Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olma ilə bağlı 23 iyun 1997-ci il tarixində ÜTT Katibliyinə müraciət etmişdir. Azərbaycan üzrə 16 iyul 1997-ci il tarixində yaradılmış İşçi Qrupa 42 dövlət daxildir.
Azərbaycanının ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiya 22 avqust 2003-cü il tarixində yaradılmışdır. Komissiyanın sədri AR Baş Nazirinin müavini Şahin Mustafayev, baş danışıqçı isə Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyevdir.
Azərbaycan Respublikasının ÜTT-yə daxil olması üzrə İşçi Qrupunun ilk iclası 2002-ci ilin 7 iyun tarixində, üzv-ölkələrlə ilk ikitərəfli danışıqlar isə həmin ilin 3-7 iyun tarixində Cenevrədə keçirilmişdir. 2004-cü ildən etibarən danışıqlar prosesi mütəmadi xarakter almağa başlamışdır. İşçi Qrupun sonuncu iclası 28 iyul 2017-ci il tarixində Cenevrə şəhərində baş tutmuşdur.
İşçi Qrup çərçivəsində çoxtərəfli danışıqlar üzrə indiyədək 14 iclas keçirilmişdir. İkitərəfli danışıqlar 22 dövlət ilə aparılır. Bu günədək 5 ölkə (Türkiyə, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Qırğızıstan) ilə protokollar imzalanmışdır.
Üzv olma prosesi çərçivəsində 24-28 iyun 2019-cu il tarixlərində Cenevrədə Cairns qrupunun bəzi üzvləri ilə kənd təsərrüfatı sahəsi üzrə ikitərəfli məsləhətləşmələr keçirilmişdir.
Üzv olma prosesi çərçivəsində sonuncu ikitərəfli danışıqlar 16-20 dekabr 2019-cu il tarixlərində İndoneziya, Tailand, Koreya ilə mallar, Aİ, Kanada ilə mallar və xidmətlər, Yaponiya ilə isə xidmətlər üzrə keçirilmişdir.