Waving Flag of Kazakhstan (Animated Gif)

Qazaxıstan Respublikası

 

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında ikitərəfli münasibətlər

 

Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında diplomatik münasibətlər 30 avqust 1992-ci ildə qurulmuşdur. 1993-cü ildə Qazaxıstanın Azərbaycanda, 2004-cü ildə isə Azərbaycanın Qazaxıstanda səfirliyi, həmçinin 2008-ci ildən Aktau şəhərində Baş konsulluğu fəaliyyətə başlamışdır.

 

Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrinin əsasını təşkil edir.

 

Ali səviyyədə təşəkkül tapmış qarşılıqlı hörmət və etimada əsaslanan fəal siyasi dialoq iki ölkə arasında bütün sahələrdə yaxın işbirliyini şərtləndirən və ciddi nailiyyətlərin əldə olunmasını təşviq edən aparıcı faktor kimi çıxış etməkdədir.

 

Bu gün yeni məzmun kəsb edən Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik xarakterlidir.

 

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar istiqamətləri üzrə ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq böyük potensial və geniş perspektivlərə malikdir.

 

Qazax xalqının Azərbaycana hədiyyəsi olan Füzuli şəhərinin işğaldan azad edilmiş ərazilərində inşa edilmiş və istifadəyə verilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi xalqlarımız arasında dostluq və qardaşlığın daha bir rəmzi kimi qiymətləndirilir.

 

Azərbaycan-Qazaxıstan ikitərəfli format ilə yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir və bir-birinin milli maraqları ilə bağlı məsələlərə həssaslıqla yanaşaraq, qarşılıqlı dəstək nümayiş etdirirlər.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

 

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə toplantısı və Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə 13-14 oktyabr 2022-ci ildə Qazaxıstan Respublikasına işgüzar səfər etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 aprel 2023-cü ildə Qazaxıstan Respublikasına rəsmi səfər etmişdir.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Türk Dövlətləri Təşkilatının 10-cu Yubiley Zirvə görüşündə iştirak etmək məqsədilə 03 noyabr 2023-cü ildə Qazaxıstan Respublikasına işgüzar səfər etmişdir.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3-4 iyul 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak etmək məqsədilə Qazaxıstan Respublikasına işgüzar səfər etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 avqust 2024-cü ildə Mərkəzi Asiya Dövlət Başçılarının Altıncı Məşvərət Görüşündə iştirak etmək məqsədilə Qazaxıstan Respublikasına işgüzar səfər etmişdir.

- Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev 24 avqust 2022-ci ildə Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

- Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev 24 noyabr 2023-cü ildə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı-SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

- Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev 11-12 mart 2024-cü ildə Azərbaycan Respublikasına dövlət səfəri etmişdir.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev 5-6 iyul 2024-cü il tarixlərində Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev 11-13 noyabr 2024-cü ildə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

 

Hökumət başçılarının qarşılıqlı səfərləri

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov MDB Hökumət Başçılarının iclasında iştirak etmək məqsədilə 28 oktyabr 2022-ci ildə Qazaxıstan Respublikasına işgüzar səfər etmişdir.

- Qazaxıstan Respublikasının Baş naziri Əlixan Smaylov 22 iyun 2023-cü ildə Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə 12 oktyabr 2022-ci ildə Qazaxıstan Respublikasına işgüzar səfər etmişdir.

- Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Aktau şəhərində keçirilən Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə 25 noyabr 2022-ci ildə Qazaxıstan Respublikasına işgüzar səfər etmişdir.

- Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 10 may 2024-cü ildə Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Qazaxıstan Respublikasına işgüzar səfər etmişdir.

Qazaxıstan Respublikasının xarici işlər naziri Muxtar Tleuberdi Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin Birinci Üçtərəfli Toplantısında iştirak etmək məqsədilə 27 iyun 2022-ci ildə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

- Qazaxıstan Respublikasının xarici işlər naziri Murat Nurtleu İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Şuşa şəhərində keçirilmiş 27-ci iclasında iştirak etmək məqsədilə 10 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

 

Parlamentlərarası əlaqələr

 

AR Milli Məclisində Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

 

Qrupun rəhbəri: Adil Əliyev

 

Qazaxıstan Parlamenti Senatı (qrupun rəhbəri-Murat Bəxtiyarulı) və Məclisində (qrupun rəhbəri-Balaim Kesebayeva) Azərbaycanla əməkdaşlıq üzrə qrup fəaliyyət göstərir.

 

Müqavilə-hüquq bazası

 

163 sənəd imzalanmışdır. Mühüm sənədlər:

- “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” (1 mart 2004-cü il, Astana);

- “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” (24 may 2005-ci il, Bakı);

- “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” (24 avqust 2022-ci il, Bakı).

 

İqtisadi sahədə əməkdaşlıq

 

1999-cu ildə Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlığın inkişafı məqsədilə Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılmışdır.

Komissiyanın həmsədrləri:

Azərbaycan tərəfindən Pərviz Şahbazov (energetika naziri)

Qazaxıstan tərəfindən Serik Jumanqarin (Baş nazirin müavini, ticarət  və inteqrasiya naziri)

Komissiyanın indiyədək keçirilmiş iclaslarının sayı – 20.

Komissiyanın 20-ci iclası 5 mart 2024-cü ildə Astana şəhərində  keçirilmişdir.

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

229.60

24.02

205.58

2020

142.01

25.91

116.10

2023

314.14

98.50

215.64

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

2022-ci illə müqayisədə, 2023-cü ildə Qazaxıstan Respublikası ilə ticarət dövriyyəsi 47,50 faiz, o cümlədən idxal 56,38 faiz, ixrac isə 5,31 faiz azalmışdır.

 

2023-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 0,61 faiz (26-cı yer), o cümlədən idxalda 1,25 faiz (15-ci yer), ixracda isə 0,29 faiz (23-cü yer) təşkil etmişdir.

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyi

Ünvan: Astana şəhəri, Anatoli Xrapatıy küçəsi, bina 4

Rəsmi internet səhifəsi: astana.mfa.gov.az

E-poçt: astana@mission.mfa.gov.az

Tel: +7 7172 75 55 27, +7 7172 75 55 29

Faks: +385 1 6438929

 

Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu

Ünvan: Aktau şəhəri, 15 mikrorayon, 30K-1, 130000

Rəsmi internet səhifəsi: aktau.mfa.gov.az

E-poçt: aktau@mission.mfa.gov.az

Tel:  (+7292) 42 23 00

Faks: (+7292) 42 21 90

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti