Xorvatiya Respublikası
Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında ikitərəfli münasibətlər
28 dekabr 1991-ci il tarixində Xorvatiya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 26 yanvar 1995-ci ildə qurulmuşdur.
Azərbaycanın Xorvatiyadakı Səfirliyi 2011-ci ilin fevral ayında fəaliyyətə başlamışdır.
29 aprel 2019-cu il tarixində Xorvatiyanın Azərbaycan Respublikasında Səfirliyinin rəsmi açılışı olmuşdur.
Azərbaycan və Xorvatiya strateji tərəfdaşlıq əlaqələrinə malik ölkələrdir. 11 mart 2013-ci il tarixində Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi imzalanmışdır.
Azərbaycan Xorvatiya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin indiyədək Xorvatiya Respublikasına 3 rəsmi səfəri baş tutmuşdur. Sonuncu səfər 5-6 sentyabr 2018-ci il tarixlərində həyata keçirilmişdir.
- Xorvatiya Respublikası Prezidenti indiyədək Azərbaycan Respublikasına 3 rəsmi səfər etmişdir. Sonuncu səfər 23-25 oktyabr 2016-cı il tarixlərində Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç tərəfindən həyata keçirilmişdir.
Hökumət başçılarının qarşılıqlı səfərləri
- Xorvatiya Respublikasının Baş naziri səviyyəsində Azərbaycan Respublikasına indiyədək iki səfər baş tutmuşdur. Baş naziri Andrey Plenkoviç 6 noyabr 2023-ci il tarixində Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının xarici işlər naziri Xorvatiya Respublikasına 3 rəsmi səfər etmişdir. Sonuncu səfər 5-6 sentyabr 2023-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tərəfindən həyata keçirilmişdir.
- Xorvatiya Respublikasının xarici işləri naziri səviyyəsində Azərbaycan Respublikasına 3 rəsmi səfər edilmişdir. Sonuncu səfər 20 oktyabr 2021-ci il tarixində Xorvatiya Respublikasının xarici və Avropa işləri naziri Qordan Qrliç Radman tərəfindən həyata keçirilmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Könül Nurullayevadır.
Xorvatiya Parlamentində fəaliyyət göstərən Xorvatiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Maja Grba-Bujeviçdir.
Müqavilə-hüquq bazası
Azərbaycan ilə Xorvatiya arasında 26 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan və Xorvatiya Hökumətləri arasında İqtisadi Əməkdaşlığın Təşviqi üzrə Birgə Komissiya iki ölkə arasında iqtisadi-ticari sahədə əlaqələrin inkişafında vacib mexanizm kimi çıxış edir. Birgə Komissiya 2013-cü ilin mart ayında yaradılmışdır. Komissiyanın bu günədək 3 iclası keçirilmişdir. Sonuncu iclas 13 mart 2024-cü il tarixində Bakıda baş tutmuşdur.
Komissiyanın Azərbaycan tərəfindən həmsədri mədəniyyət naziri Adil Kərimli, Xorvatiya tərəfindən isə iqtisadiyyat və davamlı inkişaf naziri Damir Habijandır.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2021 |
754 655.03 |
751 278.50 |
3 376.28 |
2022 |
964 121.62 |
952 396.70 |
11 724.92 |
2023 |
595 225.5 |
590 440.45 |
4 785.05 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı Səfirliyi
Ünvan: Srebrnjak 104, Zaqreb 10000, Xorvatiya
Rəsmi internet səhifəsi: www.zagreb.mfa.gov.az
E-poçt: zagreb@mission.mfa.gov.az
Tel: +385 1 6438900
Faks: +385 1 6438929