Mədəni irsə ziyan

Zəngin tarixi keçmişi və geniş mədəni irsi olan Azərbaycan ən qədim insan məskənlərindən biridir. Müxtəlif qaya üstü təsvirlər, memarlıq abidələri, incəsənət və sənətkarlıq nümunələri, eyni zamanda arxeoloji qazıntılar nəticəsində aşkarlanan çoxsaylı mədəniyyət nümunələri ölkənin uzaq keçmişindən, zəngin mədəni irsindən xəbər verir.

 

Azərbaycan ərazilərinin 20 faizinin işğalı, eyni zamanda, işğal olunmuş ərazilərindəki mədəni irs üçün də fəlakətli fəsadlara səbəb olmuşdur. Ermənistan tərəfindən 700-dən çox tarixi abidə, 22 muzey, o cümlədən 100 min muzey eksponatı, 927 kitabxana, 58 arxeoloji yaşayış yerləri, 26 qala və qala divarı, habelə digər mədəni irs abidələri mənimsənilmiş, məhv və talan edilmişdir.

 

Bu ərazilərdə ölkə əhəmiyyətli memarlıq abidələrinə Laçında yerləşən VI əsrin Alban Ağoğlan monastırı və XIV əsrin Məlik Əjdər türbəsi, Xocavənddə IV əsrin Alban Amaras monastırı və nəzərəçarpan sayda Alban məbədləri, Xocalıda XVIII əsrin Əsgəran qalası, XIV əsrin türbələri və orta əsrlərə aid bir neçə Alban məbədləri, Kəlbəcərdə VI əsrin Alban Müqəddəs Yaqub, XIII əsrin Alban Xatirəvəng monastırları və XIII-XIV əsrlərin Lex qalası, Qazaxda V-VIII əsrlərin Alban monastırı, Füzulidə XIII-XIV əsrlərin Mirəli türbəsi və XVII əsr Karvansarayı, Zəngilanda XIV əsrin türbəsi, Cəbrayılda XVII əsrin məscid kompleksi, Şuşada XVIII-XIX əsrlərin Yuxarı və Aşağı Gövhər ağa, Saatlı məscidləri, karvansaraylar və evlər, Ağdamda XIX əsrin məscidi, Füzulidə Qaraköpəktəpə, Xantəpə, Günəştəpə, Uzuntəpə, Meynətəpə və Zərgərtəpə kimi arxeoloji qazıntılar, Neolit və Tunc dövrlərinə aid yaşayış məntəqələri, Ağdamda Tunc dövrünün Çıraqtəpə və Qarağacı və orta əsrlərin Qavurqala yaşayış məntəqələri, Cəbrayılda Tunc dövrünə aid İmanqazantəpə və Qışlaq kurqanları, Kəlbəcərdə Tunc dövrünün qaya üstü təsvirləri, Xocalıda Tunc və Dəmir dövrlərinə aid daş qutu nekropolu, Sədərəkdə Tunc dövrünə aid nekropol və yaşayış sahəsi, Laçında Dəmir və Tunc dövrlərinə aid kurqanlar və Şuşada Tunc və Dəmir dövrlərinə aid daş qutu qəbirlər və Daş dövrünə aid mağara kimi abidələr daxildir. 

 

Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış ərazilərində dünya əhəmiyyətli abidələr sırasında Cəbrayılda Tunc dövrünə aid 11 və 15 aşırımlı Xudafərin körpüləri, Niftəli kurqanları, Kəlbəcərdə orta əsrlərə aid Alban Gəncəsər və Xudavəng monastırları, Ağdamda Tunc dövrünə aid XIV əsr Qutlu Musa oğlu türbəsi və Üzərliktəpə yaşayış məntəqəsi, Xocavənddə Paleolit dövrünün Azıx və Tağlar mağaraları və Xocalıda Tunc və Dəmir dövrlərinin kurqanları kimi abidələr mövcuddur.

 

Memarlıq və arxeoloji abidələrinin zənginliyi və valehedici təbiəti ilə yanaşı Qarabağ Vaqif, Natəvan, Nəvvab, Hacıbəyov və Bülbül daxil olmaqla, təkcə Azərbaycan deyil, həm də dünya mədəni irsinə böyük töhfələri olan və beynəlxalq səviyyədə tanınan bir çox istedadların vətəni olmuşdur.

 

İşğalın ardınca bu mirasın məqsədyönlü şəkildə məhv etmə siyasəti həm Azərbaycan mədəniyyətinə, həm də dünya sivilizasiyasına bərpa olmayan bir zərbə vurmuşdur. Aydın göründüyü kimi, Ermənistan Şuşa və Qarabağın digər yaşayış məntəqələrinin mədəni görkəminin məqsədyönlü şəkildə dəyişdirməklə, abidələri məhv etməklə, memarlıq xüsusiyyətləri dəyişməklə və “arxeoloji” qazıntıları aparmaqla bunların Azərbaycan mənşəli olduğunu göstərən əlamətlərini aradan qaldırmaq məqsədi güdürdü.

 

1994-cü ildə atəşkəsin elan edilməsindən sonrakı 26 illik dövrün təhlili göstərir ki, Ermənistan tərəfindən Azərbaycan abidələrinin məhv edilməsi hərbi əməliyyatlardan sonrakı dövrdə daha geniş miqyasda aparılmışdır.

 

Belə ki, 1990-cı illərin əvvəlində hərbi əməliyyatlardan dərhal sonra Şuşadakı memarlıq  abidələri, o cümlədən Yuxarı və Aşağı Gövhər ağa məscidləri və mədrəsələri, Vaqif türbəsi, Natəvanın evi və karvansaraylar dağıdılmış, yandırılmış və talan edilmişdir.

 

Digər bölgələrə gəldikdə isə, Ağdam şəhərində “Pənah xanın imarəti” kompleksi və məscidlər, Abdal və Gülablı kəndlərində məscidlər, Ağdam rayonunda Uğurlu bəyin türbəsi və Qurban Pirimovun ev muzeyi, Xocalı rayonunda XIV əsr məqbərəsi, Kəlbəcər rayonunun Başlıbel və Otaqlı kəndlərinin məscidləri, Kəlbəcər şəhəri, Moz, Keşdək və Yuxarı Ayrım kəndlərinin qədim qəbiristanlıqları, Zəngilan rayonunun Zəngilan şəhəri, Qıraq Müşlan, Malatkeşin, Babaylı və İkinci Ağalı kəndlərində məscidlər, Cahangirbəyli, Babaylı və Şərifan kəndlərində qədimi qəbiristanlıqlar, Qubadlı rayonunun Qayalı və Məmər kəndlərində qədim qəbiristanlıqlar və Məmər kəndində məscid, Laçın rayonunun Qarıqışlaq kəndində məscid və Zabux kəndində qədim qəbiristanlıq, Cəbrayıl rayonunun Çələbilər kəndində məscid kompleksi və Xubyarlı kəndində qədim qəbiristanlıq, Füzuli rayonunun Füzuli şəhəri və Qoçəhmədli, Merdinli və Qarğabazar kəndlərində məscidlər, Xocavənd rayonunun Xocavənd, Axullu, Kuropatkin, Düdükçü və Salakətin kəndlərində qəbiristanlıqlar və Tuğ kəndində qədim qəbiristanlıq, Tərtər rayonunun Umudlu kəndində qədim hamamlar və Sədərək rayonunun Kərki kəndində qəbiristanlıq dağıdılmış, yandırılmış və talan edilmişdir. 

 

Kəlbəcər rayonunda qədim sikkələr, qızıl və gümüş işləmələr, nadir və qiymətli daşlar, xalça və digər əl işlərindən ibarət unikal kolleksiyaya malik Tarix Muzeyi, Şuşa muzeyləri, Laçın Tarix Muzeyi, Ağdam Tarix Muzeyi, Çörək Muzeyi və digərləri də məhv edilmiş, talan edilmiş və onların sərgi nümunələri müxtəlif ölkələrdə satışa çıxarılmışdır. Məsələn, şairə Natəvan, bəstəkar Üzeyir Hacıbəyovun, ifaçı və musiqiçi Bülbülün tunc heykəlləri Azərbaycan hökumətinin onları 500 min dollar qiymətinə alıb Bakıya gətirməyəcəyi təqdirdə, Gürcüstanda metal parçası kimi satılmaq üzrə idi. Necə ki, məsələn, Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda Sotheby`s auksionunda 80 min dollara satılmışdır. 

 

Barbarlıq əməlləri işğal olunmuş ərazilərin Azərbaycan mədəni simasının dəyişdirilməsi məqsədilə müxtəlif metodlarla müşayiət edilirdi. Bunların arasında, məsələn, Laçın şəhərində erməni kilsəsinin tikintisi, Xocalı hava limanının uçuş xəttinin uşaq musiqi məktəbi, kitabxana, ictimai klub və infrastruktur obyektlərinin dağıdılması hesabına uzadılması kimi genişmiqyaslı tikinti işləri var idi. Digər geniş yayılmış təcrübə isə, məsələn, Şuşa şəhərində Saatlı məscidi və Xanlıq Muxtar karvansarayı kimi müxtəlif abidələrin memarlıq elementlərinin dəyişdirilməsi, həmçinin Şuşadakı XIX əsr Mamayı bulağının üzərində olan ərəb hərfləri ilə yazının yerində erməni xaçı və yazıların həkk olunaraq abidələrin müsəlman Azərbaycan elementlərinin yad olanlarla əvəzlənməsi olmuşdur.

 

Ermənistan 2003-cü ildən Xocavənd rayonunun Azıx mağarasında və 2005-ci ilin mart ayından etibarən Ağdam şəhəri yaxınlığında yerləşən ərazidə “arxeoloji qazıntılar” aparmışdır.

 

Azərbaycan Respublikasının Ermənistanın işğalına məruz qalmış ərazilərində məzarların qarət edilməsi, şəxsi qiymətli əşyaların və əsərlərin oğurlanması məqsədilə qəbirlərin açılması geniş yayılmış təcrübə olmuşdur.

 

Ermənistandakı Azərbaycan tarixi və mədəni irsinə gəldikdə isə qeyd edilməlidir ki, münaqişənin başlanması vaxtadək salamat qalmış Yerevanın Dəmirbulaq və Göy məscidləri kimi abidələr daha sonra dağıdılmışdır. Birinci məscid yerlə yeksən edilmiş, ikincisi isə əsli dəyişdirilərək “bərpa edilmişdir”. Ermənistanın başqa bölgələrində Azərbaycan məscidləri və digər abidələri, indiki Ermənistan ərazisində yox edilmiş qədim və ya müasir dövrə aid Azərbaycan qəbiristanlıqları və Azərbaycan mənşəli toponimlər ilə yanaşı, yuxarıda göstərilən iki abidə ilə eyni aqibəti yaşamışlar.

 

Ermənistanın yuxarıda göstərilən əməlləri onun beynəlxalq hüquqda işğal olunmuş ərazilərdə mədəni irsə hörmət etmək və onu qorumaq sahəsində öhdəliklərinin ciddi şəkildə pozuntusudur.

 

Mədəni irsə vurulmuş ziyan barədə daha ətraflı məlumat aşağıdakı tədqiqatdan əldə edilə bilər:

 

“Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması”

 

 

Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması.pdf

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti