Azərbaycan 10 aprel 1992-ci il tarixində BTİ-yə üzv qəbul olunmuş və ölkənin BTİ ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur.
Ölkəmizin nümayəndə heyətləri BTİ-nin müxtəlif tədbirlərdə iştirak etmiş, təşkilatın baş katibinin ölkəmizə səfərləri baş tutmuşdur.
29 noyabr – 2 dekabr 2016-cı il tarixlərində BTİ-nin baş katibi H.Çjao Bakı şəhərində keçirilmiş Bakutel 22-ci Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmiş və ölkəmizə səfəri çərçivəsində ölkə rəhbərliyi tərəfindən qəbul olunmuşdur.
20 oktyabr – 7 noyabr 2014-cü il tarixində Koreyanın Pusan şəhərində keçirilmiş BTİ-nin növbəti Səlahiyyətli Konfransı çərçivəsində keçirilmiş seçkilərdə Azərbaycan 94 səs toplayaraq ilk dəfə olaraq 4 il müddətinə Şərqi Avropa və Şimali Asiya regionundan BTİ Şurasına üzv seçilmişdir.
2018-ci ilin 5 noyabr tarixində Dubay şəhərində keçirilmiş BTİ-nin növbəti səlahiyyətli konfransı çərçivəsində baş tutmuş seçkilərdə Azərbaycan yenidən BTİ Şurasına 2019-2022-ci illər müddətinə üzv seçilmiş, həmçinin təşkilatın Radio Tənzimləmə Komitəsinə Azərbaycanın namizədi seçilmişdir.
Azərbaycanın işğal olunmuş ərazilərində informasiya və kommunikasiya texnologiyaları sahəsində qeyri-qanuni çalışan şirkətlərin fəaliyyətlərinə xitam verilməsi üçün BTİ üzv ölkələri arasında təmimi əsasda yayılması məqsədilə 2017-ci ildə AR xarici işlər naziri adından BTİ-nin hazırkı baş katibinə müvafiq məktub ünvanlanmışdır. Nəticədə, 1 iyul 2017-ci il tarixində dərc edilmiş BTİ-nin operativ bülletenində Azərbaycan tərəfinin haqlı mövqeyi işıqlandırılmışdır.
BTİ ilə Azərbaycan arasında yüksək səviyyədə əməkdaşlıq, faydalı və işgüzar münasibətlər nəzərə alınaraq, 2015-ci ildə BTİ-nin 150-ci ildönümünü münasibətilə ölkəmiz təşkilatın 3 “Qızıl Tərəfdaş”ından biri seçilmişdir.