Azərbaycan - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM)

 

GUAM Məşvərət Forumu 10 oktyabr 1997-ci ildə Avropa Şurasının Strasburq şəhərində keçirilmiş Zirvə Görüşündə iştirak çərçivəsində yaradılmışdır. 23 may 2006-cı ildə Kiyevdə keçirilmiş Zirvə Görüşündə iştirakçı dövlətlərin dövlət başçılarının GUAM nizamnaməsini imzalamaları ilə GUAM təşkilat statusuna sahib olmuşdur.

Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası və Ukrayna GUAM-ın təsisçiləri və hazırkı üzv-dövlətləridir.

Demokratiyanın inkişafı, iqtisadi inkişaf, təhlükəsizlik və sabitlik GUAM-ın əsas məqsədləri sırasındadır və üzv dövlətlər bu istiqamətdə fəal əməkdaşlıq edir. İqtisadi əməkdaşlığın ticarət, nəqliyyat, gömrük, turizm, texnologiyalar kimi sahələri GUAM çərçivəsində əməkdaşlığın prioritet istiqamətləridir. GUAM Azad Ticarət Sazişi və GUAM Nəqliyyat Dəhlizi təşkilat çərçivəsində ən vacib layihələrdir.

Nizamnaməyə uyğun olaraq, GUAM çərçivəsində əməkdaşlıq aşağıdakı mexanizmlər tərəfindən aparılır:

  • Dövlət və Hökumət Başçıları Şurası
  • Xarici İşlər Nazirləri Şurası
  • Milli Əlaqələndiricilər Şurası
  • Daimi Nümayəndələr Şurası
  • Katiblik

GUAM çərçivəsində sahəvi əməkdaşlıq ticarət, nəqliyyat, gömrük, turizm, enerji, fövqəladə hallar, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq, təbii fəlakətlərin idarə olunması, təhsil, mədəniyyət, elm və texnologiya və s. kimi işçi orqanlar tərəfindən aparılır.

GUAM İşgüzar Şurası və GUAM Parlament Assambleyası GUAM-ın əlaqədar təşkilatlarıdır.

GUAM katibliyi nizamnaməyə əsasən Kiyev şəhərində yerləşir. Altay Əfəndiyev təşkilatın baş katibidir.

 

Təsisçi üzv dövlət olaraq, Azərbaycan Respublikası GUAM çərçivəsində fəal əməkdaşlıq edir və təşkilatın daha layihə yönümlü quruma çevrilməsi təşəbbüslərini dəstəkləyir. Azərbaycan ticarət, nəqliyyat, gömrük, enerji, turizm, texnologiyalar və kənd təsərrüfatı kimi sahələrdə qarşılıqlı fayda əsasında əməkdaşlığa xüsusi önəm verir, ticarət və nəqliyyatın asanlaşdırılması və rəqəmsallaşdırılması üzrə layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır.

Azərbaycan 2007-2008, 2012, 2016 və 2020-ci illərdə GUAM-da sədrlik etmişdir. Prioritet istiqamətlərinin ticarət və nəqliyyat müəyyən edildiyi sonuncu sədrlik proqramı COVID-19 pandemiyasına baxmayaraq, çox sayda onlayn görüş, müzakirə və qərarların qəbul edilməsi ilə həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri eyni zamanda ölkəmizin GUAM yanında daimi nümayəndəsidir.

         

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti