Waving Flag of the United States (Animated Gif)

Amerika Birləşmiş Ştatları

 

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları (ABŞ)  arasındakı ikitərəfli münasibətlər

 

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında diplomatik əlaqələr 1992-ci ilin 28 fevral tarixində qurulmuşdur. Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi 1992-ci ilin martında, ABŞ-ın Azərbaycandakı Səfirliyi isə 1992-ci ilin noyabr ayında açılmışdır.

Azərbaycanın Los Anceles şəhərində Baş Konsulluğu 9 avqust 2005-ci il tarixində təsis olunmuşdur.

2016-cı ilin 30 mart – 1 aprel və 2017-ci ilin 17 – 20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-a işgüzar səfərləri baş tutmuşdur.

2016-cı ilin 30 mart – 1 aprel, 2018-ci il 21 sentyabr – 1 oktyabr, 2019-cu ilin 19 iyun, 2019-cu ilin 23-29 sentyabr tarixlərində xarici işlər naziri Elmar Məmmədyarovun, 2020-ci ilin 22-23 oktyabr tarixlərində xarici işlər naziri Ceyhun Bayramovun ABŞ-a işgüzar səfərləri baş tutmuşdur.

 

Parlamentlərarası əlaqələr:
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidovdur.

ABŞ Konqresində də Azərbaycan üzrə işçi qrupu (24 mart 2004-cü ildən) fəaliyyət göstərir.

Stiv Şabot (R-OH),  Stiv Koen (D-TN), Robert Aderholt (R-AL) və Henri Kuellar (D-TX) Konqresdə Azərbaycan üzrə işçi qrupunun həmsədrləridir.

 

Müqavilə-hüquq bazası:

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında 86 sənəd imzalanmış və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

2020-ci ildə Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi 660.8 milyon ABŞ dolları təşkil etmişdir (idxalın həcmi 635.9 milyon ABŞ dolları, ixracın həcmi isə 24.9 milyon ABŞ dolları).

Azərbaycanın ixrac etdiyi məhsullar : xam neft və başqa yanacaq məhsulları, təbii meyvə şirələri və mürəbbələr, xalça və toxuculuq malları, dərman və ətir hazırlamaq üçün bitkilər, şərab məmulatları, kimya məhsulları, radio və radar avadanlıqlar.

Azərbaycanın idxal etdiyi məhsullar : mülki təyyarə, onun mühərrik və ehtiyat hissələri (47.1 %), maşın, avadanlıq və cihazlar, eyni zamanda onların ehtiyat hissələri (19.6 %), borular, çənlər və onlara aid hissələr (3 %) və digər mallar (30.2 %).

İqtisadi sahə üzrə qüvvədə olan əsas sazişlər : Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında ticarət münasibətləri haqqında saziş (1993),  Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında sərmayə qoyuluşunun qarşılıqlı qorunması və təşviq edilməsi haqqında müqavilə (1997), Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Azərbaycan-Birləşmiş Ştatlar İqtisadi Tərəfdaşlıq Komissiyasının yaradılması haqqında əməkdaşlıq memorandumu (2007).

Hökumətlərarası Birgə Komissiya : Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyası 2007-ci ildə təsis edilmişdir. Komissiyanın sonuncu iclası 2019-cu ilin may ayında Bakı şəhərində keçirilmişdir.

 

Diplomatik nümayəndəlik:

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi

Ünvan: 2741 34th str. N.W., Washington, DC 20008, USA

Səfirliyin internet səhifəsi: www.washington.mfa.gov.az  

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti