İsveçrə Konfederasiyası
Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası arasında ikitərəfli münasibətlər
İsveçrə Azərbaycan Respublikasının müstəqilliyini 23 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 21 yanvar 1992-ci ildə qurulmuşdur.
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyi 6 oktyabr 2004-cü ildə təsis olunmuşdur. Səfirlik 2005-ci ilin sentyabrından etibarən Bern şəhərində fəaliyyətə başlamışdır.
İsveçrə 2001-ci ildə Bakıda Əməkdaşlıq Bürosu açmış, 2007-ci ildə isə səfirliyini təsis etmişdir. Səfirliyin rəsmi açılışı 2008-ci ilin mayında baş tutmuşdur.
Azərbaycan, İsveçrə Konfederasiyası ilə ikitərəfli münasibətlərinə böyük əhəmiyyət verir və iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahədə mövcud olan əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsində maraqlıdır. İkitərəfli əlaqələrdə hazırda dinamik inkişaf müşahidə olunur. Azərbaycanla İsveçrə arasında mütəmadi xarakter almış yüksək səviyyəli siyasi dialoq mövcuddur. Bu dialoq dövlət başçılarının müntəzəm olaraq, Dünya İqtisadi Forumunun Davosda keçirilən illik toplantıları çərçivəsində görüşləri, habelə parlament ölçüsü, Xarici İşlər Nazirlikləri və ayrı-ayrı nazirliklər səviyyəsində ikitərəfli təmaslar vasitəsilə təmin edilir. Yüksək səviyyəli və qarşılıqlı etimada əsaslanan siyasi dialoqun yaratdığı imkanlar ölkələrimiz arasında iqtisadi, humanitar və digər sahələrdə də əməkdaşlıq üçün gözəl zəmin yaradır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya İqtisadi Forumunun Davosda keçirilən illik toplantılarında iştirak etmək məqsədilə 16-19 yanvar 2017-ci il, 16 oktyabr 2017-ci il, 23-26 yanvar 2018-ci il, 22-25 yanvar 2019-cu il və 20-24 yanvar 2020-ci il tarixlərində İsveçrəyə işgüzar səfərlər etmişdir.
Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov 30 oktyabr 2020-ci il tarixində İsveçrəyə işgüzar səfər etmişdir.
İsveçrə Konfederasiyasının Kantonlar Şurasının Prezidenti Jan-Rene Furnye 10-11 oktyabr 2019-cu il tarixlərində Azərbaycana səfər etmişdir.
Milli Məclisdə 2 oktyabr 2006-cı ildən Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir və parlamentlərarası münasibətlərin genişləndirilməsində mühüm rol oynayır. Qrupun rəhbəri Hicran Hüseynovadır. İsveçrə Parlamentində də Azərbaycanla dostluq qrupu mövcuddur. Qrupun rəhbəri İv Nideqerdir.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası arasında 28 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan ilə Isveçrə arasında iqtisadi münasibətlər yüksək templə inkişaf etməkdə davam edir. Azərbaycan-İsveçrə iqtisadi münasibətlərində energetika sahəsində əməkdaşlıq xüsusi yerə və əhəmiyyətə malikdir. Bu xüsusda, Azərbaycan və İsveçrə arasında “Energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” müvafiq sahədə əlaqələrin genişləndirilməsinə xidmət edir.
Eyni zamanda, Azərbaycanın getdikcə artan iqtisadi potensialı və əldə etdiyi tərəqqi Azərbaycan şirkətlərinin də İsveçrədə sərmayə yatırmasına geniş imkanlar açır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “SOCAR” brendi ilə İsveçrədə yanacaq doldurma stansiyalarına sahib olması, iqtisadi faydalılığı ilə yanaşı, ölkəmizin tanıdılması baxımından da mühüm rol oynayır.
Azərbaycan Respublikası ilə İsveçrə arasında ticarət dövriyyəsi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2016 |
164 781,5 |
101 669,49 |
63 112,01 |
2017 |
239 882,9 |
183 013, 67 |
56 869,23 |
2018 |
648 388,01 |
135 440,08 |
512 947,93 |
2019 |
1 402 367,56 |
179 090,07 |
1 223 277,49 |
2020 |
304 962,13 |
224 780,86 |
80 181,27 |
Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
30 oktyabr 2000-ci ildə Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanmışdır. 2003-cü ildə Azərbaycan Respublikası Hökuməti və İsveçrənin Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası keçirilmişdir.
Diplomatik Nümayəndəlik
Azərbaycanın Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin ünvanı: Kramburgstrasse 10, 3006 Bern
Səfirliyinin rəsmi internet səhifəsi: http://www.bern.mfa.gov.az/