Çoxtərəfli münasibətlər
Çoxtərəfli münasibətlər
Beynəlxalq təşkilatlar
Azərbaycan – UNESCO münasibətləri

BMT-nin elm, təhsil və mədəniyyət sahəsində ixtisaslaşmış təşkilatı olan UNESCO-nun nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanmış, 4 noyabr 1946-cı ildə 20 üzv dövlətdən ibarət UNESCO fəaliyyətə başlamışdır. Hazırda UNESCO-nun 193 üzvü və 11 Assosiativ Üzvü var. UNESCO-nun üç əsas orqanı fəaliyyət göstərir: Baş Konfrans, İcraiyyə Şurası və Katiblik. UNESCO-nun Baş direktoru vəzifəsini 2017-ci ilin 15 noyabr tarixindən xanım Odre Azule (Fransa) icra edir.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 3 iyun 1992-ci il tarixində UNESCO-ya üzv qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 21 fevral 1994-cü il tarixli Sərəncamına uyğun olaraq, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılmışdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə UNESCO tərəfindən 2004-cü ilin sentyabr ayında UNESCO-nun şifahi və musiqi ənənələri sahəsində Xoşməramlı Səfiri adına layiq görülmüşdür.

Azərbaycanın 3 maddi mədəni irs nümunəsi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir: "İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi” (2000);"Qobustan Qaya Sənəti Mədəni Landşaftı" (2007)“Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” (2019).

Azərbaycanın 13 qeyri-maddi mədəni irs nümunəsi ("Azərbaycan Muğamı" (2008), "Azərbaycan Aşıq Sənəti” (2009), "Novruz" (2009), "Ənənəvi Azərbaycan Xalçaçılıq Sənəti" (2010), "Tar və Onun İfaçılıq Sənəti" (2012), "Ənənəvi Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması" (2014), “Lahıcın misgərlik sənəti” (2015), “Nazik çörəyin hazırlanma və paylaşılma mədəniyyəti: lavaş, katrıma, jupka, yufka” (2016), “Mədəni kimliyin göstəricisi dolmanın bişirilməsi və paylaşılması ənənəsi” (2017), “Kamança simli musiqi alətinin hazırlanma və ifaçılıq sənəti” (2017), “Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” (2018), "Miniatür sənəti" (2020) və “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” (2020)) UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, 2 irs nümunəsi ("Azərbaycan Respublikasında Çovqan Ənənəvi Qarabağ Atüstü Oyunu" (2013) və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” (2018)) isə Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

Ölkəmizdən “Azərbaycanın Orta əsrlərə aid tibbi və əczaçılıq əlyazmaları” (2005) və “Füzulinin Divan əlyazmasının surəti” (2017) UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil edilmişdir.

Son 5 ildə UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri proqramı çərçivəsində İmadəddin Nəsiminin ölümünün 600-cü ildönümü (2017), Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi (2017), Cənubi Qafqazda alman yaşayış məskənlərinin salınmasının 200 illik yubileyi (2017), Qara Qarayevin anadan olmasının 100 illik yubileyi (2018), Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyi (2019), Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyi (2020) qeyd olunmuşdur.

Ölkəmizdə fəaliyyət göstərən 18 təhsil müəssisəsi UNESCO Assosiativ Məktəblər Şəbəkəsi Proqramına (ASPnet) qoşulmuşdur.

Azərbaycanın 3 şəhəri – Bakı, Qəbələ və Gəncə 2020-ci ilin 21 sentyabr tarixində UNESCO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə daxil olmuşdur.

Azərbaycanda 3 UNESCO kafedrası fəaliyyət göstərir: Bakı Dövlət Universitetində “İnsan hüquqları və informasiya hüququ” UNESCO Kafedrası (2015-ci il); Təhsildə İnnovativ Texnologiyalar və Əlavə Təhsil Mərkəzində “İKT əsaslı yanaşma vasitəsilə müəllimlərin peşəkar inkişafının möhkəmləndirilməsi” üzrə UNESCO Kafedrası (2017-ci il) və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə UNESCO "Aşıq Şəmşir" kafedrası (2020-ci il).

2017-ci ildə UNESCO-nun Baş konfransının qərarı ilə Şəki şəhəri sənətkarlıq və xalq yaradıcılığı tematikası üzrə, 2019-cu ildə isə Bakı şəhəri dizayn tematikası üzrə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilmişdir.

Ölkəmizdə fəaliyyət göstərən 6 təhsil müəssisəsində - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Konservatoriyası, eyni zamanda Bakı Avropa Liseyi və 20 saylı məktəb-liseydə UNESCO Klubları yaradılmışdır.

 

Ali səfərlər

 

4-6 may 2017-ci il tarixində UNESCO-nun Baş direktoru İrina Bokova Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir.

18 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva UNESCO-nun sabiq Baş direktoru Koiçiro Matsuuranın anadan olmasının 80 illiyi münasibətilə Parisdə keçirilən konfransda iştirak və çıxış etmişdir.

30 iyun-2 iyul 2019-cu il tarixində UNESCO-nun Baş direktoru Odre Azule UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizə səfər etmişdir.

 

Azərbaycanın üzv olduğu UNESCO-nun alt-qurumları

 

1. Hökumətlərarası Bioetika Komitəsi (2017-2021);

2. Qeyri-Maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitə (2018-2022);

3. Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında Konvensiyanın Hökumətlərarası Komitəsi (2019-2023);

4. Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsi (CIGEPS) (2019-2023);

5. Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqramın Hökumətlərarası Şurası (2019-2023).

 

Azərbaycanda UNESCO-nun müxtəlif sahələri üzrə yaradılmış milli komitələr

 

1. Muzeylərin Beynəlxalq Şurası (ICOM- International Council of Museums);

2. Beynəlxalq Hidroloji Proqram (IHP- International Hydrological Programme);

3. İnsan və Biosfer Proqramı (MAB- Man and the Biosphere Programme);

4. Beynəlxalq Bioetika Komitəsi (IBC- International BioethicsCommittee);

5. İnformasiya Hamı üçün Proqramı (IFAP - Information For All Programme);

6. Dünya Yaddaşı Proqramı üzrə Milli Komitə (Memory of the World Register Programme).

 

UNESCO və Azərbaycan arasında imzalanmış sənədlər

 

  1. 24 noyabr 2010-cu il tarixində “Azərbaycan Respublikası Hökuməti və UNESCO arasında Yaponiyanın “İnsan Resursları İmkanlarının Gücləndirilməsi üzrə İnam Fondu”nun layihəsi üçün Əməliyyat Planına dair Müqavilə” imzalanmışdır.
  2. 18 iyul 2013-cü il tarixində “Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi” imzalanmışdır. 28 yanvar 2020-ci ilin tarixində UNESCO baş qərargahında Azərbaycan və UNESCO arasında Çərçivə sazişinin növbəti 5 il müddətinə uzadılması üçün Sazişə dəyişikliklər barədə Protokol imzalanmışdır.
  3. 24 yanvar 2014-cü il tarixində “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Gənc Peşəkar Əməkdaş (GPƏ) Proqramının təşkili haqqında Saziş” imzalanmışdır.

 

Azərbaycan Respublikasının qoşulduğu UNESCO konvensiyaları

 

  1. Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 14 may 1954-cü il Konvensiyası (1993), ona dair Birinci Protokol (1993) və İkinci Protokol (2000);
  2. Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında 16 noyabr 1972-ci il Konvensiyası (1993);
  3. Avropa regionu dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 21 dekabr 1979-cu il Konvensiyası (1994);
  4. Asiya və Sakit Okean dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 16 dekabr 1983-cü il regional Konvensiyası (1995);
  5. Müəlliflik hüququ haqqında 6 sentyabr 1952-ci il Ümumdünya Konvensiyası (1997);
  6. Avropa regionunda ali təhsil ixtisaslarının tanınması haqqında Konvensiya (1998);
  7. Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 14 noyabr 1970-ci il Konvensiyası (1997);
  8. Başlıca olaraq su quşlarının məskəni kimi beynəlxalq əhəmiyyətə malik su-bataqlıq yerləri haqqında 2 fevral 1971-ci il Konvensiyası (2001);
  9. Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz istehsalında mühafizəsi haqqında 29 oktyabr 1971-ci il Konvensiyası (2001);
  10. Beynəlxalq xüsusi hüququ unifikasiya institutunun (YUNİDRUA) oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəni dəyərlər haqqında 1995-ci il Konvensiyası (2003);
  11. Qeyri-maddi mədəni irsin qorunması haqqında 17 oktyabr 2003-cü il tarixli Konvensiyası (2006);
  12. İdmanda dopinqə qarşı mübarizə haqqında 19 oktyabr 2005-ci il tarixli Beynəlxalq Kоnvеnsiyа (2007);
  13. Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 20 oktyabr 2005-ci il Konvensiyası (2010);
  14. Nəşrlərin beynəlxalq mübadiləsinə dair 3 dekabr 1958-ci il Konvensiyası (2020).

 

UNESCO-nun baş qərargahı

Ünvan: 7, place de Fontenoy, 75352 Paris 07 SP, France

Tel: +33 1 45 68 10 00

Faks: +33 1 45 67 16 90

İnternet səhifəsi: www.unesco.org

 

Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi

Ünvan: 1, rue Miollis, 75015 Paris

Tel: + 33 1 45 68 28 77;  + 33 1 45 68 28 78

E-mail: unesco@mission.mfa.gov.az

 

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası

Ünvan: Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi,

Bakı şəhəri AZ-1009, Ş.Qurbanov küçəsi 50

Tel: +(99412) 596 93 22

E-mail: unesco@mfa.gov.az

Website: www.unesco.az

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti