Azərbaycan - Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) münasibətləri

NATO 1949-cu ildə Vaşinqton müqaviləsi ilə regional kollektiv müdafiə təşkilatı qismində təsis edilmişdir. Təşkilat razılaşdırılmış siyasətlərin həyata keçirilməsi və hərbi hazırlıqların təmin edilməsi məqsədi ilə hərbi komanda strukturları yaratmışdır.

 

Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulmuşdur.

 

Azərbaycan SNT sənədinin prinsiplərinə əsaslanmaqla NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə mütəmadi əsasda siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan siyasi dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan və Azərbaycan arasında 10 noyabr 2020-ci il tarixinədək mövcud olmuş münaqişə ilə bağlı məsələlər, sülhməramlı əməliyyatlar, beynəlxalq sülh və təhlükəsizliyə töhfə, meydana gələn təhlükəsizlik təhdidləri və digər ortaq maraq kəsb edən mövzular müzakirə olunur. 

 

Azərbaycan SNT Təqdimat Sənədi (1996) və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı sənədlərində əks olunan məqsədlərə nail olmaq üçün müvafiq tərəfdaşlıq vasitələrindən fəal istifadə edir. Bu sənədlərdə Azərbaycan Respublikası müdafiə və təhlükəsizlik sektorunda islahatlar, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO-nun rəhbərlik etdiyi sülhməramlı əməliyyatlarda iştirak, mülki fövqəladə planlama, meydana gələn təhlükəsizlik təhdidləri ilə mübarizə, eləcə də elm, ətraf mühit və ictimai diplomatiya sahələrində NATO ilə əməkdaşlıq niyyətini ifadə etmişdir.

 

Hazırda (2021-ci il) Azərbaycan NATO-nun rəhbərliyi altında Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” əməliyyatına 120 nəfərlik heyətlə töhfə verir. Azərbaycan həmçinin Tərəfdaşlığın Qərargah Elementi konsepsiyası çərçivəsində NATO-nun Qərargah və Komandanlıqlarına töhfə verir. Bununla yanaşı, Azərbaycan nümayəndəsi Fəlakətlərə Cavabın Əlaqələndirilməsi üzrə Avro-Atlantik Mərkəzdə könüllü milli töfhə qismində xidmət edir.  

 

Ali səfərlər

 

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak etmişdir. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçika Krallığına səfəri çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb, mətbuata birgə bəyanatla çıxış edib və NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.     

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti