Azərbaycana qarşı hərbi təcavüz və ərazilərinin beşdə birinin təqribən 30 il ərzində davam etmiş işğalı Azərbaycanda sosial-iqtisadi sahəyə ciddi ziyan vurmuşdur. Çox sayda itkilərə və işğal edilmiş ərazilərdən bütün azərbaycanlıların etnik təmizlənməsinə səbəb olmuş bu təcavüz ölkə əhalisinin yaddaşında dərin izlər buraxmışdır. Həmçinin, fiziki infrastruktur məhv edilmiş, iqtisadi və sosial şəbəkələr, təchizat zəncirləri pozulmuş, habelə təbii ehtiyatlar qanunsuz istismar və talan edilmişdir.
İşğala məruz qalmış ərazilərdə ümumi dağıntı və dəymiş ziyan, xüsusilə də şəhər sistemlərinin tamamilə sıradan çıxması təsəvvür olunmayan bir dərəcədədir.
Hələ 2019-cu ildə aparılmış hesablamalara görə 900 yaşayış məntəqəsi, 150 000 ev, 7093 ictimai obyekt, o cümlədən 1107 təhsil müəssisəsi, 855 uşaq bağçası, 521 səhiyyə müəssisəsi, 4 sanatoriya və müalicə müəssisəsi, 927 kitabxana, 706 tarixi abidə, 22 muzey, 100 000-dən çox muzey eksponatı, 12 dövlət arxivi və 401 000 dövlət arxiv sənədi məhv edilmiş, qarət və talan edilmişdir. Bundan əlavə, 2020-ci ilin sentyabrın 27-dən noyabrın 9-dək Ermənistan silahlı qüvvələrinin məqsədyönlü şəkildə, fərq qoymadan etdiyi hücumlarda 4300-dən çox fərdi ev və yaşayış binası və 548 digər mülki obyekt dağıdılmış və yaxud ziyan görmüşdür.
2000 km uzunluğunda qaz kəməri, 34 qaz paylayıcı qurğu, 76 940 km elektrik xətti və 7586 km su kəməri, 598 rabitə qovşağı, 3052 km rabitə xətti, 28 980 km kabel-kanalizasiya qurğusu və 325,8 km dəmir yolu dağıdılmış, qarət və talan edilmişdir.
1990-ci ilin əvvəllərində öz yurdlarından qovulan azərbaycanlıların tərk etdiyi evlər və ictimai binalardan metal konstruksiyaları, borular, kərpiclər və digər tikinti materialların sökülüb talan edilməsinə dair çoxsaylı məlumatlar mövcuddur.
Ermənistan tərəfi binaları, evləri və digər obyektləri həm şəxsi qazancın əldə edilməsi, həm də bu ərazilərin işğalını mümkün qədər uzadılması və qovulmuş Azərbaycan əhalisinin evlərinə qayıtmasının qarşısının alınması üçün talan edir və dağıdırdı. Bu siyasətin bir hissəsi kimi, mənimsənilmiş tikinti materialları qanunsuz məskunlaşmış ermənilər üçün tikilən evlərdə istifadə olunurdu.
Ermənistanın təcavüzünün sosial-iqtisadi fəsadları yalnız yuxarıda qeyd olunan dağıntı, qarət və talan etmə faktları ilə məhdudlaşmır. Eyni zamanda, Ermənistanın təcavüzü Azərbaycanı işğala məruz qalmış torpaqlarda yerləşən istehsal amillərindən məhrum edərək ölkənin sosial-iqtisadi itkilərinə səbəb olmuşdur. Azərbaycan özünün sosial-iqtisadi inkişafında onilliklər ərzində bu amillərdən istifadə edə bilməmişdir.
Məsələn, Azərbaycanın işğala məruz qalmış ərazilərində mineral sudoldurma zavodları (Kəlbəcər rayonundakı Turşsu və İstisu zavodları), Qarabağ və Ağdam mərmər zavodları, daş kəsmə zavodları, məşhur və yüksək keyfiyyətli Ağdam şərabları və digər şərab məhsullarını istehsal edən zavodlar mövcud olmuşdur. Bundan əlavə, Azərbaycanının işğala məruz qalmış ərazilərində südçülük, toxuculuq, ayaqqabı fabriki, Qarabağ ipək kompleksi və digər müəssisələr fəaliyyət göstərirdi. Bakıda yerləşən şirkətlərin 50-dən çox filialı və 300-dən çox sənaye və tikinti müəssisəsi Azərbaycanın işğala məruz qalmış hissəsində qalmışdır.
Azərbaycan həmişə ölkə əhalisinin ərzaq təminatında üstünlük təşkil edən üzüm, buğda və digər kənd təsərrüfatı bitkilərinin becərilməsi ilə tanınıb. Təcavüzdən öncə, Azərbaycan Respublikasında istehsal edilən taxılın 14,3%, üzümün 31,5%, ətin 14,5%, südün 17,1%, yunun 19,3% və baramanın 17% Ermənistanın işğalına məruz qalmış Azərbaycan ərazilərinin payına düşürdü (185 000 hektar əkin yerləri və 645 000 hektar kənd təsərrüfatına yararlı torpaq sahələri işğal altında qalmışdır).
İşğala məruz qalmış ərazilərdə 300-dən çox kənd təsərrüfatı müəssisəsi, tanınmış Qarabağ damazlıq atlarını yetişdirən Ağdam at fermaları, yüzlərlə digər kollektiv və təsərrüfatlararası müəssisə, 7000-dən çox hidravlik nasos, 40 nasos stansiyası, 30-dan çox suvarma sistemi və 1200 km təsərrüfatlararası suvarma kanalları məhv edilmişdir.