Beynəlxalq Əməkdaşlıq
Beynəlxalq Əməkdaşlıq
Humanitar və sosial sahədə çoxtərəfli əməkdaşlıq

Humanitar sahədə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birini Ermənistanın hərbi təcavüzündən əziyyət çəkmiş soydaşlarımızın pozulmuş hüquqları barədə beynəlxalq səviyyədə məlumatlılığı artırmaq və bu hüquqların bərpası istiqamətində fəaliyyətlər təşkil edir. Azərbaycan vətəndaşlarının zorakı itkin düşməsindən əziyyət çəkən ölkə kimi itkin düşmüş şəxslər probleminin həlli üçün beynəlxalq səylərə öz töhfəsini verir. Dörd minə yaxın Azərbaycan vətəndaşı Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş kimi qeydiyyata alınmışdır. Azərbaycan BMT Baş Assambleyası tərəfindən ilk dəfə 2002-ci ildə qəbul edilmiş və iki ildən bir irəli sürülən “İtkin düşmüş şəxslər” qətnaməsinin əsas müəllifidir. Qətnamə itkin düşmüş şəxslər probleminin bütün əsas məqamlarına toxunaraq, itkin düşmənin ailələrin əzab çəkməsinə və münaqişələrin həlli üzrə səylərə mənfi təsirə səbəb olduğunu qeyd edir. Qətnamə silahlı münaqişələrə tərəf olan dövlətləri beynəlxalq öhdəliklərinə uyğun olaraq itkin düşmə probleminin həlli üçün əməkdaşlıq etməyə çağırır.

 

Bu istiqamətdə həyata keçirilən digər addım BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasında ölkəmizin əsas müəllifliyi ilə iki ildən bir irəli sürülən “Hərbi münaqişələr zamanı, sonradan həbs olunanlar da daxil olmaqla, girov götürülmüş qadın və uşaqların azad edilməsi” adlı qətnamənin BMT üzvləri tərəfindən qəbul edilməsidir. Qətnamədə, qadın və uşaqların münaqişələr zamanı işgəncəyə məruz qalması, girov götürülməsi, öldürülməsi və insan alverinə məruz qalması halları pislənir, preventiv işlərin həyata keçirilməsi tələb olunur.

 

Ermənistanın təcavüzündən əziyyət çəkmiş vətəndaşlarımıza dəstək, xüsusilə də itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasında əməkdaşlıq etdiyimiz təşkilatlardan biri Beynəlxalq Qızıl Xaç Komitəsidir (BQXK). Təşkilat 1992-ci ildən ölkəmizdə fəaliyyət göstərir. Münaqişə nəticəsində itkin düşmüş şəxslər barədə ante-mortem məlumatların toplanması istiqamətində 2008-ci ildən BQXK ilə əməkdaşlıq edilir. İtkin düşmüş şəxslərin ailə üzvlərindən DNT nümunələrinin toplanması 2014-cü ildən həyata keçirilmişdir. Təşkilat itkin düşmüş şəxslərin ailələrinə psixoloji dəstəklə bağlı fəaliyyətlər də həyata keçirir.

 

Azərbaycan işğaldan azad edilmiş ərazilərində kütləvi məzarlıqların aşkarlanması və ekshumasiya işlərinin aparılmasında da BQXK ilə əməkdaşlıq edir. 2022-ci ilin iyunundan başlayaraq BQXK ilə birlikdə coğrafi koordinatları bəlli olan 6 ərazidə insan qalıqlarının çıxarılması üçün pilot layihə həyata keçirilmişdir.  Axtarış və ekshumasiyada iştirak edən qurumların nümayəndələri üçün təlim və seminarlar təşkil edilmişdir. İşğaldan azad edilmiş ərazilərimizin minalarla kütləvi çirkləndirilməsi axtarış əməliyyatları üçün əsas maneədir.

 

BQXK müharibənin təsirinə məruz qalmış icmaların su təchizatını yaxşılaşdırmaqda və ailə təsərrüfatlarının dəstəklənməsində  də Azərbaycan hökumətinə yardım edir. Bundan əlavə, hərbçilər, jurnalistlər və tələbələr arasında beynəlxalq humanitar hüquq sahəsində biliklərin artırılması BQXK ilə əməkdaşlığın istiqamətlərindən birini təşkil edir. BQXK nümayəndələri azadlıqdan məhrum edilmiş şəxslərin saxlanma şəraitinin qəbul edilmiş standartlara uyğunluğunu təşviq etmək üçün həbsxanalara baş çəkir. BQXK-nin həbsxanalarda vərəm xəstəliyinin müalicəsi ilə bağlı Ədliyyə Nazirliyi ilə birgə həyata keçirdiyi layihə bu sahədə dünyada nümunəvi təcrübələrdən biri olmuşdur.

 

Azərbaycan itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün ICMP (İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya) təşkilatı ilə də əməkdaşlıq etməyə başlamışdır. 2023-cü ilin mayında ICMP-nin ölkəmizə qiymətləndirmə səfəri təşkil edilmişdir.

 

2023-cü il sentyabrın 18-də Azərbaycan “İkin düşmüş şəxslərin taleyinin aydınlaşdıırlması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda ilk beynəlxalq konfransını keçirmişdir. Konfrans dünyanın müxtəlif ölkələrindən siyasətçilər, sabiq dövlət və hökumət başçıları, diplomatlar, ekspertlər, itkin düşmüş şəxslərin ailə üzvləri və BQXK, ICMP və Beynəlxalq Miqrasiya Təşkilatından nümayəndələri bir araya toplamışdır. Tədbir iştirakçıları tərəfindən itkin düşmüş şəxslər probleminin qarşısının alınması və müsbət həlli üçün milli və beynəlxalq səylərin gücləndirilməsinə çağırış edən yekun bəyanat qəbul edilmişdir.

 

Azərbaycan 2021-ci ildə yaradılmış İtkin düşmüş şəxslər üzrə Qlobal Alyansın üzvüdür. Bir neçə ölkəni özündə birləşdirən Alyans insanların yoxa çıxması və ayrı düşməsinin qarşısını almaq və həll etmək üçün dövlətlərin diplomatik və siyasi imkanları, eləcə də kollektiv təsirlərindən istifadə etməyi hədəfləyən bir təşəbbüsdür.

 

Azərbaycan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə də əməkdaşlıq edir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının əsas tərkib hissəsindən biri olan və 190 milli qızıl xaç və qızıl aypara cəmiyyətlərini özündə birləşdirən Federasiya dünyanın ən iri miqyaslı humanitar təşkilatıdır. 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərmiş Federasiya məcburi köçkün və qaçqınlara ərzaq və qeyri-ərzaq malları ilə yardımlar göstərmiş, köçkün düşərgələrinin tibbi, təhsil, infrastruktur, sanitariya və su kimi sosial ehtiyaclarının ödənilməsinə köməklik etmişdir. 2018-ci ildə Federasiyanın Baş katibinin ölkəmizə səfəri zamanı təşkilatla Azərbaycan hökuməti və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmış fəlakət riskinin idarə edilməsi, milli cəmiyyətin imkan quruculuğunun artırılması, səhiyyə, Qızıl Xaç və Qızıl Aypara şəbəkəsinin gücləndirilməsi və Hərəkatın fundamental prinsiplərinin yayılması istiqamətləri üzrə əməkdaşlıq edilməsinə dair razılığa gəlinmişdir. Federasiya COVID-19 pandemiyası və Ermənistanın hərbi təcavüzündən əziyyət çəkmiş insanlara dəstək istiqamətlərində Azərbaycan hökumətinin səylərini dəstəkləyir və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin potensialının gücləndirilməsinə yardım edir.

 

Ermənistanın hərbi təcavüzünün nəticələrindən ən çox əziyyət çəkən insanların daxili məcburi köçkünlər olduğunu nəzərə alaraq, onların hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi hər zaman diplomatik səylərimizin mərkəzində olmuş, onların öz evlərinə könüllü, təhlükəsiz və ləyaqətlə qayıtması məsələsi daim gündəmdə saxlanılmışdır. Bir çox beynəlxalq təşkilatların sənədlərində azərbaycanlı məcburi köçkünlərin öz evlərinə könüllü və təhlükəsiz qayıtmaq hüququ təsbit olunmuşdur. Bununla yanaşı, Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş bir milyon azərbaycanlının sosial problemlərinin həlli istiqamətində Azərbaycan hökumətinin gördüyü işlər beynəlxalq təşkilatlar tərəfindən nümunəvi təcrübə kimi qiymətləndirilmişdir.

 

Torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan hökumətinin bu ərazilərlə bağlı əsas prioritetləri onların mina və digər partlayıcı silahlardan təmizlənməsi, münaqişə dövründə tamamilə dağıdılmış yaşayış məntəqələrinin bərpası və məcburi köçkünlərin öz doğma torpaqlarına könüllü, təhlükəsiz və ləyaqətli qayıdışı üçün zəruri şəraitin yaradılmasıdır. İşğaldan azad edilmiş ərazilərin reabilitasiya prosesinə ciddi mina çirkləndirilməsi və infrastrukturun tamamilə dağıdılmasının mane olması faktı beynəlxalq səviyyədə tərəfimizdən daim qaldırılır. Beynəlxalq ictimaiyyətə mütəmadi olaraq ölkəmizdə yüzlərlə mina qurbanı, o cümlədən onların arasında otuz illik ayrılıqdan sonra öz torpaqlarına qayıtmağa səbirsizlənən məcburi köçkünlərin olması barədə məlumat verilir. Bütün bu ciddi çətinliklərə baxmayaraq, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura qayıdış prosesi artıq başlamışdır. 2022-ci ilin noyabrında qəbul edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən proqramın əhatə etdiyi 2026-cı ilin sonunadək olan dövrdə 34 500 ailənin işğaldan azad edilmiş ərazilərə qayıdışının təşkil edilməsi planlaşdırılır.

 

Azad edilmiş torpaqlarımızın münaqişə dövründə urbisidə məruz qalaraq dağıdılması və həmin ərazilərdə şəhər planlaşdırılması və urbanlaşdırmanın yüksək standartlara uyğun olaraq həyata keçirilməsinin ölkəmiz qarşısında duran əsas prioritetlərdən birinə çevrilməsi başlıca məqsədi insanların layiqli yaşayış yeri ilə təmin edilməsi, planlı və keyfiyyətli urbanizasiya olan BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə son illərdə əməkdaşlığın gücləndirilməsinə əsas vermişdir. Proqramın rəhbəri 2022-ci ildən bir neçə dəfə ölkəmizdə səfərdə olmuş, 2022-ci ildə Ağdam, 2023-cü ildə isə Zəngilanda keçirilmiş milli şəhər forumlarında, eləcə də Bakıda ilk dəfə 2023-cü ildə keçirilmiş Dünya Məskunlaşma Günündə iştirak etmişdir. 2022-ci ildə təşkilat tərəfindən əməkdaşlıq üçün təqdim edilmiş Yol xəritəsində işğaldan azad edilmiş ərazilərimizdə insan məskənlərinin bərpası üçün texniki dəstək və bacarıqların artırılmasına  dair prioritet əməkdaşlıq istiqaməti təklif edilmişdir. 2023-cü ilin mayından bu məqsədlə UN-Habitatın ölkəmizdə layihə ofisi fəaliyyətə başlamışdır.

 

Azərbaycan Respublikası məcburi köçkünlərin sosial problemlərinin həlli üçün uzun illər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) ilə əməkdaşlıq etmişdir. 1992-ci ildən ölkəmizdə fəaliyyət göstərən BMTQAK  məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və onların yaşayış səviyyəsinin gəlir gətirən fəaliyyət növləri vasitəsilə artırılması istiqamətində Azərbaycan hökumətinin səylərini dəstəkləmişdir. Məcburi köçkünlər, qaçqınlar, vətəndaşlığı olmayan şəxslər və sığınacaq axtaran şəxslərə yardım və himayə ilə yanaşı, BMTQAK həmçinin Azərbaycan hökumətinə milli sığınacaq sisteminin yaradılmasında, qaçqın statusu və vətəndaşsızlıq hallarının aradan qaldırılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsində, Qaçqınların statusuna dair BMT-nin 1951-ci il Cenevrə Konvensiyası və onun 1967-ci Protokolundan irəli gələn öhdəliklərin yerinə yetirilməsində yardım etmişdir. 2012-ci ildən Azərbaycan BMTQAK İcraiyyə Komitəsinin üzvüdür.

 

Məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində əməkdaşlıq edilən təşkilatlardan biri də Beynəlxalq Miqrasiya Təşkilatıdır (BMqT). Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd təsərrüfatının inteqrə edilmiş inkişafı” adlı layihə bu sahədə beynəlxalq təşkilatlar tərəfindən ölkəmizdə icra olunan əsas layihələrdən biridir.

 

Qeyd edək ki, sərhəd idarəçiliyinin və miqrasiya proseslərinin idarə edilməsinin təkmilləşdirilməsinə yönəlmiş bir sıra layihələrin həyata keçirilməsi istiqamətdə  Azərbaycan BMqT ilə yanaşı, Avropa İttifaqı və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (ICMPD) ilə də sıx əməkdaşlıq edir. BMqT həmçinin insan alverinə qarşı mübarizə sahəsində potensialların artırılmasında Azərbaycanın əsas beynəlxalq tərəfdaşlarından biridir. Avropa İttifaqı ilə miqrasiya sahəsində əməkdaşlıq təşkilatla Azərbaycan arasında imzalanmış Yerdəyişmə üzrə Tərəfdaşlığa dair Birgə Bəyannamənin, eləcə də sadələşdirilmiş viza rejimi və icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında sazişlərin icrasına yönəlmişdir. ICMPD tərəfindən “Azərbaycanla yerdəyişmə üzrə tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE)” layihəsi həyata keçirilməkdədir.

 

Azərbaycan miqrasiya sahəsində bir sıra regional məşvərət proseslərində, o cümlədən Almatı (2013), Budapeşt (1991) və Praqa (2009) proseslərində iştirak edir. Azərbaycanın təsisçilərindən biri olduğu və 2023-2024-cü illərdə sədrlik etdiyi Almatı prosesi qarışıq miqrasiya dinamikasından doğan təhdidləri cavablandırmaq və bu sahədə regional əməkdaşlıq və əlaqələndirmə üzərində qurulmuşdur. Budapeşt prosesi Avropa və Asiyada miqrasiya və yerdəyişmə üzrə regional dialoq və əməkdaşlığın gücləndirilməsini hədəfləyən regionlararası dialoq prosesidir. Azərbaycan həmçinin miqrasiya idarəçiliyini gücləndirmək üçün ümumi siyasi çərçivəni müəyyənləşdirməyi hədəfləyən Praqa prosesi təsis edildiyi gündən onun iştirakçısıdır.

 

Azərbaycan Təhlükəsiz, Nizamlı və Qanuni Miqrasiya üzrə Qlobal Paktın bütün aspektlərinin icrası üzrə müzakirələrin aparılması və nailiyyətin bölüşülməsi üçün hökumətlərarası qlobal platforma rolunu oynayan Miqrasiya üzrə Beynəlxalq İcmal Forumunun Çempion Ölkəsidir.

 

Təhsilin cəmiyyətimizin inkişafındakı əhəmiyyətini nəzərə alaraq, müxtəlif beynəlxalq təşkilatlar ilə bu sahədə əməkdaşlıq humanitar sahədə beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən birini təşkil edir.  “Azərbaycanda məşğulluq üçün təhsil” proqramı vasitəsilə Azərbaycan Avropa İttifaqı ilə ölkədə peşə təhsili və ali təhsilin təkmilləşdirilməsində əməkdaşlıq edir. Bundan əlavə, Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq davam etdirilir.Təhsil sahəsində Azərbaycan YUNESKO, Avropa Təlim Fondu, Avropa Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatının Təhsil İnstitutu və digər təşkilatlarla da əməkdaşlıq edir. Azərbaycan 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin 4-cü məqsədi olan inklüziv və keyfiyyətli təhsilin təminatı və hər kəs üçün həyatı boyu öyrənmək imkanlarının təşviq edilməsinə qlobal səviyyədə də töhfə verərək, Qoşulmama Hərəkatına və İslam Əməkdaşlığı Təşkilatına daxil olan ölkələrdən gənclərin Azərbaycanın ali təhsil müəssisələrində təhsil alması üçün qrantlar ayırır.

 

Şərq və Qərbin qovuşduğu yerdə yerləşən və hər iki sivilizasiyanın dəyərlərini özündə birləşdirən Azərbaycan yalnız coğrafi körpü deyil, sivilizasiyalar arasında körpü rolunu da oynayır. Azərbaycan mütəmadi olaraq dünyada mədəni müxtəliflik ideyalarını yayan mühüm təşəbbüslərlə çıxış edir. Bu təşəbbüslər, xüsusilə də UNESCO, ICESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası və BMT-nin Turizm Təşkilatı ilə birgə təşkil edilən  Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2008-ci ildə başlamış “Bakı prosesi”nin əsas tərkib hissəsidir. Qeyd edilməlidir ki, indiyədək Bakıda keçirilmiş dünya forumları böyük uğur qazanaraq insanlar, ölkələr və təşkilatların dünyada müxtəlifliyi, dialoqu və qarşılıqlı anlaşmanı təşviq etməsi üçün beynəlxalq platformaya çevrilmişdir. BMT Baş katibi 72/488 saylı “Sülh üçün sülh mədəniyyəti, dinlərarası və mədəniyyətlərarası dialoq, anlaşma və əməkdaşlığın təşviqi” adlı hesabatında “Bakı prosesi” çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu mədəniyyətlərarası dialoqu təşviq etmək üçün vacib qlobal platforma kimi qeyd etmişdir.

 

Mədəniyyətlərarası dialoqu bütün səviyyələrdə təşviq etmək üçün Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə yaxından əməkdaşlıq edir. Azərbaycan Alyansın Dostları Qrupunun üzvü və Alyansın əsas donorlarındandır. 25-27 aprel 2016-cı il tarixlərində Alyansın “İnklüziv cəmiyyətlərdə birgə yaşayış” adlı 7-ci Qlobal Forumu Bakıda keçirilmişdir.

 

Azərbaycan, həmçinin sülh mədəniyyəti, tolerantlıq və sülh şəraitində birgəyaşayışı təşviq etmək üçün qlobal səylərə töhfə vermək və münaqişələrin mədəniyyətə mənfi təsirlərinə diqqəti cəlb etmək üçün Mədəniyyət üçün Sülh təşəbbüsü ilə çıxış etmiş və bu təşəbbüs çərçivəsində sülhə yönəlmiş müxtəlif yaradıcı layihələr reallaşdırmışdır. Bu təşəbbüs BMT-nin Sivilizasiyalar alyansı və ICESCO tərəfindən dəstəklənir. 2022-ci ilin mayında ölkəmizin cəmiyyətlərdə sülhü təşviq edən və mədəni irsi qorumağı hədəfləyən Mədəniyyət üçün Sülh kampaniyasının icrası üçün Alyansla 2022-2026-cı illəri əhatə edən fəaliyyət planı imzalanmışdır. Fəaliyyət planı həmçinin Alyansın sivilizasiyalar arasında dialoqu təşviq edən fəaliyyətlərinə dəstəyi nəzərdə tutur.

 

Mədəniyyət sahəsində Azərbaycan həmçinin UNESCO, ICESCO, Avropa Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutu və digər təşkilatlarla da əməkdaşlıq edir.

 

Humanitar sahədə Fəlakət Risklərinin Azaldılması üzrə BMT Ofisi (UNDRR), BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) və Beynəlxalq Mülki Müdafiə Təşkilatı (ICDO) ilə də əməkdaşlıq edilir.

 

Sosial sahədə beynəlxalq əməkdaşlıq isə əsasən Beynəlxalq Əmək Təşkilatı (BƏT), İslam Əməkdaşlıq Təşkilatı, BMT-nin Uşaq Fondu (UNİCEF), BMT-nin Əhali Fondu (UNFPA) və s. ilə həyata keçirilir. Azərbaycan 1992-ci ilin may ayından Beynəlxalq Əmək Təşkilatının tam hüquqlu üzvüdür və onun 59 Konvensiyasına qoşulmuşdur. Təşkilatla ölkəmizin əməkdaşlığı 3 əsas istiqamət üzrə aparılır: sosial dialoq sisteminin təkmilləşdirilməsi; institutsional islahatlara dəstək; praktiki əməkdaşlıq tədbirlərinin həyata keçirilməsi. BƏT-lə əməkdaşlıq ölkəmiz üçün beynəlxalq təcrübəyə əsaslanaraq əmək qanunvericiliyi normalarının işlənib hazırlanması, əmək bazarının təkmilləşdirilməsi və tənzimlənməsi, təhlükəsiz əmək şəraitin yaradılması və sosial müdafiənin gücləndirilməsi və məşğulluq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının yeni Məşğulluq Strategiyasının (2017-2030) hazırlanmasında BƏT tərəfindən aktiv texniki dəstək göstərilmişdir.

 

İslam Əməkdaşlığı Təşkilatı (İƏT) ölkələrində iqtisadi fəaliyyətsizliyin azaldılması üçün əmək bazarında iştirakın səviyyəsinin yüksəldilməsinə istiqamətlənmiş düşünülmüş əmək bazarı siyasətlərini özündə ehtiva edən İnklüziv inkişaf strategiyalarına ehtiyac olduğunu nəzərə alaraq, Azərbaycan İƏT-in bu sahədə səylərinə öz töhfəsini verməyə çalışır. Bu səylərin göstəricisi olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən İƏT əmək nazirlərinin 2013-cü ildə Bakıda keçirilmiş ikinci konfransında İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü irəli sürülmüşdür. İƏT Əmək Mərkəzinin açılış mərasimi İƏT əmək nazirlərinin 2023-cü ildə Bakıda keçirilmiş beşinci konfransında baş tutmuşdur.

 

Azərbaycanın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də BMT-nin Uşaq Fondudur (UNİCEF). Təşkilat 1993-cü ildən ölkəmizdə fəaliyyət göstərir. UNİCEF-lə əməkdaşlıq hazırkı ölkə proqramı çərçivəsində həyata keçirilir. Bu proqram BMT-nin Uşaq hüquqları Konvensiyasında təsbit olunmuş əsas uşaq hüquqlarının və Azərbaycanın müxtəlif inkişaf strategiyalarında uşaqlarla bağlı əks olunmuş müddəaların yerinə yetirilməsində, o cümlədən əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və inklüziv təhsil kimi sahələrdə ölkəmizə dəstək göstərilməsini nəzərdə tutur. UNİCEF uzun illər ölkəmizdə sovet dövründən qalma uşaq evləri sisteminin uşaqlara yeni qayğı sistemi ilə  əvəz edilməsi (de-institutlaşdırma), yuvenal ədliyyənin inkişaf  etdirilməsi, məktəbəqədər hazırlığın əhatə dairəsinin genişləndirilməsi, ana və körpə sağlamlığı və s. sahələrdə Azərbaycan hökumətinin səylərinə dəstək vermişdir. Təşkilat Ermənistanın hərbi təcavüzünün təsirlərinə məruz qalmış ərazilərdə uşaqların mina təhlükəsi barədə məlumatlandırılması sahəsində Azərbaycanın əsas tərəfdaşlarından biridir.

 

Azərbaycan 1994-cü ildən BMT-nin Əhali Fondu (UNFPA) ilə əməkdaşlıq etməkdədir. Bu əməkdaşlıq UNFPA-nın hazırkı ölkə proqramlarına uyğun olaraq üç istiqaməti əhatə edir: cinsi və reproduktiv sağlamlıq; əhalinin dinamikası; gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması. Gender bərabərliyinin təşviqi və məişət zorakılığının qarşısının alınması sahələrində Azərbaycan UNFPA ilə yanaşı Avropa Şurası, BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyası, BMT-nin qadınlara qarşı zorakılıq, onun səbəb və nəticələri üzrə xüsusi məruzəçisi və sair təsisatlarla da əməkdaşlıq edir.

 

Gənclərin cəmiyyət həyatında iştirakının təşviq edilməsi sahəsində Azərbaycan bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi ilə birgə həyata keçirilən “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması” layihəsi çərçivəsində Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə 2018-ci ildə Azərbaycanda ilk dəfə olaraq Gənc Səfirlər təşəbbüsü irəli sürülmüş və DİM üzrə 17 Gənc Səfir seçilmişdir. Layihənin digər istiqaməti Azərbaycanda BMT Modelinin institutlaşdırılması olmuşdur. Bu istiqamət çərçivəsində müxtəlif ali təhsil müəssisələrində BMT Modeli Klublarının əsası qoyulmuş, Klublar tərəfindən də çoxsaylı konfranslar, təqdimat və təlimlər təşkil olunmuşdur.

 

Qoşulmama Hərəkatının (QH) Azərbaycan sədrliyinin təşəbbüsü əsasında 4-5 oktyabr 2021-ci il tarixlərində QH-yə üzv dövlətləri təmsil edən 100-dən çox gəncin iştirakı ilə QH Gənclər Şəbəkəsinin virtual təsis iclası keçirilmişdir. Şəbəkə vasitəsilə Hərəkata üzv dövlətlərin gəncləri davamlı inkişaf istiqamətində qarşılaşdıqları çətinliklər və onların birgə həlli imkanları üzrə fikir mübadiləsi aparmaq imkanı əldə etmişdir. 2022-ci ilin iyulunda Şuşa şəhərində QH Gənclərinin Sammiti keçirilmiş və mənzil-qərargahı Bakı şəhərində olmaqla QH Gənclər Təşkilatı yaradılmışdır. Qərargahın açılış mərasimi 2023-cü ilin iyulunda QH-nin Əlaqələndirici Bürosunun Bakıda keçirilən nazirlər iclası zamanı baş tutmuşdur.

 

Azərbaycan gəncləri həmçinin Avropa İttifaqının EU4Youth proqramı çərçivəsində həyata keçirilən tədbirlərdə iştirak edir. Avropa Şurası ilə bu sahədə əməkdaşlığın təşkilatın Azərbaycan üzrə 2022-2025-ci illəri üzrə Fəaliyyət Planına uyğun olaraq  AŞ-nin Gənclər üzrə Əməkdaşlıq Proqramında iştirak vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Proqram gənclərin qərar qəbul etmə prosesində iştirakının təmin edilməsi üçün təlimlərin keçirilməsini və bacarıqların artırılmasını nəzərdə tutur.

 

Səhiyyə istiqamətində əməkdaşlıqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə münasibətlər xüsusi önəm daşıyır. 1994-cü ildən ölkəmizdə fəaliyyət göstərən ÜST ilə əməkdaşlıq yoluxucu və peyvəndlə qarşısı alına bilən xəstəliklərə qarşı mübarizə, immunlaşdırma, beynəlxalq səhiyyə qaydalarının tətbiqi və s. istiqamətlərdə qurulmuşdur. 2018-ci ilin iyulunda ÜST-ün Baş direktorunun Azərbaycana səfəri çərçivəsində “Dayanıqlı inkişaf məqsədlərinin icrası kontekstində səhiyyə islahatları” adlı beynəlxalq konfransda iştirak etməsi və ÜST ilə Azərbaycan Hökumətinin birgə bəyanatının imzalanması təşkilatla münasibətlərimizin inkişafına öz müsbət təsirini göstərmişdir. Azərbaycan COVID-19 pandemiyası ilə mübarizə üçün ÜST-ə 10 milyon dollar yardım etmişdir. Azərbaycan COVİD-19 vaksinlərinə bərabər və ədalətli çıxışın təmin edilməsinə çağıran bunu təşviq edən ilk ölkələrdən olmuşdur. Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVİD-19 pandemiyası ilə mübarizəyə qarşı xüsusi sessiyası keçirilmiş, BMT Baş Assambleyası və İnsan hüquqları Şurası tərəfindən “COVİD-19 vaksinlərinə bərabər, əlçatan, vaxtında və universal çıxışın təmin edilməsi” adlı qətnamələr qəbul edilmişdir.  Bu qətnamələr pandemiyanın tamamilə aradan qaldırılmasına Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa mane olan əsas səbəblərdən biri kimi COVİD-19 vaksinlərinin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinin mənfi təsirlərinə diqqəti cəlb edir. Qətnamələr həmçinin vaksinlərin dövlətlər arasında ədalətli bölüşdürülməsinə çağırış edir.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti