Humanitar nəticələr

 

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş hərbi təcavüzü ciddi humanitar nəticələrə gətirib çıxarmışdır. 

Ermənistanın tətbiq etdiyi “yandırılmış torpaq” strategiyası bütün azərbaycanlıların işğal olunmuş ərazilərdən etnik təmizlənməsini və minlərlə mülki şəxsin, o cümlədən azyaşlıların vəhşicəsinə öldürülməsi və ya yaralanmasını əhatə edirdi.

Azərbaycan otuz ildən də çox müddətdə dünyada ən çox sayda qaçqın və məcburi köçkünü olan ölkələrdən biridir. Belə ki, işğala məruz qalmış Azərbaycan ərazilərindən, həm də Ermənistanla sərhəd yerlərdən və keçmiş işğal xəttinə bitişik ərazilərdən olan məcburi köçkünlərin sayı 820 mindən çox olmuşdur.

Bundan əlavə, 1980-ci illərin sonunda 250 000 yaxın azərbaycanlı Ermənistandakı evlərindən qovulmuşdur. Onların zorla deportasiyası qətllər, məcburi itkin düşmə, əmlakın məhv və talan edilməsi ilə müşayiət olunurdu.

2020-ci ilin sentyabr ayında Ermənistanın Azərbaycana qarşı hücumu Azərbaycanda yüz minlərlə insanın həyatına ciddi təsir göstərdi. 84.000 insan müvəqqəti olaraq daimi yaşayış yerlərini tərk etmək məcburiyyətində qalmış, onların arasında məcburi köçkün düşmə faciəsinə artıq məruz qalmış məcburi köçkünlər də var idi. 

Azərbaycana qarşı törədilmiş hərbi təcavüz nəticəsində 23.000-dən çox azərbaycanlı həyatını itirmişdir.

Bundan əlavə, Ermənistan Azərbaycana qarşı təcavüzü zamanı girovların götürülməsi və saxlanılması, azərbaycanlı əsir və girovlarla pis rəftar və onların kütləvi edam edilməsi təcrübəsindən geniş şəkildə istifadə edirdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində hələ də 3890 Azərbaycan vətəndaşı (3171 hərbçi, 719 mülki şəxs) itkin düşmüş sayılır. 3890 nəfər itkinlərdən 872 nəfərinin, o cümlədən 267 nəfər mülki şəxsin (29 uşaq, 98 qadın, 112 qoca) əsir və ya girov götürülməsi müəyyən edilmişdir. Ermənistan itkin düşmüş insanlara dair məlumatları təqdim etməkdən, habelə onların taleyi ilə bağlı operativ və effektiv araşdırmanın aparılmasından imtina etmişdir.

 

Təcavüzün törətdiyi dağıntılar haqqında təsəvvürün yaranması üçün Azərbaycanın işğala məruz qalmış ərazilərində, məsələn, 900-dən çox yaşayış məntəqəsi, 150 000 ev, 1100 təhsil ocağı və 520 səhiyyə müəssisəsinin qarət, talan və məhv edilməsini göstərmək olar.

 

Otuz illik hərbi təcavüz zamanı Ermənistan tərəfindən azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və mülkiyyətlərinə geri dönməsinin qarşısını almaq üçün məqsədyönlü təbdirlər görülürdü. Bunlar, digər əməllər ilə yanaşı, işğal olunmuş ərazilərə ermənilərin köçürülməsi, infrastruktur dəyişiklikləri, tarixi və mədəni irsin məhv və təhqir edilməsindən ibarət olmuşdur.  

Həmçinin, Ermənistan işğala məruz qalmış Azərbaycan ərazilərinə külli miqdarda minalar yerləşdirmişdir. Ermənistan işğal etdiyi ərazilərdən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən məcburi şəkildə çıxarkən də həmin ərazilərdə xeyli miqdarda minalar yerləşdirmişdir. Nəticədə, Azərbaycan dünyada ərazilərinin mina/ tərkibində partlayıcı olan digər qurğularla ən çox çirklənmiş ölkələrdən biri hesab olunur.

Ermənistan mümkün qədər insan tələfatını artırmaq məqsədilə təkcə döyüş meydanlarını deyil, eyni zamanda əkin sahələri, məzarlıqları, bağları və digər ictimai və iqtisadi obyektləri minalamışdır.

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan bəri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların partlaması nəticəsində 190 Azərbaycan vətəndaşı (10 dekabr 2021-ci il olan məlumat) həyatını itirmiş, ciddi yaralanmış və ya əlil olmuşdur. 1992-ci ildən etibarən mina və müharibədən qalmış partlayıcı qurğulara görə həlak və ya əlil olmuş insanların sayı təqribən 3500 nəfər təşkil edir.

İşğaldan azad edilmiş ərazilərin kütləvi şəkildə minalarla çirkləndirilməsi Azərbaycan Hökümətinin genişmiqyaslı bərpa və yenidənqurma planlarının həyata keçirilməsinə ciddi şəkildə maneə yaradır. Ən əsası isə, bu təxminən otuz illik etnik təmizləmədən sonra yüz minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz və layiqli şəkildə qayıtması kimi ayrılmaz hüququnun reallaşdırılmasına mənfi təsir göstərir.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti