Avropa Şurası qitənin insan hüquqlarını müdafiə edən aparıcı təşkilatıdır və 1949-cu ildə təsis olunmuşdur.
Avropa Şurasının məqsədlərinə insan hüquqları, plüralist demokratiya və qanunun aliliyini qorumaq, Avropanın mədəni kimliyini və müxtəlifliyini inkişaf etdirmək və təşviq etmək, Avropa cəmiyyətinin qarşılaşdığı ksenofobiya, dözümsüzlük, bioetika və klonlama, azlıqlara qarşı ayrı-seçkilik, terrorizm, insan alveri, mütəşəkkil cinayətkarlıq və korrupsiya, kiber cinayət, uşaqlara qarşı zorakılıq kimi problemlərə ümumi həll yollarını tapmaq missiyası, qanunvericilik və konstitusiya islahatlarını dəstəkləməklə Avropada demokratik sabitliyi möhkəmləndirmək daxildir.
Avropa Şurası 46 üzv dövlətdən ibarətdir. Təşkilatın qərargahı Fransanın Strasburq şəhərindədir. İngilis və fransız dilləri iki rəsmi dildir. AŞ Baş katibi 5 illik müddətə Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən seçilir. Baş katib AŞ-nin strateji planlaşdırması, fəaliyyət proqramlarının həyata keçirilməsi və büdcə məsələlərinin nizamlanmasına məsuldur.
Nazirlər Komitəsi üzv ölkələrin xarici işlər nazirlərinin və yaxud onların Strasburqdakı daimi nümayəndələrinin təmsil olunduğu qərar qəbuledici orqandır.
46 üzv dövlətin deputatlarının təmsil olunduğu AŞPA 612 (306 əsas üzv, 306 əvəzedici) deputatdan ibarətdir. Assambleya Baş katib ilə yanaşı, İnsan hüquqları üzrə komissarı və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimlərini seçir.
46 üzv dövlətində yerli və regional demokratiyanın gücləndirilməsinə məsul olan Yerli və Regional Hakimiyyətlər Konqresi 200 000-dən çox region və bələdiyyə qurumlarını təmsil edən 612 (306 əsas üzv, 306 əvəzedici) seçkili nümayəndədən ibarətdir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İHAM) bütün Avropa sakinlərinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasında göstərilmiş hüquqlarına təminat verən məhkəmə orqanıdır. Bu məhkəməyə dövlətlər və eləcə də vətəndaşlığından asılı olmayaraq, üzv dövlətlərin yurisdikasiyasına aid bütün şəxslər müraciət edə bilərlər.
AŞ-nin İnsan hüquqları üzrə komissarı insan hüquqları vəziyyətinə dair ölkələr üzrə və tematik məruzələr hazırlayır.
Beynəlxalq qeyri-hökumət təşkilatları konfransı özündə 400-ə yaxın Beynəlxalq QHT-ni birləşdirir və vətəndaş cəmiyyətinin qitə üçün aktual mövzular üzrə müzakirələrdə iştirakına imkan yaratmaq üçün təsis edilmişdir.
Azərbaycanla Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlamışdır. Belə ki, 24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti «xüsusi dəvət edilmiş qonaq» statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir. 1995-ci ilin fevral ayında AŞ Parlament Assambleyası (AŞPA) Bürosu üç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 (1994) saylı tövsiyəyə uyğun olaraq Azərbaycanın «xüsusi dəvət edilmiş qonaq» statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. 17-18 mart 1996-cı ildə keçirilən Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasının (Venesiya Komissiyası) iclasında Azərbaycan bu komissiyaya üzv qəbul edilmişdir.
1996-cı ilin iyun ayında Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycanın demokratik dövlət quruculuğu istiqamətində səylərini nəzərə alaraq, ölkəyə “xüsusi dəvət olunmuş qonaq” statusunun verilməsi haqqında qərar qəbul etmişdir.
11 sentyabr 1996-cı ildə AŞ Nazirlər Komitəsinin 573-cü iclasında Azərbaycanın Avropa Şurasına daxil olması, Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan hakimiyyət dairələri ilə danışıqların intensivləşdirilməsi, əməkdaşlıq proqramları formasında yardımın edilməsini nəzərdə tutan (96) 32 saylı qətnamə qəbul edilmişdir.
20 yanvar 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti «Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında» sərəncam imzalamışdır.
AŞPA-nın 26 – 28 iyun 2000-ci ildə keçirilmiş növbəti sessiyası zamanı 126 nəfər deputatın iştirak etdiyi səsvermədə Azərbaycan Respublikasının Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilmişdir (120 nəfər lehinə, 1 nəfər əleyhinə, 5 nəfər isə bitərəf). 17 yanvar 2001-ci ildə AŞ Nazirlər Komitəsinin iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilmişdir.
Azərbaycan Respublikası 15 aprel 2002-ci il tarixdə Avropa İnsan Hüquqları Konvensiyası və onun Protokollarının ratifikasiya edilməsi haqqında sənədi depozitariyə təqdim etmiş və həmin gündən Konvensiya və onun Protokolları Azərbaycana münasibətdə qüvvəyə minmişdir. Məhz bu tarixdən etibarən Azərbaycanın yurisdiksiyası altında olan şəxslərin (vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin və digərlərinin) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (Avropa Məhkəməsi) müraciət etmək hüququ yaranmışdır.
AŞ Nazirlər Komitəsinə 2014-cü ilin may-noyabr aylarında sədrliyi dövründə Azərbaycanın prioritetləri aşağıdakılar olmuşdur:
- İdman oyunlarının saxtalaşdırılması da daxil olmaqla, korrupsiyaya qarşı mübarizə istiqamətində əməkdaşlığın dərinləşdirilməsi vasitəsilə qanunun aliliyinin gücləndirilməsi;
- Qarşılıqlı hörmət və anlaşma üzərində qurulmuş mədəni cəhətdən müxtəlif cəmiyyətlərin gücləndirilməsi;
- Sosial birlik və sosial davamlılığın təmin edilməsi: kövrək qrupların hüquqlarının daha səmərəli müdafiəsi;
- Gənclərin insan hüquqları və demokratik vətəndaşlıq sahəsində təhsilinin təşviqi; məsuliyyətli və təhsilli gənclər nəslinin formalaşdırılması və onların öz hüquqlarından istifadə imkanlarının təmin edilməsi.
2014-cü ildə Avropa Şurasının Azərbaycan üçün 2014-2016-cı illəri əhatə edən Fəaliyyət Planı (FP) təsdiq edilmişdir. AŞ ilə Azərbaycan arasında əməkdaşlığın mühüm sənədi hesab olunan FP çərçivəsində müxtəlif sahələr üzrə bir çox layihə və tədbirlər həyata keçirilmişdir.
Azərbaycan tərəfinin AŞ Katibliyi ilə apardığı məsləhətləşmələr nəticəsində 2018-2021-ci illəri əhatə etmiş növbəti FP layihəsi 2018-ci ilin oktyabrında AŞ Nümayəndələr Komitəsi tərəfindən təsdiq edilmiş və həyata keçirilmiş layihələr ölkəmizdə müvafiq sahələrdə davam edən islahatlar gündəliyinin dəstəklənməsinə töhfə vermişdir.
AŞ-nin Azərbaycan üzrə yeni 2022-2025-ci illər üzrə Fəaliyyət Planı 2022-ci fevralında Nümayəndələr Komitəsi tərəfindən qəbul olunmuşdur. 2022-ci il aprelin 5-də Bakıda Baş katib Mariya Peçinoviç Buriç və Azərbaycan Respublikası ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə Fəaliyyət Planının rəsmi təqdimat mərasimi təşkil olunmuşdur. Azərbaycan tərəfindən layihə üzrə təklif olunmuş dəyişikliklərin tam əksəriyyətini nəzərə alan bu əməkdaşlıq sənədi ölkəmizin AŞ ilə əlaqələrinin daha da dərinləşdirilməsi üçün çərçivə rolunu oynayır. Burada ədliyyə və məhkəmə sistemində islahatların dəstəklənməsi, korrupsiya ilə mübarizə, insan hüquqlarının təşviq edilməsi və s. kimi sahələrlə yanaşı, yeni sahələr – gender bərabərliyi, uşaq hüquqları, gənclərin inkişafı, sosial hüquqlar və digər məsələlər yer almışdır.
2014-cü ilin aprel ayında Avropa İttifaqı (Aİ) və AŞ arasında insan hüquqları, demokratiya və qanunun aliliyi sahələrində Şərq Tərəfdaşlığı ölkələri (Ermənistan, Azərbaycan, Belarus,Gürcüstan, Moldova Respublikası və Ukrayna) ilə əməkdaşlıq layihələrinin icrasına dair razılığa gəlinmişdir. İlk öncə Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi (Programmatic Cooperation Framework), 2017-ci ildən etibarən isə Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (Partnership for Good Governance - PGG) adlanan bu təşəbbüs çərçivəsində bir sıra regional və ikitərəfli layihələr icra olunmuşdur. PGG-nin birinci mərhələsi (PGG I) 2018-ci ildə başa çatmışdır. PGG-nin birinci mərhələsində ədliyyə sahəsində islahatlar, korrupsiya ilə mübarizə, kibercinayətkarlıq, insan hüquqları sahəsində maarifləndirmə, yerli özünüidarəetmə, ifadə və media azadlığı, penitensiar sistemdə islahatlar, gender bərabərliyi və s. sahələr üzrə bir çox regional və ikitərəfli layihələr həyata keçirilmişdir.
2018-ci ildə PGG-nin 2019-2021-ci illəri əhatə edən ikinci mərhələsi (PGG II) çərçivəsidnə ölkəmiz üzrə milli səviyyədə 3, regional səviyyədə də 4 layihə həyata keçirimişdir. Bu layihələr çirkli pulların yuyulmasına qarşı mübarizə və aktivlərin qaytarılmasının gücləndirilməsi, məhkəmə sisteminin səmərəliliyi və keyfiyyətinin artırılması, iqtisadi cinayətkarlığın qarşısının alınması və onunla mübarizə üzrə fəaliyyətin gücləndirilməsi, ayrı-seçkilik, nifrət zəminində törədilən cinayətlər və nifrət nitqi qurbanları üçün məhkəmədən kənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxışın gücləndirilməsi və s. sahələri əhatə etmişdir.
2023-cü ilin aprel ayından etibarən isə Avropa İttifaqı (Aİ) ilə AŞ arasında 2023-2027-ci illər üzrə Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramının üçüncü mərhələsi (PGG III) çərçivəsində “Azərbaycanda mediasiyanın təşviqi”, “Azərbaycanda iqtisadi cinayətlərlə mübarizə”, “Azərbaycanda qadınlara qarşı zorakılığa və məişət zorakılığına qarşı mübarizə və onun qarşısının alınması” və “Azərbaycanda hüquq bərabərliyinin təşviqi” layihələrinin icrasına başlanılmışdır.
29 mart 2023-cü il tarixində Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI) tərəfindən 6-cı monitorinq dövrü çərçivəsində Azərbaycan üzrə növbəti hesabat qəbul edilmişdir. Sənəddə 2016-cı ildə tərtib olunmuş hesabatdan ötən müddət ərzində ölkəmizdə müvafiq sahələrdə müsbət irəlilləyişlərin olduğu vurğulanmışdır. Hesabatda ECRI-nin Azərbaycan əhalisinin, o cümlədən çoxsaylı məcburi köçkünlərin uzun müddət davam etmiş münaqişədən və toqquşmalardan əziyyət çəkdiyini anladığı qeyd olunmuşdur. Sənəddə, multikulturalizm və tolerantlığın Azərbaycan cəmiyyətinin tərkib hissəsi olduğu vurğulanmışdır.
Bununla yanaşı, inklüziv təhsil sahəsində insan hüquqları mövzularının 2020-ci ildən etibarən kurrikuluma daxil edildiyi, internet məkanında irqçi nifrət nitqinin qarşısının alınması məqsədilə qanunvericiliyə əməli dəyişikliklər olunduğu bildirilmişdir. Rəsmi orqanlar tərəfindən miqrantların hüquqi statusu ilə bağlı aparılan işlər sayəsində 2021-ci ildə qeyri-leqal statusa malik şəxslərin sayında 10 % azalma müşahidə olunduğu, miqrantların dövlət xidmətlərinə çıxışının asanlaşdırıldığı, miqrantlara iş və yaşayış icazələrinin verilməsnin sürətləndirildiyi qeyd olunmuşdur.
23-27 oktyabr tarixlərində Avropa Şurasının Milli azlıqların qorunması üzrə Çərçivə Konvensiyasının Məşvərətçi Komitəsi ölkəmizdə səfərdə olmuşdur. Səfər, Azərbaycan tərəfindən 2022-ci ildə təqdim olunmuş 5-ci dövri hesabatın davamı olaraq ölkəmizlə bağlı rəyin hazırlanması məqsədilə keçirilmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin AŞPA-dakı nümayəndə heyəti 6 həqiqi və 6 əvəzedici üzv olmaqla ümumilikdə 12 üzvdən ibarətdir. Nümayəndə heyətimizin rəhbəri Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri cənab Səməd Seyidovdur. Nümayəndə heyəti sessiyanın gündəliyinə uyğun olaraq, Azərbaycanın maraq və mənafelərinə uyğun təşəbbüslər irəli sürür, müvafiq sənədlər üzrə müzakirələrdə fəal iştirak edir. Mütəmadi olaraq, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri tərəfindən Azərbaycanın öhdəliklərinin yerinə yetirilməsinin nəzərdən keçirilməsi məqsədilə Azərbaycana səfərlər həyata keçirilir. Səfərlər çərçivəsində həmməruzəçilər müxtəlif dövlət qurumlarında görüşlər keçirir, ölkəmizin AŞ qarşısında mövcud öhdəlikləri ilə bağlı fikir mübadiləsi aparırlar.
AŞPA-nın 22 aprel 1997-ci ildə keçirilmiş yaz sessiyasında Cənubi Qafqaz münaqişələri ilə əlaqədar olaraq sərhədlərin toxunulmazlığı, beynəlxalq sülhü mühafizə qüvvələrinin vasitəçiliyi ilə münaqişə zonalarında təhlükəsizliyin təminatı, bütün əlaqədar tərəflər arasında danışıqlardan sonra Abxaziya və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu, qaçqınlar və məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququ ilə bağlı prinsiplərin əks olunduğu 1119 (1997) saylı qətnamə qəbul edilmişdir.
24-27 aprel 2001-ci ildə keçirilmiş AŞPA-nın plenar sessiyasında Azərbaycan Respublikasının bu qurumda nümayəndə heyəti cənab İlham Əliyevin rəhbərliyi ilə ilk dəfə olaraq tamhüquqlu üzv kimi iştirak etmişdir. Cənab İlham Əliyevin ardıcıl səyləri nəticəsində nümayəndə heyətimiz tərəfindən elə ilk sessiyadan başlayaraq Ermənistanın işğalçılıq siyasətinin nəticələri Avropalıların diqqətinə çatdırılmışdır. Belə ki, sessiya zamanı 9 ölkə və AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış «Ermənilər tərəfindən Azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımın tanınması» adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış «Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları» adlı tövsiyə üçün təklif AŞPA-nın rəsmi sənədləri qismində yayılmışdır. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, Ermənistan və işğal edilmiş Azərbaycan torpaqlarında uşaq, qadın və yaşlı insanların da daxil olduğu 783 Azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər xüsusi vurğulanmışdır.
Bundan əlavə, AŞPA-da “Dağlıq Qarabağda, zəbt olunmuş ərazilərdə mədəniyyət abidələrinin məhv edilməsi haqqında”, “Qaçqın və məcburi köçkün uşaqların təhsili haqqında”, “Azərbaycanda məcburi köçkünlərin vəziyyəti haqqında” və s. sənədlər yayılmışdır.
Azərbaycan tərəfinin davamlı səyləri nəticəsində 25 yanvar 2005-ci ildə AŞPA-nın qış yarım-sessiyasında “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416(2005) saylı Qətnamə və 1690(2005) saylı Tövsiyə qəbul olunmuşdur. Assambleya bir üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırlatmış və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq etmişdir. Assambleya həmçinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələrini xatırlatmış və tərəfləri silahlı əməliyyatlardan çəkinməklə və istənilən işğal olunmuş ərazilərdən silahlı qüvvələri çıxarmaqla onlara riayət etməsini tələb edərək, AŞPA Bürosundan ATƏT-in Minsk konfransı ölkələrinin milli nümayəndə heyətlərinin başçılarının da daxil olduğu ad-hoc komitə yaratmağı xahiş etmişdir.
Bu prosesin davamı kimi 2006-cı il yanvar ayının 9-da AŞPA-nın Dağlıq Qarabağ problemi üzrə alt komitəsinin Strasburqda keçirilən növbəti iclasında lord Rassel Constonun hazırladığı hesabatda Azərbaycan ərazilərinin işğalı, Dağlıq Qarabağdakı rejimin separatçı olması, bir milyon azərbaycanlının yurdundan didərgin düşməsi və s. faktlar öz əksini tapmışdır. Bununla belə, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinə əsasən yaradılmış Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv mövqeyinə görə əslində fəaliyyətini dayandırdı.
AŞPA Bürosunun 2011-ci il yanvarın 28-də keçirilmiş iclasında AŞPA-nın Dağlıq Qarabağ üzrə ad-hoc Komitəsinin fəaliyyətinin bərpasına dair qərar qəbul edilmişdir. Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin Komitənin fəaliyyətinin davam etdirilməsinə qarşı yönəlmiş səylərinə baxmayaraq, qurumun yaradılmasına dair qərar AŞPA Bürosu tərəfindən yekdilliklə (Ermənistan nümayəndə heyəti istisna olmaqla) qəbul edilmişdir.
26 yanvar 2016-cı il tarixində AŞPA-nın plenar iclasında Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı iki hesabat müzakirə edilmişdir:
- AŞPA-nın Siyasi məsələlər komitəsi tərəfindən britaniyalı parlamentar Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması”;
- Sosial məsələlər komitəsi adından Bosniya və Herseqovinadan olanı parlamentar Militsa Markoviçin hazırladığı “Azərbaycanın cəbhəboyu rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi”.
1- ci sənəd 66 lehinə, 70 əleyhinə və 45 bitərəf olmaqla qəbul edilməmiş, 2- ci sənəd isə 98 lehinə, 71 əleyhinə və 40 bitərəf olmaqla qəbul edilmişdir.
“Azərbaycanın cəbhəboyu rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı məruzədə ən əsas məqam ondan ibarətdir ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf raronlarının Ermənistan Respublikası tərəfindən işğal edildiyi birənalı olaraq Assambleya tərəfindən pislənilir. Məruzədə həmçinin aparılmış araşdırmaların nəticələri əks etdirilmiş Sərsəng su anbarının işğal altında saxlanması ilə 400 minə yaxın insan üçün həyatın mümkünsüz edildiyi, təsərrüfatların məhv edildiyi, sosial durumun kəskin surətdə pisləşdiyi, əhalinin yayda susuzluqdan əziyyət çəkdiyi bildirilir.
Vətən müharibəsinin başa çatmasının ardınca AŞPA tərəfindən “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri” hesabatı hazırlanmış və 2021-ci il sentyabrın 27-də qəbul edilmişdir. Sənəddə ölkəmizin maraqlarına cavab verməyən məqamlar ilə yanaşı, Birinci Qarabağ müharibəsindən bəri itkin düşmüş həmvətənlərimizin taleyinə diqqət çəkilmiş, mina xəritələrinin Ermənistan tərəfindən açıqlanması istənmiş, Ermənistanın törətdiyi dağıntılar pislənmiş və Ermənistan tərəfinin məsul olduğu müharibə cinayətlərinin araşdırılması istənilmişdir. Bundan əlavə, hesabat siyasi məsələlərə müdaxilə etməmiş və iki ölkə arasında sülhə və barışığa vurğu etmişdir.
2021-2023-cü illərdə AŞPA sessiyaları çərçivəsində nümayəndə heyətimiz tərəfindən “Daha çox insan tələfatının qarşısını almaq üçün Ermənistanın mina sahələrinin yeri ilə bağlı bütün məlumatların açıqlanması”, “Xocalı soyqırımının 30-cü ildönümü”, “Qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnun qorunması və ədalətin təmin edilməsi” mövzularında yazılı bəyanatlar yayılmışdır.