994-cü ildən etibarən 26 il ərzində Ermənistan Azərbaycan ərazilərinin beşdə birinin qanunsuz işğalını davam etdirir və 1 milyondan çox qovulmuş azərbaycanlının öz doğma yurduna qayıtmasının qarşısını alırdı. Bundan əlavə, atəşkəsdən sonra da Azərbaycanın hərbi qulluqçuları və mülki şəxslərinə qarşı dəfələrlə  gücdən istifadə, habelə Azərbaycan mülki əhalisinə zərər vermək məqsədilə qış aylarında su anbarlarından qəsdən suyun buraxılması və ya ərazilərin yandırılması kimi digər qeyri-ənənəvi üsullardan istifadə halları baş vermişdir;

 

Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı əsas hücumlar 2016-cı ilin aprelində, 2020-ci ilin iyulunda və 2020-ci ilin sentyabrında baş vermişdir[4].


[1] Bu, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı baş vermiş hadisələrin qeyri-müfəssəl xronologiyasıdır.

 

[2] 1991-ci ilin 26 noyabr tarixində Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə “DQMV” inzibati ərazi vahidi kimi ləğv olunub.

 

[3] Azərbaycan ərazilərinin işğalı mülki əhalinin vəhşicəsinə öldürülməsi və yaralanması, işğal olunmuş ərazilərdən bütün azərbaycanlı əhalinin etnik təmizlənməsi ilə müşayiət olunurdu.

[4] Daha ətraflı məlumat internet saytının müvafiq bölmələrində yerləşdirilmişdir.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti