İran İslam Respublikası
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında ikitərəfli münasibətlər
İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur. Hər iki ölkənin səfirlikləri (1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir. 1992-ci ilin dekabr ayında isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlamışdır), İranın Naxçıvan şəhərində Baş Konsulluğu (1992-ci ilin mart ayından), Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğu (20 oktyabr 2004-cü ildən) fəaliyyət göstərir.
Azərbaycan Respublikası qonşuluğunda yerləşən bütün ölkələrlə ikitərəfli münasibətlərinə xüsusi önəm verir və bu xüsusda İran İslam Respublikası istisna təşkil etmir. Xalqlar arasında tarixi və mədəni bağlılıqlar iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə inkişafı üçün zəmin yaradır və bu gün ikitərəfli əlaqələrimiz ticarət-iqtisadi, enerji, energetika, nəqliyyat logistika, kənd təsərrüfatı, humanitar və digər sahələr üzrə inkişaf edir. Ötən illər ərzində iki ölkə arasındakı münasibətlərdə ortaq tarixi-mədəni irsə, ümumi mənafelərə istinadla, əlaqələrin mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində qurulmasına və inkişafına əsaslanan baxış olmuşdur.
Azərbaycan və İran arasında ikitərəfli, regional və beynəlxalq təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq təcrübəsi vardır. Azərbaycanla İran ikitərəfli qaydada olduğu kimi, Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan-Türkiyə, 3+3 regional məşvərət mexanizmi və bu kimi çoxtərəfli regional formatlarda da əməkdaşlıq edir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- 28 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkmənistanın Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısı çərçivəsində İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisi ilə görüş keçirmişdir.
- 29 iyun 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkmənistanın Aşqabad şəhərində keçirilən Xəzəryanı ölkələrin Dövlət Başçılarının VI Zirvə toplantısı çərçivəsində İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisi ilə görüş keçirmişdir.
- 13 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxıstanın Astana şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VI Zirvə toplantısı çərçivəsində İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisi ilə görüş keçirmişdir.
- 9 noyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistanın Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XVI Zirvə toplantısı çərçivəsində İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisi ilə görüş keçirmişdir.
Hökumət başçılarının qarşılıqlı səfərləri
- 6 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiyanın Moskva şəhərində İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd Moxber ilə görüş keçirmişdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 4 iyul 2022-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasına rəsmi səfər etmişdir.
- 24 sentyabr 2022-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sensasiyası çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüş keçirmişdir.
- 24 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüş keçirmişdir.
- 5 iyul 2023-cü ildə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasında iştirak məqsədi ilə ölkəmizə işgüzar səfər etmişdir.
- 23 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüş keçirmişdir.
- 18 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində növbədənkənar iclasında iştirak çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüş keçirmişdir.
- 23 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tehran şəhərində “3+3” regional məşvərət formatının nazirlər səviyyəsində keçirilən birinci iclasında iştirak etmək məqsədi ilə İran İslam Respublikasına işgüzar səfər etmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Vasif Talıbovdur. İran-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Əli Nikzad Səmrindir.
Müqavilə-hüquq bazası
Azərbaycan və İran arasında müxtəlif sahələri əhatə edən 142 sənəd imzalanmışdır.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası 1992-ci ildən etibarən fəaliyyət göstərir. Dövlət Komissiyasının sonuncu iclası 10-11 mart 2022-ci ildə Bakı şəhərində keçirilmişdir. Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri AR Baş nazirinin müavini Şahin Mustafayev, İran tərəfindən isə İİR-in yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşdır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
493.8 |
41.1 |
452.7 |
2020 |
179.3 |
20.8 |
158.5 |
2022 |
506.27 |
29.83 |
476.44 |
2023 (yanvar-avqust) |
315.60 |
11.19 |
304.41 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi