Azərbaycan – ATƏT münasibətləri

Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Təşkilat (ATƏT) Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Müşavirənin (ATƏM) varisidir və ATƏM-in transformasiyası nəticəsində tam hüquqlu təşkilat olaraq 1994-cü ildə yaradılmışdır. ATƏT-in əsas sənədi 1975-ci ildə imzalanmış Helsinki Yekun Aktıdır. Helsinki Yekun Aktı ATƏT məkanında dövlətlərarası münasibətlərin prinsipial çərçivəsini müəyyən edir və özündə “İştirakçı Dövlətlər arasında Münasibətlərin Rəhbəredici Prinsiplər”ini ehtiva edir. Həmin prinsiplər aşağıdakılardır:

 

  1. Suveren bərabərlik və suverenliyə xas olan hüquqlara hörmət;
  2. Güc tətbiqi ilə hədələməmə və gücdən istifadədən çəkinmə;
  3. Sərhədlərin toxunulmazlığı;
  4. Dövlətlərin ərazi bütövlüyü;
  5. Mübahisələrin dinc yolla nizama salınması;
  6. Daxili işlərə qarışmama;
  7. İnsan hüquqları və fundamental azadlıqlara hörmət;
  8. Xalqların bərabərhüquqluluğu və öz müqəddəratını təyin etmə hüququ;
  9. Dövlətlər arasında əməkdaşlıq;
  10. Beynəlxalq hüquqdan irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi.

 

Azərbaycan ATƏM-in (ATƏT) üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunmuşdur. ATƏM (ATƏT) Azərbaycanın üzv olduğu ilk Avropa təşkilatıdır.

 

Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in (ATƏT) Zirvə Toplantısında iştirak etmiş və onun sənədlərini imzalamışdır.

 

1. ATƏT-in əsas qərar qəbuletmə orqanları və Azərbaycanın iştirakı

 

Sammit - ATƏT-in əsas qərar qəbul etmə mexanizmi iştirakçı dövlətlərin dövlət və hökumət başçılarından ibarət Sammitdir.

 

Azərbaycan Respublikası təşkilata tam hüquqlu üzv olduqdan etibarən ATƏT-in 1992-ci il Helsinki, 1994-cü il Budapeşt, 1996-cı il Lissabon, 1999-cu il İstanbul və 2010-cu il Astana Sammitlərində iştirak etmişdir.

 

2010-cu ilin 1-2 dekabr tarixlərində sonuncu dəfə Astanada keçirilən Sammitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Sammitdə qəbul edilmiş yekun Bəyannamədə ATƏT məkanında həlli uzanan münaqişələrin beynəlxalq hüququn, BMT Nizamnaməsi və Helsinki Yekun Aktında təsbit edilmiş norma və prinsipləri əsasında həllinin vacibliyi qeyd edilmişdir.

 

Nazirlər Şurası - Nazirlər Şurası təşkilatın Sammitdən sonra ikinci əsas qərar qəbul etmə orqanıdır. İştirakçı dövlətlərin xarici işlər nazirlərindən ibarət olan Şura bir qayda olaraq, ildə bir dəfə (Sammit keçirilən illər istisna olmaqla) təşkilata sədrlik edən ölkədə təşkil edilir.

 

Azərbaycan ATƏT-in Nazirlər Şurasının (NŞ) illik iclaslarında və müzakirəyə çıxarılan qərar və sənəd layihələri üzrə müzakirələrində fəal iştirak edir.

 

Daimi Şura – iştirakçı dövlətlərin ATƏT yanında Daimi Nümayəndələrindən təşkil olunan qərar qəbuletmə orqanıdır. Daimi Şura özünün müntəzəm iclaslarını həftədə bir dəfə olmaqla Vyanada keçirir.

 

2021-ci ilin 25 may və 2023-cü ilin 6 iyun tarixlərində Daimi Şuranın xüsusi iclaslarında Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov çıxış etmiş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bitməsindən sonra Azərbaycan Respublikasının bərpa, yenidənqurma və yenidən inteqrasiyaya, habelə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə dair mövqeyini və baxışını diqqətə çatdırmışdır.

 

2012-ci ilin 9-11 sentyabr tarixlərində bir sıra ölkələrin ATƏT yanında Daimi Nümayəndələrindən ibarət qrupun ölkəmizə səfəri baş tutmuşdur.

 

İkinci bu qəbildən olan səfər 2018-ci ilin 21-22 iyun tarixlərində baş tutmuşdur və səfərdə ümumilikdə 17 ATƏT iştirakçı dövlətinin daimi nümayəndəsi iştirak etmişdir.

 

Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumu (TƏF) - iştirakçı dövlətlərin ATƏT yanında Daimi Nümayəndəliklərindən ibarət təşkilatın hərbi-siyasi ölçüsü üzrə qərar qəbul etmə orqanıdır. TƏF özünün müntəzəm iclaslarını həftədə bir dəfə olmaqla Vyanada keçirir.

 

Azərbaycan 2022-ci ilin yanvar-aprel aylarında TƏF-də Sədrlik etmişdir (bundan əvvəl isə 2007-ci ildə). 2022-ci ilin 19 yanvar tarixində Azərbaycanın Sədrliyi altında keçirilmiş açılış iclasında xarici işlər naziri cənab Ceyhun Bayramov Azərbaycanın Sədrlik proqramını təqdim etmişdir. Sədrliyimiz dövründə həftəlik əsasda müxtəlif hərbi-siyasi mövzular üzrə Təhlükəsizlik Dialoqları, eləcə də digər aidiyyəti tədbirlər təşkil olunmuşdur. Həmin tədbirlər beynəlxalq humanitar hüquq və mülki şəxslərin qorunması, yüngül və atıcı silahlar (YAS) və adi silah sursatları (ASS), minalardan təmizləmə, hərbi-siyasi bloklara qoşulmayan ölkələrin Avropa təhlükəsizlik arxitekturasında rolu, terrorçuluğa qarşı mübarizə və münaqişədən sonrakı bərpa kimi mövzuları əhatə etmişdir.

 

2. ATƏT-in Baş katibi

 

ATƏT-in Baş katibi təşkilatın Katibliyi və icraçı qurumlarının gündəlik fəaliyyətinin əlaqələndirilməsi funksiyasını daşıyır. Nazirlər Şurasının qərarı ilə üç il müddətinə təyin edilir.

 

2018-ci ilin 12 sentyabr tarixində ATƏT-in Baş Katibi cənab Tomas Qreminger ölkəmizə səfər etmişdir. Səfər çərçivəsində Baş katib Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikasının xarici işlər naziri, Bakı Beynəlxalq Dəniz Limanının rəhbərliyi və digər rəsmi şəxslərlə görüşlər keçirilmişdir. Keçirilmiş görüşlərdə Azərbaycan-ATƏT əməkdaşlığının praktik aspektlərinə dair fikir mübadiləsi aparılmışdır.

 

2020-ci ilin dekabr ayından 3 illik müddətə ATƏT-in Baş katibi funksiyalarını Almaniya nümayəndəsi xanım Helqa Maria Şmid həyata keçirir. 2023-cü ilin dekabrında onun səlahiyyət müddəti əlavə doqquz ay üçün uzadılmışdır. 2021-ci ilin may ayında, 2022-ci ilin yanvar ayında və 2023-cü ilin iyun ayında Avstriya Respublikasına işgüzar səfərləri çərçivəsində, eləcə 2021-ci ildə İsveçdə, 2022-ci ildə Polşada və 2023-cü ildə Şimali Makedoniyada keçirilmiş Nazirlər Şurasının iclasları çərçivəsində xarici işlər naziri cənab Ceyhun Bayramov ilə ATƏT-in Baş katibi Helqa Şmid arasında Cənubi Qafqaz bölgəsində münaqişədən sonrakı vəziyyət, Azərbaycan-ATƏT əməkdaşlığı və digər qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi məqsədilə görüşlər baş tutmuşdur.

 

3. ATƏT-in icraçı institutları ilə əməkdaşlıq

 

ATƏT çərçivəsində iştirakçı dövlətlər arasında dialoq və əməkdaşlığın təşviqi və müvafiq sahədə qəbul edilmiş öhdəliklərin icrası məqsədilə iştirakçı dövlətlərə yardım göstərilməsi üçün üç icraçı institut fəaliyyət göstərir: Demokratik Təsisatlar və İnsan hüquqları Bürosu (DTİHB), Media azadlığı üzrə nümayəndə və Milli azlıqlar üzrə ali komissar.

 

  1. DTİHB

DTİHB-nin baş ofisi Varşava şəhərində yerləşir və insan ölçüsü üzrə qəbul edilmiş öhdəliklərin icrasında iştirakçı dövlətlərə yardım etmək mandatına malikdir.

 

Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) ilə 1998-ci ildən başlayaraq əməkdaşlıq aparmış və demokratikləşdirmə, qanunun aliliyi, qanunvericiliyin, xüsusilə də seçki qanunvericiliyinin təkmilləşdirilməsi, miqrasiya, gender bərabərliyi və digər sahələrdə bir çox layihələr həyata keçirmişdir. DTİHB Azərbaycanda keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərinin müşahidə prosesində iştirak etmişdir. 2020-ci ilin dekabr ayından etibarən 3 illik müddətə DTİHB-nin direktoru vəzifəsini İtaliya nümayəndəsi Matteo Mekaçi həyata keçirir. 2023-cü ilin dekabrında onun səlahiyyət müddəti əlavə doqquz ay üçün uzadılmışdır.

 

  1. Media azadlığı üzrə nümayəndə

ATƏT-in Media azadlığı üzrə nümayəndəsi vəzifəsi təşkilatın Daimi Şurasının 5 noyabr 1997-ci il tarixli qərarı ilə təsis edilmişdir. Nümayəndənin mandatına ATƏT iştirakçı dövlətlərində media sahəsindəki prosesləri müşahidə etmək və müvafiq sahədə qəbul edilmiş öhdəliklərin icrasında iştirakçı dövlətlərə yardım etmək aiddir. Nümayəndənin ofisi Vyana şəhərində yerləşir. 2020-ci ilin dekabr ayından etibarən 3 illik müddətə Media azadlığı üzrə nümayəndə vəzifəsini Portuqaliya nümayəndəsi Tereza Ribeiro həyata keçirir. 2023-cü ilin dekabrında onun səlahiyyət müddəti əlavə doqquz ay üçün uzadılmışdır.

 

Azərbaycan hökuməti ATƏT-in Media azadlığı üzrə nümayəndəsi ilə onun mandatına daxil olan məsələlər ilə bağlı əməkdaşlıq edir. Bu təsisat ilə əməkdaşlığın nümunəsi kimi azərbaycanlı jurnalistlər və müxtəlif qurumların mətbuat xidməti əməkdaşları üçün keçirilən treninqlər, xüsusilə Azərbaycanın kütləvi informasiya vasitələrinə aid qanunvericiliyinin təkmilləşdirilməsi və onun hüquqi ekspertizasını göstərmək olar.

 

Media azadlığı üzrə nümayəndə Tereza Ribeiro 2022-ci ilin 25-26 aprel tarixlərində Azərbaycana səfər etmişdir. Nümayəndə ölkəmizə səfəri çərçivəsində bir sıra rəsmi görüşlər keçirmiş, həmçinin, 26 aprel tarixində AR Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Dezinformasiyanın artımı: media sahəsinə təsiri və səmərəli cavab tədbirləri siyasəti” mövzusunda təşkil olunmuş dəyirmi masada iştirak etmişdir.

 

  

  1. ATƏT-in Milli azlıqlar üzrə ali komissarı

ATƏT-in Milli azlıqlar üzrə ali komissar vəzifəsi ATƏM-in 1992-ci il Helsinki Sammitinin müvafiq qərarına əsasən təsis edilmişdir. Ali komissarın mandatı ATƏT iştirakçı dövlətlərində milli azlıqlardan qaynaqlanan gərginliklərin qarşısını almaq məqsədilə erkən xəbərdarlıq və erkən fəaliyyət istiqamətlərini əhatə edir. Ali komissarın ofisi Haaqa şəhərində yerləşir. 2020-ci ilin dekabr ayından etibarən Milli azlıqlar üzrə Ali Komissar vəzifəsini Qazaxıstan nümayəndəsi Kayrat Abdrahmanov həyata keçirir. 2023-cü ilin dekabrında onun səlahiyyət müddəti əlavə doqquz ay üçün uzadılmışdır.

 

ATƏT-in üzvü olduqdan etibarən Azərbaycan bu təşkilatın Milli azlıqlar üzrə ali komissarının Ofisi ilə əlaqələr yaratmışdır. Azərbaycan milli azlıqların hüquqlarının müdafiəsi, onların vətəndaşı olduqları dövlətlərin ictimai həyatına tam hüquqlu inteqrasiyası kimi vacib istiqamətlərdə yaxşı təcrübələrin bölüşülməsi və norma yaradıcılığı sahələrində əməkdaşlıq edir.

 

4. ATƏT-in Fəaliyyətdə olan sədri

 

ATƏT-in Fəaliyyətdə olan Sədri vəzifəsi təşkilat çərçivəsində fəaliyyətin və iştirakçı dövlətlər arasında əməkdaşlığın əlaqələndirilməsi məqsədilə təsis edilmişdir. Təşkilata sədrlik edən ölkə Nazirlər Şurasının qərarı ilə bir il müddətinə müəyyən edilir. Fəaliyyətdə olan Sədr funksiyalarını isə həmin ölkənin xarici işlər naziri həyata keçirir.

 

2023-cü ilin yanvar ayının 1-dən etibarən ATƏT-də Sədrlik funksiyalarını Şimali Makedoniya yerinə yetirir. Hazırda ATƏT-in Fəaliyyətdə olan Sədri bu ölkənin xarici işlər naziri Bujar Osmanidir.

 

2023-cü ilin 12 aprel tarixində ATƏT-in Fəaliyyətdə olan Sədri Bujar Osmaninin Azərbaycana səfəri baş tutmuşdur. Səfər çərçivəsində keçirilmiş görüşlərdə regionda münaqişədən sonrakı vəziyyət və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi, habelə Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılmışdır.

                                  

Skopyedə keçirilmiş ATƏT-in 30-cu Nazirlər Şurasının qərarına əsasən, 2024-cü ildə təşkilata Sədrlik Malta tərəfindən həyata keçiriləcəkdir.

 

5. ATƏT Parlament Assambleyası

 

ATƏT iştirakçı dövlətlərinin 323 parlamentarisindən təşkil edilmiş Parlament Assambleyası ATƏT-in muxtar qurumu kimi parlament müstəvisində dialoqun təşviqi məqsədi ilə fəaliyyət göstərir və məşvərətçi xarakter daşıyır. Parlament Assambleyasının Beynəlxalq Katibliyi Kopenhagen şəhərində yerləşir. Hazırda ATƏT PA-nın Prezidenti vəzifəsini Pia Kauma (Finlandiya), Baş katibi vəzifəsini isə Roberto Montella (İtaliya) həyata keçirir.

 

Azərbaycan Respublikasının Milli Məclisinin nümayəndə heyəti ATƏT PA-nın işində 3-ü əsas olmaqla, ümumilikdə 6 millət vəkili ilə təmsil olunur. Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri millət vəkili Azay Quliyevdir. O, həmçinin, 2016-2022-ci illərdə ATƏT PA-nın vitse-prezidenti vəzifəsini yerinə yetirirdi. 2022-ci ildən etibarən isə ATƏT PA-nın İqtisadi, Elm, Texnologiya və Ətraf Mühitə dair məsələlər üzrə komitəsinin sədri vəzifəsini icra edir. 

 

Azərbaycan və ATƏT PA arasında sıx əməkdaşlıq münasibətləri formalaşmışdır. ATƏT PA-nın 2014-cü ildə İllik Sessiyası Bakıda təşkil edilmişdir. Qurumun müxtəlif illərdə keçirilmiş illik sessiyalarında Azərbaycan tərəfinin təşəbbüsü ilə müxtəlif qətnamələr qəbul edilmişdir. Hazırda qurum çərçivəsində Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılmış “İpək yoluna Dəstək” qeyri-rəsmi qrupu fəaliyyət göstərməkdədir. 2018-ci ilin 13 mart tarixində Bakıda Milli Məclislə ATƏT PA-nın “İpək Yoluna Dəstək” Qrupunun birgə təşkilatçılığı ilə “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentarilərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

 

2023-cü ilin 22-23 may tarixlərində Bakıda AR Milli Məclisi və ATƏT PA-nın birgə təşkilatçılığı ilə "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans baş tutmuşdur.

 

6. ATƏT-in İnsan Ölçüsü

 

İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində Azərbaycanın əməkdaşlıq etdiyi təşkilatlardan biri də ATƏT-dir. 1998-ci il noyabr ayının 26-da Azərbaycan Hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Memorandumun əlavəsində ölkədə insan hüquqları sahəsində demokratik islahatların həyata keçirilməsi istiqamətində sıx əməkdaşlıq nəzərdə tutulmuşdur.

 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və ATƏT-in 2000-2015-ci illərdə fəaliyyət göstərmiş Bakı Ofisinin/Layihə Koordinatorunun dəstəyi ilə Azərbaycanda həyata keçirilən islahatlara uyğun olaraq insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi, qanunun aliliyi, vətəndaş cəmiyyətinin inkişafı və s. sahələrdə layihələr və tədbirlər həyata keçirilmişdir.

 

Azərbaycanın rəsmi təmsilçiləri mütəmadi olaraq ATƏT-in İnsan Ölçüsü üzrə İllik Toplantılarında iştirak edir. Toplantıya bir qayda olaraq, Xarici İşlər Nazirliyinin, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman), Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndələri qatılır.

 

Azərbaycan Respublikası Hökumətinin rəsmi dəvəti ilə DTİHB 11 aprel 2018-ci ildə keçirilmiş erkən prezident seçkiləri üçün Seçki Müşahidə Missiyasını (SMM) ezam etmişdir. DTİHB tərəfindən seçkiləri müşahidə etmək üçün ATƏT-ə üzv ölkələrdən 30-dan çox uzunmüddətli və 280 qısamüddətli müşahidəçi cəlb olunmuşdur. Müşahidəçilər namizədlərin qeydiyyatını, kampaniya fəaliyyətlərini, seçki administrasiyası və müvafiq hökumət orqanlarının işini, seçki qanunvericiliyini və onun tətbiqini, media mühitini və seçki ilə bağlı mübahisələrin həlli işini izləmişdir.

 

Azərbaycan Respublikası Hökumətinin rəsmi dəvətinə əsasən, DTİHB tərəfindən 9 fevral 2020-ci il tarixində ölkəmizdə keçirilmiş növbədənkənar parlament seçkilərini müşahidə etmək məqsədilə SMM təsis edilmişdir. Seçkiləri müşahidə etmək üçün DTİHB tərəfindən 271 uzunmüddətli və qısamüddətli müşahidəçi cəlb edilmişdir.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti