Türkiyə Respublikası
Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında ikitərəfli münasibətlər
Türkiyə Azərbaycanın müstəqilliyini 9 noyabr 1991-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 14 yanar 1992-ci il tarixində qurulmuşdur. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Bu illər ərzində ölkələrimiz arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Azərbaycan-Türkiyə əməkdaşlığı əsası 15 sentyabr 2010-cu ildə İstanbulda qoyulmuş Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YSSƏŞ) uğurlu fəaliyyəti ilə iki ölkə arasında bütün sahələrdə əlaqələrin daha da genişlənməsi və dərinləşməsinə öz töhfəsini verir.
Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1992-ci ilin yanvar ayında açılmışdır. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi 1992-ci ilin avqust ayında açılmışdır.
- 24-25 aprel 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasına rəsmi səfər etmişdir.
- 12 iyun 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TANAP-ın rəsmi açılış mərasimində iştirak etmək məqsədilə Türkiyəyə səfər etmişdir.
- 15 sentyabr 2018-ci il tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı şəhərinin daşnak-bolşevik qüvvələrindən azad edilməsinin 100 illiyi ilə əlaqədar bayram tədbirlərində iştirak etmək üçün ölkəmizə işgüzar səfər etmişdir.
- 19 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Star” Neft Emalı Zavodunun açılış mərasimində iştirak etmək üçün Türkiyəyə işgüzar səfər etmişdir.
- 14-15 oktyabr 2019-cu il tarixlərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək məqsədilə ölkəmizə səfər etmişdir.
- 25 fevral 2020-ci ildə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında iştirak etmək üçün ölkəmizə səfər etmişdir.
- 9-10 dekabr 2020-ci il ildə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda iştirak etmək üçün ölkəmizə səfər etmişdir.
- 17-18 fevral 2016-cı il tarixlərində Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəmizə işgüzar səfər etmişdir.
- 15 mart 2018-ci il tarixində Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Gürcüstan, İran və Türkiyə xarici işlər nazirlərinin dördtərəfli görüşü”ndə iştirak etmək məqsədilə ölkəmizə işgüzar səfər etmişdir.
- 5-6 aprel 2018-ci il tarixlərində Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Qoşulmama Hərəkatının Xarici İşlər Nazirlərinin 18-ci görüşündə iştirak etmək məqsədilə ölkəmizə səfər etmişdir.
- 24 iyul 2018-ci il tarixində Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana rəsmi səfər etmişdir.
- 29-30 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə, Gürcüstan və Azərbaycan, Türkiyə, İran xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşlərində iştirak etmək məqsədilə Türkiyəyə işgüzar səfər etmişdir.
- 14 dekabr 2018-ci il tarixində Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 39-cu görüşündə iştirak etmək məqsədilə ölkəmizə səfər etmişdir.
- 5-6 fevral 2020-ci il tarixlərində Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Xarici İşlər Nazirlərinin növbədənkənar iclasında iştirak etmək üçün ölkəmizə səfər etmişdir.
- 11 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfər etmişdir.
- 6 oktyabr 2020-ci il Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəmizə işgüzar səfər etmişdir.
- 1 noyabr 2020-ci il Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəmizə işgüzar səfər etmişdir.
- 8 noyabr 2020-ci il Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəmizə işgüzar səfər etmişdir.
- 10 dekabr 2020-ci il Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda iştirak etmək məqsədilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəmizə səfər etmişdir.
- 23 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Türkmənistan xarici işlər nazirlərinin V üçtərəfli görüşündə iştirak etmək məqsədilə Türkiyəyə səfər etmişdir.
Parlamentlərarası əlaqələr
AR Milli Məclisində Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Əhliman Əmiraslanovdur. Qrup 59 nəfər millət vəkilindən ibarətdir.
Türkiyə Böyük Millət Məclisində Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Şamil Ayrımdır. Qrupun İdarə heyəti 10 nəfərdən ibarətdir.
Müqavilə-hüquq bazası
Türkiyə və Azərbaycan arasında müxtəlif sahələri əhatə edən 256 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycanın Türkiyəyə əsas ixrac məhsulları təbii qaz, xam neft, pambıq, qazoyllar, plastiklər, alüminium, metanol (metil spirti), daş kömür qatranının yağları, mis, elektrik enerjisi, sürtgü yağları, emal olunmamış gön və aşılanmış dəri, qurğuşun, reaktiv kerosin yanacağıdır. Türkiyədən əsas idxal məhsulları isə maşın, mexanizm, avadanlıqlar, qara metallar, geyim, plastiklər, digər kimyəvi məhsullar, quru nəqliyyat vasitələri, əczaçılıq məhsulları, alüminium, mebel, meyvə-tərəvəz, uşaq bələkləri, gigiyenik bez, yuyucu vasitələr, uşaq yeməkləri, unlu, qənnadı məmulatlar, kağız-karton, yağlı toxum və bar, dərman və texniki bitkilər, ayaqqabılar, boyalar, azqiymətli metallardan olan alətlərdir.
İki dövlət arasında güzəştli ticarətin təşviqi məqsədilə 25 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi (PTS) imzalanmışdır. Sazişə əsasən hər iki tərəfdən güzəşt tətbiq ediləcək 15 mal mövqeyi (kənd təsərrüfatı və emalı məhsulları) və bu mallar üzrə illik tarif kvotaları razılaşdırılmışdır. Bu məhsullar üzrə idxal gömrük rüsumları illik tarif kvotaları çərçivəsində 0%-ə endirilmişdir.
Son 5 ildə ölkələrimiz arasında ticarət dövriyyəsi aşağıdakı kimi olmuşdur.
İl |
İdxal |
İxrac |
Ticarət dövriyyəsi |
Saldo |
2017 |
1273709.1 |
1366337.1 |
2640064.2 |
92628 |
2018 |
1576864.61 |
1825981.48 |
3402846.09 |
249116.87 |
2019 |
1 646 801.46 |
2 862 694.58 |
4 509 496.04 |
1 215 893.12 |
2020 |
1 563.05 |
2 597.78 |
4 160.83 |
1 034.73 |
2021 (yanvar-mart) |
387.886.32 |
739.386.10 |
1.118.272.42 |
351.499.78 |
Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdən biridir. Azərbaycanda fəaliyyət göstərən 13000-dən artıq türk şirkətinin indiyədək iqtisadiyyatımıza investisiyalarının həcmi təxminən 12,6 milyard dollar məbləğində olmuşdur.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyası 1996-cı ildə yaradılmışdır. Azərbaycan tərəfindən Komissiyanın həmsədri Baş nazir Əli Əsədovdur. Türkiyə tərəfindən həmsədr Vitse-Prezident Fuat Oktaydır.
Diplomatik nümayəndəlik:
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin ünvanı: Oran, Diplomatik site, Bakü sokak No.1, Ankara – 06450
Səfirliyin rəsmi internet səhifəsi: http://ankara.mfa.gov.az