Çoxtərəfli münasibətlər
Çoxtərəfli münasibətlər
Beynəlxalq təşkilatlar
Azərbaycan - BMT-nin Ətraf Mühit Proqramı (UNEP) münasibətləri

Azərbaycan Respublikası ilə UNEP arasında əməkdaşlıq əsasən aşağıdakı fəaliyyət istiqamətləri üzrə həyata keçirilir: Xəzər dənizi (Tehran Konvensiyası), ətraf mühitin yaxşılaşdırılması vasitəsilə yoxsulluğun aradan qaldırılması, Ətraf Mühit və Təhlükəsizlik Təşəbbüsünün (ENVSEC) əlaqələndirilməsi, məlumatlandırma, Cenevrə Ətraf Mühit Şəbəkəsi, biomüxtəliflik şəbəkəsi, Şərqi Avropa və Cənubi Qafqazda Dayanıqlı Enerji Planlaşdırılması, Şərq Tərəfdaşlığı ölkələrində “yaşıl” iqtisadiyyat.

 

Azərbaycan Respublikasında “Ekologiya ili” elan olunmuş 2010-cu ildə UNEP tərəfindən Bakı şəhəri İtaliyanın Genuya və İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün üç əsas şəhərdən biri elan edilmişdir.

 

2010-cu ilin 5-7 iyul tarixlərində Qəbələ şəhərində UNEP-in və Azərbaycan tərəfinin təşkilatçılığı ilə biomüxtəliflik mövzusuna həsr olunmuş Avropa Ətraf Mühit Nazirlərin yüksək səviyyəli Konfransı keçirilmiş, müzakirələrin yekunu olaraq Qəbələ Bəyannaməsi qəbul olunmuşdur. 2012-ci ilin 16 noyabr tarixində Bakıda Avropanın Ətraf Mühit və Səhiyyə üzrə Nazirlər Şurasının 3-cü iclası keçirilmişdir.

 

UNEP-in müraciətinə əsasən, 2014-cü il 29 aprel tarixində Proqramın Etimad Fonduna Azərbaycan tərəfindən 40 min ABŞ dolları məbləğində könüllü ianə formasında ödəniş edilmişdir.

 

Azərbaycan Respublikası UNEP ilə o cümlədən “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” üzrə fəaliyyət çərçivəsində əməkdaşlıq edir. Konvensiya və onun dörd Protokolunun inkişaf etdirilməsində UNEP Azərbaycana yardım göstərir. 2011-ci ildə UNEP tərəfindən Xəzər Dənizinin Ətraf Mühitinin Vəziyyəti barədə ilk hesabat hazırlanmışdır. Eyni zamanda, UNEP sözügedən Konvensiyanın Katibliyinə himayədarlıq edir və onun regional Katibliyinin təsis edilməsi üzrə iş aparılır.

 

Azərbaycan Respublikası UNEP çərçivəsində qəbul edilmiş bir sıra beynəlxalq konvensiyalara tərəfdir və onları ratifikasiya etmişdir. Həmin Konvensiyalar çərçivəsində müvafiq öhdəliklərə uyğun olaraq müntəzəm olaraq UNEP-in dəstəyi ilə hesabatlar, milli fəaliyyət planları hazırlanaraq təqdim olunur və potensialın artırılması məqsədilə seminarlar və görüşlər keçirilir.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti