Waving Flag of Turkmenistan (Animated Gif)

Türkmənistan

 

Azərbaycan Respublikası ilə Türkmənistan arasında ikitərəfli münasibətlər

 

Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. 2022-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunmuşdur.

18 oktyabr 2002-ci ildə Azərbaycan Respublikasının Türkmənistanda Səfirliyi fəaliyyətə başlamışdır. 8 iyun 1999-cu ildə Türkmənistanın Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlamışdır.

11 mart 2017-ci ildə Türkmənistan Prezidentinin Azərbaycan Respublikasına rəsmi səfəri zamanı dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanmışdır.

İki ölkə çoxtərəfli formatda da əməkdaşlıq edir. Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri səviyyəsində üçtərəfli formatda əməkdaşlıq edilir. Bu formatda artıq dörd görüş keçirilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Türkmənistana 28-29 noyabr 2008-ci il və 21-22 noyabr 2018-ci illərdə rəsmi səfərləri, 11 oktyabr 2019-cu il, 28 noyabr 2021-ci il və 29 iyun 2022-ci ildə isə işgüzar səfərləri baş tutmuşdur.

 

19-20 may 2008-ci il (rəsmi səfər), 18 noyabr 2010-cu il (işgüzar səfər), 12 iyun 2015-ci il (işgüzar səfər), 8-9 avqust 2017-ci il (rəsmi səfər), 25-26 oktyabr 2019-cu il (işgüzar səfər), 11 mart 2020-ci il (rəsmi səfər) tarixlərində Türkmənistanın sabiq Prezidenti Zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasına səfərləri baş tutmuşdur.

 

Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramovun Türkmənistana 2021-ci ilin 21 yanvar tarixində rəsmi, 27 noyabr tarixində isə işgüzar səfəri baş tutmuşdur.

18 oktyabr 2018-ci ildə Türkmənistanın xarici işlər naziri cənab Rəşid Meredovun Azərbaycan Respublikasına səfəri baş tutmuşdur.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Türkmənistan, Türkmənistanın Məclisində Türkmənistan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupları fəaliyyət göstərir. 17 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədovun Türkmənistana, 4 noyabr 2019 (rəsmi) və 30 iyun 2022-ci ildə (işgüzar) Türkmənistan Məclisinin sədri xanım Gülşat Məmmədovanın Azərbaycan Respublikasına səfəri baş tutmuşdur.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və Türkmənistan arasında 102 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan ilə Türkmənistan arasında müxtəlif sahələrdə əməkdaşlıq mövcuddur. 2008-ci ildən etibarən iki ölkə arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Komissiyanın Azərbaycan tərəfdən həmsədri iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkmənistan tərəfdən həmsədri isə Türkmənistan Nazirlər Kabineti sədrinin ticarət kompleksi, tekstil sənayesi və sahibkarlıq sahəsi üzrə müavini Batır Atdayevdir. Komissiyanın bu vaxta qədər 5 iclası keçirilmişdir.

 

 

2017-ci ildə Azərbaycan, Türkmənistan, Əfqanıstan, Gürcüstan və Türkiyə arasında Nəqliyyat və tranzit üzrə əməkdaşlıq Sazişi (Lapis Lazuli Marşrutu Sazişi) imzalanmışdır.

Həmçinin, 2019-cu ildə Azərbaycan, Türkmənistan, Gürcüstan və Rumıniya xarici işlər nazirləri arasında “Qara dəniz-Xəzər dənizi” beynəlxalq nəqliyyat marşrutunun yaradılması üzrə ilk xüsusi görüşü baş tutmuş və bəyannamə qəbul edilmişdir.

 

Diplomatik nümayəndəlik

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi

 

Telefon: +993 12 48 20 11

Faks:     +993 12 48 20 22

E-poçt: ashgabat@mission.mfa.gov.az

Web: ashgabat.mfa.gov.az
Ünvan: Türkmənistan, Aşqabad şəhəri, Qıpçak küçəsi 41.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti