İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma

 

Azərbaycan tərəfi mütəmadi olaraq beynəlxalq ictimaiyyəti, o cümlədən BMT və ATƏT kimi təşkilatları Ermənistanın Azərbaycan ərazilərinin işğalının möhkəmləndirilməsi və bu ərazilərin ilhaqını təmin etməyə yönəlmiş əməlləri barədə məlumatlandırırdı. Bununla əlaqədar, Ermənistan tərəfindən yerli əhalisinin tamamilə qovulduğu işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma məsələsinə xüsusi diqqət yetirilmişdir.

 

Ermənistan insanları işğal edilmiş Azərbaycan ərazilərinə yalnız Ermənistandan deyil, həmçinin digər ölkələrdən, o cümlədən böyük erməni diasporasının yaşadığı və daxili qeyri-sabitliyə məruz qalmış Yaxın Şərq (Suriya və ya İraq kimi) ölkələrindən köçürürdü. Məsələn, Suriyadan, xüsusi ilə Suriyanın Qamışlı və Hələb şəhərlərindən olan bir çox erməni Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülmüşdür. İşğala məruz qalmış Azərbaycan ərazilərində yerləşdirilmiş Suriya və İraq qaçqınlarının həmin ərazilərdə Ermənistan silahlı qüvvələrində hərbi xidmətə cəlb olunduqları barədə məlumatlar mövcud idi.

 

İşğala olunmuş ərazilərdə məskunlaşdırma fəaliyyəti dəqiq qoyulmuş məqsəd və coğrafi hədəf nəzərə alınmaqla öncədən planlaşdırılmış və mütəşəkkil şəkildə həyata keçirilirdi.

 

Ermənistan işğaldan öncə ermənilərin yaşamadığı Azərbaycan rayonlarının (məsələn, Laçın, Kəlbəcər, Qubadlı və s.) məskunlaşdırılmasına xüsusi səylər göstərərək bu məqsədlə məskunlaşdırmaya xidmət edən daimi sosial və iqtisadi infrastruktur qururdu.

 

Bu qeyri-qanuni fəaliyyətlər Ermənistan rəsmilərinin Ermənistanın Azərbaycana əraziləri qaytarmayacağı və ya bununla bağlı danışıqlar aparmadığı barədə bəyanatları fonunda baş verirdi.

 

Məskunlaşdırma bu ərazilərin etnik-mədəni xüsusiyyətlərinin dəyişdirilməsinə paralel aparılırdı. İşğal edilmiş ərazilərdə Azərbaycanın tarixi yerlərinin demək olar ki, bütün əsl toponimləri dəyişdirilmişdir. Məsələn, Şuşa, Laçın və Kəlbəcər şəhərləri Ermənistan tərəfindən müvafiq olaraq “Şuşi”, “Berdzor” və “Karvaçar” kimi adlandırılmışdır. Toponimlərin dəyişdirilməsi ilə bağlı həmçinin qeyd olunmalıdır ki, Ermənistan tarixi paralellər aparmaq, insan hisslərini istismar etmək və beləliklə daha çox erməniləri işğal olunmuş ərazilərə köçməsini təşviq etmək səyləri çərçivəsində yeni və mövcud olan yaşayış məntəqələrinə tarixi konnotasiyalı coğrafi adların (“Yeni Kilikiya”, “Van” və s. kimi) verilməsi kimi fəndlərə əl atırdı.

 

Erməniləri işğal olunmuş ərazilərə köçməsini təşviq etmək məqsədilə subsidiyalar və stimullar sxemi tətbiq olunurdu. Məskunlaşdırma prosesinin müxtəlif mərhələlərində əsasən endirimli və ya ödənişsiz kommunal xidmətlər, pulsuz tikinti materialları, az və ya heç bir verginin tətbiq edilməməsi, təmənnasız tikinti materiallarla təminat (ev/mənzil, torpaq və digər yardımlar), kənd təsərrüfatı qrantları, kreditlər, mal-qara ilə təminat və s. kimi müxtəlif üsullar tətbiq olunurdu. Mühacirlər arasında artımı stimullaşdırmaq üçün xüsusi sosial proqramlar (əsasən birinci, ikinci və daha çox uşaq üçün birdəfəlik maddi yardım və 18 yaşadək olan 6 uşaqlı ailələrə ev ilə təminat) tərtib olunmuşdur.

 

Ermənistan qanunsuz fəaliyyətlərini təkcə dövlət orqanları deyil, həm də öz diasporası və xeyriyyə təşkilatları vasitəsilə həyata keçirmişdir. Məsələn, Ermənistanın yaratdığı və nəzarət etdiyi Hayastan Ümumerməni Fondu “Artsax kəndlərinin məskunlaşdırılması” adlı xüsusi layihə hazırlayıb həyata keçirirdir. 

 

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti ilə BMT-nin Təhlükəsizlik Şurasının (822 (1993), 853 (1993), 874 (1993), 884 (1993)), Baş Assambleyasının (A/Res/48/114 və A/Res/62/243) qəbul etdiyi qətnamələri və beynəlxalq humanitar hüququ pozmuşdur. Belə ki, Ermənistanın qoşulduğu IV Cenevrə Konvensiyasının 49-cu maddəsində qeyd edilir ki, “işğalçı qüvvə öz mülki əhalisinin bir hissəsini işğal etdiyi əraziyə deportasiya edə və ya köçürə bilməz”. Bu, işğalçı dövlətin əhalisindən və yaxud demoqrafik tarazlığı dəyişmək niyyəti ilə işğalçı dövlət tərəfindən təşviq olunmuş şəxslərdən ibarət yaşayış məntəqələrinin yaradılmasını qadağan edən qanunun aliliyinin əsasını və onun ifadəsini təşkil edir.

 

İşğal olunmuş ərazilər ilə əlaqədar humanitar hüququn ənənəvi qaydalarına əlavə olaraq, Ermənistan Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya və Avropa İnsan Hüquqları Konvensiyası kimi beynəlxalq insan hüquqları müqavilələrinin müddəalarına tabedir. Azərbaycan ərazilərinin işğalı ilə bağlı müvafiq qanunları pozduğu üçün Ermənistan beynəlxalq hüquq altında məsuliyyət daşıyır.  

 

İşğal olunmuş ərazilərin tarixi və mədəni xüsusiyyətlərinin dəyişdirilməsi, bu əraziləri Azərbaycan və azərbaycanlılarla əlaqələndirən hər şeyin silinməsi, orada erməni əhalisinin süni şəkildə artırılması və Ermənistan tərəfindən həyata keçirilmiş çox saylı digər qanunsuz əməllər işğal olunmuş ərazilərin məhz ilhaq edilməsi məqsədi ilə törədilmişdir. Ermənistanın bu siyasəti çərçivələri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının sənədləri ilə müəyyən olunmuş münaqişənin nizamlanması üzrə danışıqlara zidd idi. Bu, Ermənistanın danışıqlara münasibətini əks etdirərək, onların heç bir nəticə verməməsinin əsl səbəbini üzə çıxarmışdır. 

 

Ermənistanın işğalına məruz qalmış Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma barədə daha ətraflı məlumatı aşağıdakı hesabatlardan əldə etmək olar:

 

AZƏRBAYCANIN ERMƏNİSTANIN İŞĞALI ALTINDA OLAN ƏRAZİLƏRİNDƏ

QEYRİ-QANUNİ FƏALİYYƏTLƏR:

PEYKDƏN ÇƏKİLMİŞ ŞƏKİLLƏRLƏ SÜBUTLAR 2019

 

 AZƏRBAYCANIN İŞĞAL  OLUNMUŞ ƏRAZİLƏRİNDƏ

QEYRİ-QANUNİ İQTİSADİ VƏ DİGƏR FƏALİYYƏTLƏR

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış hesabat (2016)

 

 

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti