Waving Flag of the United Kingdom (Animated Gif)

 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı

 

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ikitərəfli münasibətlər

 

Birləşmiş Krallıq Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 11 mart 1992-ci ildə qurulmuşdur.

 

Azərbaycan Respublikasının Birləşmiş Krallıqda Səfirliyi 1994-cü ilin yanvar ayında təsis olunmuşdur. Birləşmiş Krallığın Azərbaycan Respublikasında səfirliyi 1993-cü ilin sentyabr ayından fəaliyyət göstərir.

 

Birləşmiş Krallıq, öz müstəqilliyini bərpa etmiş Azərbaycanı tanıyan ilk Qərb ölkələrindən olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Birləşmiş Krallığa səfəri, Britaniyanın Baş naziri Con Meycor ilə keçirdiyi görüşü və imzaladıqları sənədlər ölkələrimiz arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoymuşdur.

 

3-5 fevral 2016-cı il tarixlərində işgüzar səfər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Suriyaya və regiona dəstək” adlı konfransda iştirak etmək məqsədilə Birləşmiş Krallığa işgüzar səfər etmişdir.

 

26 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev keçirilmiş andiçmə mərasimindən sonra Türkiyə səfərindən Azərbaycana qayıtmayaraq, növbəti gün, ikinci səfərini Birləşmiş Krallığın Baş naziri Tereza Meyin dəvəti ilə Londona etmişdir.

 

Parlamentlərarası əlaqələr

7 mart 1997-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrup yaradılmışdır. Qrupun rəhbəri Cavanşir Feyziyevdir.

 

2014-cu ildə Birləşmiş Krallığın Parlamentində Birləşmiş Krallıq-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupu yaradılmışdır. Qrupun rəhbəri Bob Bləkməndir.

 

 

Müqavilə-hüquq bazası

 

Azərbaycan və Birləşmiş Krallıq arasında 26 sənəd imzalanmışdır.

 

 

İqtisadi sahədə əməkdaşlıq

 

Azərbaycan və Birləşmiş Krallıq arasında enerji sahəsində strateji tərəfdaşlıq tarixi xarakter daşıyır. Əməkdaşlığımız hələ XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranmışdır. XX əsrin ilk illərində ingilis şirkətləri Bakının neft müəssisələrinə böyük həcmdə kapital qoymuşlar. 1904-cü ildə İngiltərə ağ neftə olan tələbatının 47%-ni Bakının hesabına ödəmişdir.

 

Birləşmiş Krallıq Azərbaycan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkədir. Sərmayələrin həcmi 30,6 milyard ABŞ dollarıdır. Azərbaycan isə Birləşmiş Krallığa 2.4 milyard ABŞ dolları həcmində sərmayə yatırmışdır.

 

Azərbaycanda 600 yaxın Britaniya şirkəti (sahələr: sənaye, k/t, ticarət, xidmət, tikinti, nəqliyyat, rabitə) qeydiyyata alınıb.

 

 

Azərbaycan və Böyük Britaniya arasında ticarət əlaqələri

(milyon ABŞ dolları ilə)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

2016

495.22

57.24

552.46

2017

240

41

281

2018

263.7

261.5

525.2

2019

232.6

472

704.6

2020

296.97

157.53

454.5

 

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

 

 

2015-ci ilin mart ayında Azərbaycan Respublikası və Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yaradılmış və komissiyanın indiyə kimi 4 iclası keçirilmişdir.

 

2021-ci ilin may tarixində Britaniya-Azərbaycan Ticarət Palatası təsis edilmişdir.

 

BP şirkəti ilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanmış və 2017-ci il sentyabr ayında müddəti 2050-ci ilədək uzadılmış “Əsrin Müqavilə”si ilə Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənməsi layihəsində operator kimi bugünə qədər səmərəli fəaliyyət göstərmiş, BP şirkəti ilə həmçinin “Şahdəniz”, “İnam”, “Şəfəq-Asiman”, “Abşeron Yarımadası Dayazsulu sahə” layihələri üzrə Hasilatın Pay Bölgüsü Sazişləri imzalanmış, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi boru kəməri layihələrində də uğurlu əməkdaşlıq yaranmışdır.

 

Diplomatik Nümayəndəlik

 

Azərbaycanın Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin ünvanı: 4 Kensington Court, London W8 5DL, UK

Səfirliyinin rəsmi internet səhifəsi: www.stockholm.mfa.gov.az

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti