Çoxtərəfli münasibətlər
Çoxtərəfli münasibətlər
Beynəlxalq təşkilatlar
Qoşulmama Hərəkatı (QH)

Image result for non aligned movement

Hərəkatın məqsəd və prinsipləri:

  1. Əsas insan hüquq və azadlıqlarına, eləcə də BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə hörmət etmək;
  2. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək;
  3. Böyüklüyündən asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq;
  4. Digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək;
  5. BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququna hörmət etmək;
  6. Böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək və hər hansı dövlət tərəfindən digər dövlətlərə təzyiq göstərilməsindən çəkinmək;
  7. Digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən çəkinmək;
  8. BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri danışıqlar, barışıq, arbitraj, məhkəmə həlli və tərəflərin özünün seçdiyi digər dinc vasitələrlə, sülh yolu ilə həll etmək;
  9. Qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək;
  10. Ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək.

 

Hərəkatın yaranma tarixi:

1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransı Qoşulmama Hərəkatının təsis edilməsi istiqamətində ilk əhəmiyyətli addım hesab edilir. Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulmuşdur.

 

 Mənzil qərargahı:

Qoşulmama Hərəkatının daimi mənzil qərargahı yoxdur. Büro QH-nin daimi əsasda fəaliyyət göstərən və qurumdaxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır. Büro vasitəsilə QH öz üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir. Büroya rəhbərliyi təşkilatın sədri olan dövlətin BMT yanında daimi nümayəndəsi həyata keçirir. 

Üzv dövlətlər:

Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.

Qoşulmama Hərəkatı çərçivəsində keçirilən görüşlərin formatları:

QH-yə üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Zirvə Görüşləri (Summit of Heads of State and Government of the Non-Aligned Movement) QH-nın ən ali toplantısıdır. Sammitdən öncə Əlaqələndirici Büro Konfransa rəhbərlik edəcək Büronun tərkibini müəyyən edir. Sədr dövlətlə bərabər regional əsasda (8 Afrika, 7 Asiya, 4 Latın Amerika və Karib, 1 Şərqi Avropa) 20 sədr müavini seçilir. Sammitdən bir neçə gün əvvəl yüksək vəzifəli şəxslərin iclası və xarici işlər nazirlərinin görüşü keçirilir. Yüksək vəzifəli şəxslərin iclasında qəbul edilən qərar və sənədlərə xarici işlər nazirlərinin görüşündə baxılır və təsdiqləndikdən sonra qəbul edilməsi üçün sammitə təqdim olunur.

Aralıq dövr Nazirlər Konfransı (Mid-term Ministerial Conference) sammitdən 18 ay sonra keçirilir və sammitdə qəbul edilən qərarların icrası ilə bağlı vəziyyəti nəzərdən keçirir və növbəti sammitə hazırlıq işləri görür.

BMT Baş Assambleyasının ümumi debatları çərçivəsində nazirlər səviyyəsində görüşlər sentyabr ayında Nyu-Yorkda keçirilir.

Qoşulmama Hərəkatına üzvlük proseduru:

QH-yə üzv olmaq istəyən dövlət Hərəkatın fundamental prinsiplərinə sadiqliyini ifadə etməli və Qoşulmama Hərəkatının Sədrinə yazılı müraciət etməlidir. Üzvlüklə bağlı qərar konsensus yolu ilə qəbul edilir.

Azərbaycanın Hərəkata üzv olması:

Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunmuşdur.

Azərbaycan Respublikasının Hərəkata Sədrliyi (2019-2023):

Azərbaycan Respublikası 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi etmişdir. Tədbirdə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri iştirak etmişdir. Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir.

Sədrlik çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar www.namazerbaijan.org internet ünvanından əldə edilə bilər.

Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra, QH üzv dövlətləri, Hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə Hərəkata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət etmiş, Azərbaycan tərəfi də Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini və mürəkkəb dövrdə Hərəkata səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübəni nəzərə alaraq, bu müraciətə müsbət cavab vermişdir. Beləliklə hazırda Azərbaycanın QH-yə sədrliyi 2023-cü ilə qədər uzadılmışdır.

Qoşulmama Hərəkatına üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü. 4 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və QH-nin hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında video-konfransı təşkil olunmuşdur.

Pandemiyanın əmələ gətirdiyi mürəkkəb beynəlxalq şəraitdə və dünya ictimaiyyəti tərəfindən beynəlxalq təşkilatların səmərəliliyi və çoxtərəfli diplomatiyanın gələcəyi sınağa çəkildiyi bir dövrdə Qoşulmama Hərəkatının hazırkı sədri qismində, ölkəmizin çoxtərəfliliyin təşviqi üzrə prioritetinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən Hərəkatın koronavirusa qarşı mübarizə üzrə mümkün ən yüksək səviyyədə Təmas Qrupunun yaradılması və COVID-19 qlobal pandemiyasının QH üzv dövlətlərinə təsirinin qiymətləndirilməsi və onların ehtiyaclarının müəyyən olunması təşəbbüsü ilə çıxış etmişdir.

Görüşdə QH üzv dövlətlərindən 25 dövlət və hökumət başçısı, 1 vitse-prezident, 1 baş nazirin müavini  və 11 nazir səviyyəsində iştirak olmuşdur. 

Tədbirə BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru cənab Tedros Adhanom Qebreyesus və Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat qoşularaq çıxışlar etmişdir.

Tədbir zamanı həmçinin, BMT-nin Baş katibi cənab Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciətləri dinlənilmişdir.

Görüşün yekunu olaraq QH üzv dövlətləri tərəfindən Bəyannamə qəbul edilmiş və QH-nin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə İşçi Qrupu təsis edilmişdir. Qrupa QH üzv dövlətlərinin pandemiyaya qarşı mübarizədə əsas tibbi, sosial və humanitar ehtiyaclarının əks olunacağı vahid məlumat bazasının hazırlanması tapşırılmışdır.

Qoşulmama Hərəkatının təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası. 4 may 2020-ci il tarixli QH Təmas Qrupunun Zirvə Görüşünün davamı olaraq, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünü irəli sürmüş və BMT üzv dövlətlərinin əksəriyyətinin dəstəyi ilə BMT Baş Katibi 10 iyul 2020-ci il tarixindən sözügedən sessiyanın çağırıldığını elan etmişdir. Nəticədə, 2020-ci ilin 3-4 dekabr tarixlərində BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə mövzusunda xüsusi sessiyasının yüksək səviyyəli seqmenti təşkil olunmuş və həmin tədbirin açılış hissəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədri və bu xüsusi sessiyanın təşəbbüskarı qismində çıxış etmişdir. Xüsusi sessiyanın ümumi müzakirələrində 37 dövlət və 40 hökumət başçısı, 67 nazir çıxış etmiş və sessiyanın təşəbbüskarı olduğuna görə Azərbaycana və ölkə rəhbərliyinə təşəkkür ifadə etmişdir.

 

Azərbaycanın QH-yə sədrliyi dövründə nazirlər səviyyəsində də bir sıra tədbirlər keçirilmişdir. Pandemiya şəraitindən irəli gələn məhdudiyyətlər səbəbindən həmin tədbirlər virtual formatda baş tutmuşdur. Belə ki, 20 may 2020-ci il və 24 may 2021-ci il tarixlərində QH üzv dövlətlərinin səhiyyə nazirlərinin görüşləri, 9 oktyabr 2020-ci il tarixində (BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində) QH dövlətlərinin xarici işlər nazirlərinin iclası və 4 iyun 2021-ci il tarixində Hərəkata üzv dövlətlərin əmək nazirlərinin görüşləri keçirilmişdir.

 

Ölkəmizin QH-yə sədrliyi dövründə gənclərlə iş sahəsinə də xüsusi diqqət ayrılmışdır. Belə ki, Azərbaycan sədrliyinin təşəbbüsü və təşkilatçılığı ilə 16-18 aprel 2020-ci il tarixlərində milli səviyyədə və 1-5 mart 2021-ci il tarixlərində beynəlxalq səviyyədə QH Modeli Simulyasiya Məşğələsi keçirilmişdir. Tədbirlər Hərəkatın tarixində ilk dəfə olaraq təşkil edilmiş və pandemiyadan irəli gələn məhdudiyyətlər səbəbindən virtual formatda baş tutmuşdur. Beynəlxalq səviyyədə təşkil olunmuş Simulyasiya Məşğələsində 4 qitədən 39 QH üzv dövlətini təmsil edən 60 gənc iştirak etmişdir.

BMT-nin İnsan Hüquqları Şurasında “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edilməsi.  23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilmişdir. Qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsinə diqqəti çəkir və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu vurğulayır. Pandemiyanın aradan qaldırılmasında qlobal həmrəyliyin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətinə xüsusi vurğu edən qətnamə, bu xüsusda, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasının əhəmiyyətini qeyd edir.

Qətnaməyə ümumilikdə 133 dövlət həm-müəlliflik etmişdir ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir. Həm-müəlliflər sırasında dünyanın fərqli regionlarında yerləşən, iqtisadi göstəriciləri kəskin fərqlənən və fərqli siyasi qruplaşmalara məxsus olan ölkələr təmsil edilir.

 

BMT Baş Assambleyasında “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edilməsi. 18 noyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib. Qətnaməyə 126 BMT üzv dövləti həm-müəllif qismində qoşulmuşdur. BMT Baş Assambleyasının Üçüncü Komitəsində səsverməyə çıxarılan qətnamə layihəsi 171 lehinə, 0 əleyhinə, 7 bitərəf səslə qəbul edilmişdir.

Qətnamədə COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində həyata keçirilmiş bir sıra əhəmiyyətli qlobal təşəbbüslər, o cümlədən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası alqışlanır.

Sözügedən qətnamənin qəbulu Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal səylərin mərkəzində olmağa davam etdiyinin daha bir göstəricisi olmuşdur.

Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis olunması. 4-5 oktyabr 2021-ci il tarixlərində Qoşulmama Hərəkatının Azərbaycan sədrliyinin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv dövlətləri təmsil edən 100-dən çox gəncin iştirakı ilə QH Gənclər Şəbəkəsinin virtual təsis iclası keçirilmişdir. Gənclər şəbəkəsinin təsis edilməsi Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü zamanı Hərəkata üzv dövlətlərin dövlət və hökumət başçıları tərəfindən qərara alınmışdır. Şəbəkə vasitəsilə Hərəkata üzv dövlətlərin gənclərinin öz davamlı inkişaflarının təmin edilməsi istiqamətində qarşılaşdıqları çətinliklər və həmin çətinliklərin vətəndaşları olduqları ölkələrin hökumətləri tərəfindən birgə şəkildə həlli imkanları ilə bağlı fikir mübadiləsi aparmaq imkanı əldə etmşdir. Şəbəkəyə rəhbərliyi Azərbaycan Respublikasının Qoşulmama Hərəkatını sədrliyi başa çatana qədər Azərbaycan nümayəndəsi edəcəkdir.

 

2 gün davam edən təsis iclasının nəticəsi kimi Gənclər Şəbəkəsi üzvləri tərəfindən tövsiyələr məktubu hazırlanaraq 11-12 oktyabr 2021-ci il tarixində Belqradda keçirilmiş Qoşulmama Hərəkatının 60-cı ildönümünə həsr olunmuş yüksək səviyyəli yubiley tədbirində iştirak edən Hərəkat üzv dövlətlərinin yüksək səviyyəli hökumət rəsmilərinə təqdim edilmişdir.

 

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis olunması. 26 noyabr 2021-ci il tarixində Qoşulmama Hərəkatının Azərbaycan sədrliyinin təşəbbüsü əsasında Qoşulmama Hərəkatının Parlamentarilər Şəbəkəsinin təsis iclası keçirilmişdir. Qoşulmama Hərəkatının Bakı şəhərində keçirilmiş XVIII Zirvə Görüşü zamanı üzv dövlətlərin dövlət və hökumət başçıları tərəfindən Hərəkatın prinsip, ideya və məqsədlərinin həyata keçirilməsində parlamentarilərin konstruktiv rolunu nəzərə alınaraq QH üzv dövlətlərinin parlamentləri arasında əlaqələrin dərinləşdirilməsinə qərar verilmişdir. Şəbəkənin görüşlərinin əsasən Parlamentlərarası İttifaqın (IPU) iclasları çərçivəsində keçirilməsi nəzərdə tutulur.

QH-nin Parlamentarilər Şəbəkəsinin təsis edilməsi QH sədrliyimizin Hərəkata tarixi töhfəsi olmaqla yanaşı, ölkəmizin digər dövlətlərlə parlamentlərarası əməkdaşlığının inkişafına töhfə verən təşəbbüs olması baxımından əhəmiyyətlidir.

 

Qoşulmama Hərəkatının təsis edilməsinin 60-cı ildönümü münasibətilə yüksək səviyyəli yubiley tədbirinin keçirilməsi. 11-12 oktyabr 2021-ci il tarixlərində Belqradda Qoşulmama Hərəkatının təsis edilməsinin 60-cı ildönümü münasibətilə yüksək səviyyəli yubiley tədbiri keçirilmişdir. Tədbirdə 100-dən artıq nümayəndə heyəti, o cümlədən 6 dövlət və ya hökumət başçısı, QH üzv və müşahidəçi dövlətlərinin, o cümlədən xüsusi qonaq qismində dəvət olunmuş dövlətlərin 50-dən artıq xarici işlər naziri, BMT Baş Assambleyasının sədri və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibi daxil olmaqla beynəlxalq təşkilatların rəhbər şəxsləri geniş şəkildə iştirak etmiş, BMT Baş Katibi tərəfindən video-müraciət ünvanlanmışdır.

 

Azərbaycan Respublikası Prezidentinin açılış nitqində təsis edilməsindən bəri Hərəkatın beynəlxalq münasibətlər sistemində oynadığı mühüm rol vurğulanmış, QH-nin əsasını təşkil edən Bandunq prinsiplərinin əhəmiyyətinə diqqət çəkilmiş, xüsusilə suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, digər dövlətlərin daxili işlərinə qarışmama kimi prinsiplərin müasir beynəlxalq münasibətlər sistemində aktuallığı və əhəmiyyəti vurğulanmışdır.

 

Azərbaycanın sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək məqsədilə 2011-ci ildə QH-yə qoşulması və qısa müddət ərzində Hərəkatın liderlərinin yekdil qərarı ilə QH sədri seçilməsi haqqında məlumat verən Dövlət Başçısı, Azərbaycan sədrliyinin prioritetləri və onların həyata keçirilmə statusu haqqında danışmış, həmçinin QH sədri qismində COVID-19 pandemiyası ilə bağlı irəli sürülmüş qlobal əhəmiyyətli təşəbbüslər barədə iştirakçıları məlumatlandırmışdır.

 

Qoşulmama Hərəkatı və Ermənistan-Azərbaycan münaqişəsi:

09-10 may 2012-ci il tarixlərində Misirin Şarm əl-Şeyx şəhərində Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun nazirlər səviyyəsində növbəti iclasında Yekun Sənədin qəbulu zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd də daxil edilmiş və QH üzv dövlətləri Ermənistan və Azərbaycan arasında münaqişənin dövlətlərin ərazi bütövlüyünə hörmət, ərazi bütövlüyünə qarşı güc tətbiq etməmək və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə dəstək ifadə etmişdir.

30-31 avqust 2012-ci tarixlərində İran İslam Respublikasının Tehran şəhərində QH Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə Görüşü keçirilmişdir. Sammit zamanı qəbul olunmuş Yekun Sənədin 391-ci maddəsində dövlətlər münaqişənin məhz Azərbaycan Respublikasının “ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində” həllinə dəstəyi ifadə etmişdir.   

28-29 may 2014-cü il tarixlərində Əlcəzairdə QH-nin XVII nazirlər iclası keçirilmişdir. QH üzv dövlətləri nazirlər iclasının yekun sənədinin 421-ci bəndində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalmasına təəssüflərini və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstəklərini ifadə etmişlər. 

4-6 aprel 2018-ci il tarixlərində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Aralıq dövr Nazirlər Konfransının yekun sənədində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalmasına təəssüf və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstək ifadə edilmişdir.

18-21 iyul 2019-cu il tarixlərində Venesuelanın Karakas şəhərində Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər səviyyəsində növbəti iclası keçirilmişdir. İclasın yekununda qəbul edilmiş Karakas Yekun Sənədi Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı əvvəlki sənədlərdə əksini tapmış dəstək mövqeyini bir daha təkrarlamışdır.

25-26 oktyabr 2019-cu il tarixlərində keçirilmiş Bakı Sammiti zamanı dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə (S/RES/822, S/RES/853, S/RES/874, S/RES/884) baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalması və beynəlxalq və regional sülh və təhlükəsizliyə hədə kimi qalmasından təəssüflərini ifadə etmiş və tərəflərə münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həll etmək üçün danışıqları davam etdirməyə çağırış etmişdir. Bununla əlaqədar olaraq, dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyi vurğulamış və təsdiq etmişdir ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq və bu ərazilərdə iqtisadi fəaliyyət də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcəklər.

Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosu 4 aprel 2020-ci il tarixində “Azərbaycan Respublikasının işğal altındakı ərazilərində keçirilmiş qondarma “seçkilər”lə bağlı Kommunike” qəbul etmişdir. Sənəddə ərazilərin güc yolu ilə ələ keçirilməsinin qəbuledilməz olduğu vurğulanaraq, heç bir dövlətin Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti qanuni olaraq hesab etmədiyi bir daha təsdiqlənir. Kommunikedə Hərəkata üzv dövlətlərin 31 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “prezident və parlament seçkiləri”ni tanımadıqları və bu aktı qeyri-qanuni hesab etdikləri bəyan edilir. QH üzv dövlətlərin QH-nin Bakı Zirvə Görüşünün yekun sənədinin 662-ci bəndinə istinad edərək, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həllinə dair dəstəklərini bir daha ifadə edir.

9 oktyabr 2020-ci il tarixində BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində keçirilmiş QH üzv dövlətlərinin xarici işlər nazirlərinin video-konfrans formatında iclası Ermənistanın ölkəmizə qarşı növbəti təcavüzü, yəni 44 günlük Vətən müharibəsi dövrünə təsadüf etdiyi üçün tədbirin gündəliyinə ayrıca “Bütün cəbhə boyu Azərbaycan Respublikasının silahlı qüvvələrinin mövqeləri və mülki yaşayış məntəqələrinə qarşı Ermənistan Respublikası tərəfindən silahlı hücum” başlıqlı bənd daxil edilmiş və həmin bənd altında Xüsusi Bəyannamə qəbul edilmişdir. Xüsusi Bəyannamədə QH-yə üzv dövlətlər Ermənistan-Azərbaycan münaqişəsində mülki şəxslər arasında itkilərlə müşayiət olunan toqquşmaların bərpasından narahatlıq ifadə etmiş, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə prinsipial dəstəklərini bir daha bildirərək, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklərini vurğulamışdır. Bəyannamədə üzv dövlətlər Hərəkatın prinsipial mövqeyi əsasında Azərbaycan Respublikası ilə həmrəyliklərini bildirmişdir.

 

Həmçinin, 19 oktyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan münaqişəsində vəziyyətin müzakirə edilməsi məqsədilə BMT Təhlükəsizlik Şurasının qapalı məsləhətləşmələri keçirilmiş, TŞ sədrinin məsələ ilə bağlı bəyanatının layihəsi müzakirəyə çıxarılmış, lakin Azərbaycan tərəfinin TŞ-də qeyri-daimi üzv olan QH dövlətləri ilə öncədən apardığı işin və danışıqların nəticəsi olaraq, ölkəmizin mövqeyinə zidd olan və münaqişə barədə TŞ qətnamələrinə istinadı əks etdirməyən həmin bəyanat layihəsinin qəbulunun qarşısı alınmışdır.

 

 

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti