Azərbaycan - Ərəb Dövlətləri Liqası (ƏDL) münasibətləri

ƏDL-in fəaliyyəti 11 may 1945 –ci il tarixində qüvvəyə minmiş Nizamnaməyə əsasən həyata keçirilir. ƏDL-in ən yüksək idarəedici orqanı ƏDL Şurasıdır. Şuranın iclası ildə iki dəfə üzv-dövlətlərin Xarici İşlər nazirləri səviyyəsində keçirilir. Təşkilatın Baş Katibi Şura tərəfindən 5 il müddətinə seçilir.

ƏDL-in Türkiyə, Rusiya, Fransa, Böyük Britaniya, Almaniya, İspaniya, Avstriya, İtaliya, Belçika, İsveçrə, Yunanıstan, Kanada, ABŞ, Braziliya, Argentina, Meksika, Yaponiya, İraq, Çin, Hindistan, Keniya, Seneqal, Efiopiyada Nümayəndəlikləri və informasiya büroları fəaliyyət göstərir.

Liqa yeddi ölkə ilə, o cümlədən Azərbaycanla imzalanmış Anlaşma Memorandumları əsasında əməkdaşlıq edir.

2005-ci ilin 15-17 oktyabr tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri E.Məmmədyarov Misir Ərəb Respublikasına rəsmi səfər etmişdir.

2005-ci ilin 16 oktyabr tarixində Azərbaycan Respublikası ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanmışdır.

2007-ci il 6-8 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində ƏDL Baş Qərargahında Liqanın Baş Katibi Amr Musa ilə görüşmüş, Liqaya üzv olan ölkələrin səfirləri qarşısında çıxış etmiş və A.Musa ilə birlikdə mətbuat konfransında iştirak etmişdir. 

2007-ci ilin 30 avqust - 10 sentyabr tarixlərində ƏDL-nin İqtisadi Birlik Şurasının nəzdində fəaliyyət göstərən Gəmiçilik Palatalarının Ümumərəb Federasiyasının Prezidenti Admiral Mahmud Hatim Əl-Kadin Azərbaycanda səfərdə olmuşdur.

29-30 may 2008-ci il tarixlərində Bakıda keçirilmiş “GUAM-ın inkişaf strategiyası” adlı beynəlxalq konfransda ƏDL-in Avropa Departamentinin Avropa Təşkilatları şöbəsinin rəhbəri xanım Omnia Taha iştirak etmişdir.

13 may 2014-cü il tarixində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən Ərəb Dövlətləri Liqası - Orta Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq - il tarixindəvə İqtisadi Forumu keçirilmişdir. Forumda Azərbaycanı Xarici İşlər Naziri E.Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 1862 saylı Sərəncamı ilə Tural Rzayev Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifəsinə təyin edilmişdir.

27 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov BMT BA-nın 74-cü sessiyası çərçivəsində Ərəb Dövlətləri Liqasının (ƏDL) Baş Katibi Əhməd Əbu Əl-Ğeyt ilə görüşmüşdür.

 

İmzalanmış sənədlər

  1. Azərbaycan Respublikası ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu; Qahirə, 16 oktyabr 2005-ci il;
  2. Ərəb Dövlətləri Liqası – Orta Asiya və Azərbaycan Respublikası arasında Əməkdaşlıq Memorandumu; Ər-Riyad, 13 may 2014-cü il.
Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti