Beynəlxalq Əməkdaşlıq
Beynəlxalq Əməkdaşlıq
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə

Ümumi məlumat

Avropa və Asiya qitələrinin kəsişməsində yerləşən Azərbaycan Respublikasının ərazisi transmilli səviyyədə narkotiklərin qanunsuz dövriyyəsi məqsədilə istifadəyə məruz qalmışdır.

Həmçinin, Azərbaycan Respublikası ərazilərinin 20%-nin 30 ilə yaxın Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılması nəticəsində Azərbaycan Respublikasının dövlət sərhədlərinin 132 km-lik hissəsinin ölkəmizin nəzarətindən kənar qalması bu ərazilərin narkotiklərin qanunsuz yetişdirilməsi və dövriyyəsi məqsədilə istifadə olunmasına gətirib çıxarmışdır. Bu fakt bir sıra dövlətlərin və beynəlxalq təşkilatların hesabatlarında da əksini tapmışdır.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün və dövlət sərhədləri üzərində nəzarətin bərpa olunmasından sonra Azərbaycan Respublikası hazırda həmin ərazini öz nəzarəti altına almışdır və narkotiklərin qanunsuz dövriyyəsi istiqamətində atılan addımların qarşısı alınır.

Azərbaycan Respublikası ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi və aidiyyəti hüquq-mühafizə qurumları tərəfindən aparılan əməliyyatlar nəticəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş Ağdam, Qubadlı, Şuşa, Xocavənd, Zəngilan, Füzuli və Kəlbəcər rayonlarında ümumi həcmi 20 tondan çox olan çətənə kolları, eləcə də külli miqdarda digər növ narkotik vasitə və psixotrop maddə aşkarlanaraq məhv edilmişdir.

Milli səviyyədə həyata keçirilən tədbirlər

Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə siyasətini üç əsaslı yanaşma ilə həyata keçirir: narkotik maddələrə tələbatın azaldılması, narkotik vasitələri təchizatının azaldılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi.

  1. Narkotik maddələrə tələbatın azaldılması

Narkotiklərdən asılı olan insanların müalicə metodları və bu istiqamətdə təbliğat kampaniyaları ilə yanaşı Azərbaycan Respublikasının əlaqəli qurumları narkotik maddələrə tələbatın azaldılması üzrə effektiv qabaqlayıcı tədbirlər həyata keçirir.

Azərbaycan Respublikası Baş Nazirinin müavininin rəhbərliyi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası bu prosesdə mühüm rol oynayır. Komissiya narkotiklərdən qeyri-qanuni istifadəyə qarşı mübarizə və narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Dövlət proqramları qəbul edir və həmin proqramın aidiyyəti qurumlar tərəfindən icrasına nəzarət edir. Bu istiqamətdə sonuncu dövlət Proqramı 2019-2024-cü illər üzrə qəbul edilmişdir.

Həmçinin, Komissiya sözügedən istiqamət üzrə qurumlararası əlaqələndirici olmaqla yanaşı ictimai maarifləndirmə sahəsində də məsul qurumdur.

Komissiya ölkənin bütün ərazisini əhatə etmək məqsədilə regionlarda öz yerli bölmələrini qurmuş və əhali arasında narkotiklərdən istifadənin ziyanı və mənfi nəticələri ilə bağlı fəal təbliğat kampaniyaları aparır.

Narkotiklərə aludə olmuş şəxslərin müalicə metodlarının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə müvafiq metodlar təkmilləşdirilmiş və müalicə mərkəzləri ən son avadanlıqlarla təchiz olunmuşdur.

 

Narkotik təchizatının azaldılması

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə aparan hüquq mühafizə orqanlarının tərəfindən narkotik təchizatının azaldılması tədbirləri həyata keçirilir.

Araşdırmalara əsasən Azərbaycan Respublikası ərazisində narkotiklərin qanunsuz daşınması üzrə aşağıdakı əsas marşrutlar mövcuddur:

Əfqanıstan- İran-Azərbaycan-Avropa

Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa

Beynəlxalq əməkdaşlıq

Narkotiklərin qeyri-qanuni daşınmasının və istifadənin bir çox ölkəyə təsir etdiyini nəzərə alaraq, bu istiqamətdə ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması çox vacibdir.

Azərbaycan Respublikası BMT-nin “Narkotik vasitələr haqqında 1961-ci il Vahid Konvensiyası”na, “Psixotrop maddələr haqqında 1971-ci il Konvensiyası”na, “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında 1988-ci il Konvensiyası”na qoşulmuş və bir sıra ölkələrlə əməkdaşlıq sazişləri imzalamışdır.

BMT Konvensiyaları ilə yanaşı Azərbaycan Respublikası Avropa Şurası Nazirlər Komitəsinin narkotiklərdən qeyri qanuni istifadə və narkotiklərin qanunsuz daşınmasına qarşı mübarizə üzrə əməkdaşlıq (80 (02) and 80 (15) saylı qətnamələr) haqda Avropa Şurasının Pompidu Qrupuna qoşulmuş və ABŞ, Böyük Britaniya, Almaniya, Misir, Körfəz ölkələri, MBD ölkələri və digər ölkələrin müvafiq qurumları ilə müvafiq razılaşmalar imzalamışdır.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMTNCİ) və onun Mərkəzi Asiya üzrə Regional Ofisi ilə Azərbaycan Respublikasının dövlət qurumları arasında mövcud olan əməkdaşlıq çərçivəsində, ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə və narkotik vasitələrdən asılılığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsinə müvafiq dəstək göstərilməkdədir.

Azərbaycan narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilən bir sıra beynəlxalq layihələrdə iştirak edir. Avropa İttifaqı və BMT-nin maliyyə dəstəyi ilə Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramı çərçivəsində Daxili İşlər Nazirliyi tərkibində doqquz regional mərkəz yaradılmış və narkotiklər, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı milli elektron baza yaradılmışdır.

Azərbaycan qərargahı  Qazaxıstanın Almatı şəhərində yerləşən Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin (MARİƏM) aktiv üzvüdür. Mərkəzin təşəbbüskarı olaraq, Azərbaycan Respublikası MARİƏM-i region ölkələrinin bu istiqamətdə uğuru və regional əməkdaşlığın nümunəsi hesab edir.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti