Azərbaycan - Afrika İttifaqı münasibətləri

Afrika İttifaqının (Aİ) yaranması qitədə baş vermiş təkamülə böyük miqyasda təsir edən hadisələrdən biri sayıla bilər. 1999-cu ilin iyul ayında Afrika Birliyi Təşkilatının iclasında qitədə iqtisadi və siyasi inteqrasiyanın sürətləndirilməsi üçün növbədənkənar sessiyanın çağırılmasına qərar verildi. 9 sentyabr 1999-cu il tarixində Afrika Birliyi Təşkilatının rəhbərləri Afrika İttifaqının yaradılması ilə bağlı bəyannamə imzaladılar.

2002-ci ildə Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilmiş sammiti zamanı Afrika İttifaqının rəsmən fəaliyyətə başlamasına qərar verilmiş və Afrika İttifaqına üzv ölkələrin dövlət başçıları İttifaqın ilk iclasına çağırılmışdır.

2011-ci ilin 15 yanvar tarixindən etibarən Azərbaycan Respublikası Afrika İttifaqı  (Aİ) yanında müşahidəçi statusu almışdır.

2011-ci ilin 25 avqust tarixində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində “Afrika regionunda quraqlıq və aclıqdan əziyyət çəkən ölkələrə yardım” adı altında Aİ tərəfindən təşkil edilmiş donor konfransında Azərbaycan Respublikasının Aİ yanında daimi nümayəndəsi səfir Ş.Abdullayev təmsil etmişdir.

2011-ci ildə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən Aİ vasitəsilə sosial-iqtisadi və humanitar böhrandan əziyyət çəkən Afrika dövlətlərinə maddi yardım göstərilmişdir.

23-29 sentyabr 2012-ci il tarixlərində Aİ Komissiyasının rəhbərliyi altında Afrika dövlətlərinin gənc mütəxəssislərinin Azərbaycan Respublikasına səfəri təşkil olunmuşdur. Səfər çərçivəsində Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası ilə Pan-Afrika Gənclər İttifaqı arasında əməkadşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.

30 yanvar – 3 fevral 2013-cü il tarixlərində Aİ-nin insan resursları, elm və texnologiya üzrə komissarı Jan Pier Ezinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

24 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikası prezidentinin N748 saylı Sərəncama əsasən Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev iqamətgahı Əddis-Əbəbə şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Aİ yanında daimi nümayəndəsi təyin edilmişdir.

6 may 2015-ci il tarixində Azərbaycan Respublikasının Aİ yanında Daimi nümayəndəsi Elman Abdullayev etimadnaməsini Afrika İttifaqı Komissiyasının sədri xanım Nkosazana Dlamini Zumaya təqdim etmişdir.

28 sentyabr – 1 oktyabr 2016-cı il tarixində Aİ-nin  siyasi məsələlər üzrə komissarı Aişə Abdullahi Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfər etmişdir. Səfər zamanı komissar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov A.Abdullahi ilə görüş keçirmişdir.

2016-cı ilin dekabr ayında ASAN Xidmətin fəaliyyətinə dair Aİ-nin mənzil-qərargahında təqdimat keçirilmiş, ASAN Xidmətin fəaliyyətini əks etdirən stend qurulmuşdur.

5-7 mart 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Aİ yanında Daimi nümayəndəsi Elman Abdullayev Pan Afrika Parlamentinin (PAP) prezidenti Rocer Nikodo Danqın dəvəti ilə PAP-ın xüsusi növbədənkənar iclasında iştirak etmişdir.

16 iyun 2017-ci il tarixində Azərbaycan Respublikasının Aİ yanında Daimi nümayəndəsi Elman Abdullayev Aİ Komissiyasının yeni seçilmiş sədri cənab Musa Faki Mahatmatla görüşmüşdür.

23-24 oktyabr 2017-ci il tarixində Pan Afrika Parlamentinin Prezidenti Rocer Nkodo Danq Azərbaycana səfər etmişdir.

9 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Əddis-Əbəbəyə səfər çərçivəsində Aİ Komissiyasının sədri cənab Musa Faki Mahatmat, Aİ-nin Sülh və Təhlükəsizlik məsələləri üzrə komissarı Smail Şerqi, İqtisadi məsələlər üzrə komissar Viktor Harrison və Siyasi məsələlər üzrə komissar xanım Amira Elfadil ilə görüşmüşdür.

20-24 noyabr 2017-ci il tarixində “Azərkosmos” ASC-in nümayəndələri Aİ-nin mənzil-qərargahında Kommunikasiya və İnformasiya Texnologiyaları üzrə İxtisaslaşmış Texniki Komitənin II iclasında iştirak edərək müvafiq təqdimatla çıxış etmişlər.

Səfər zamanı Aİ-nin mənzil-qərargahında “Azərkosmos” ASC-nin fəaliyyətini əks etdirən stend qurulmuş və Afrika ölkələrinin rabitə və informasiya texnologiyaları nazirləri üçün ziyahət təşkil edilmişdir.

2018-ci ilin 22-26 iyul tarixlərində Aİ-nin Enerji və İnfrastruktur məsələləri üzrə komissarı xanım Amani Abu-Zeydin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olmuş, Baş Nazir N.Məmmədov, Xarici İşlər naziri E.Məmmədyarov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri R.Quliyev, Energetika naziri P.Şahbazov, Dövlət Turzim Agentliyinin sədri F.Nağıyev və “Azərkosmos” ASC-in sədri R.Nəbiyev ilə görüşmüş, həmçinin 3 saylı “ASAN” xidmət və Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ilə tanış olmuşdur.

23 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı Səfirliyi tərəfindən Afrika İttifaqı Komissiyasının mənzil-qərargahında ölkəmizin Qoşulmama Hərəkatında qarşıdan gələn sədrliyinin prioritetləri və Azərbaycanın beynəlxalq inkişafa yardım çərçivəsində Afrika qitəsində fəaliyyətinə dair geniş təqdimat mərasimi təşkil edilmişdir. Təqdimatlar UNESKO üzrə Milli Komissiyasının Baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov, Beynəlxalq Təhlükəsizlik idarəsinin rəis müavini Yalçın Rəfiyev, Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəis müavini Aliyə Ağazadə tərəfindən keçirilmişdir. Tədbirdə əsas qonaq qismində Afrika İttifaqı Komissiyasının sədr müavini Tomas Kvesi Kvarti iştirak etmişdir.

14-15 noyabr 2018-ci il tarixində Bakı şəhərində  keçirilmiş Ümumdünya Anti-Dopinq Agentliyinin (WADA) növbəti toplantısında Afrika qitəsini Afrika İttifaqının Sosial Məsələlər üzrə Komissarı xanım Amira El Fadilin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. Səfər zamanı komissar WADA-nın digər rəhbərləri ilə birgə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişlər. Xanım komissar həmçinin AR Gənclər və idman naziri Azad Rəhimov ilə də görüşmüşdür.

5-9 oktyabr 2019-cu il tarixlərində Pan-Afrika Parlamentinin Prezidenti Rocer Nkodo Danqın dəvəti əsasında səfir Elman Abdullayev Pan-Afrika Parlamentin üçüncü sessiyasında iştirak etmək məqsədilə Cənubi Afrika Respublikasının Midrand şəhərinə səfər etmişdir. Səfər çərçivəsində səfir Elman Abdullayev PAP-ın prezidenti, eləcə də bir sıra afrikalı millət vəkilləri ilə görüşlər keçirmişdir. Eyni zamanda, səfir E.Abdullayev PAP-ın üçüncü sessiyası çərçivəsində afrikalı parlamentarilər qarşısında çıxış etmişdir.

24-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Afrika İttifaqının Siyasi məsələlər üzrə komissarı Minata Samate Sessumanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

24 oktyabr 2019-cu il tarixində Xarici İşlər naziri Elmar Məmmədyarov Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Afrika İttifaqının Siyasi məsələlər üzrə komissarı Minata Samate Sessumanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

23-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Pan-Afrika Parlamentinin Prezidenti Rocer Nkodo-Danqın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

23 mart 2020-ci il tarixində AR-in Afrika İttifaqı Daimi nümayəndəsi E.Abdullayev Konqo Demokratik Respublikasının Şərqində tüğyan edən Ebola virusu ilə mübarizə üçün Afrika İttifaqının çağırışına cavab olaraq Azərbaycan Respublikası tərəfindən 20 min ABŞ dolları məbləğində yardımı Aİ-nin Sosial məsələlər üzrə komissarı Amira El-Fadilə təqdim etmişdir

4 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və Qoşulmama Hərəkatının hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında təşkil olunmuş video-konfransında Afrika İttifaqı Komissiyasının sədri cənab Musa Faki Mahamat iştirak etmişdir.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti