Çoxtərəfli münasibətlər
Çoxtərəfli münasibətlər
Beynəlxalq təşkilatlar
Azərbaycan Respublikası ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında əməkdaşlıq

1957-ci ildə “Sülh naminə Atom” təşkilatı kimi təsis edilən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) nüvə enerjisindən sülh məqsədləri ilə istifadə olunması sahəsində elmi və texniki əməkdaşlıq üçün dünyanın hökumətlərarası forumu kimi fəaliyyət göstərir.

Nizamnaməyə görə onun başlıca məqsədləri “dünyada atom enerjisindən sülh, səhiyyə və inkişaf naminə istifadə edilməsini artırmaq və prosesi tezləşdirmək” və “onun tərəfindən, onun tələbi ilə, onun təlimatı və ya nəzarəti altında göstərilən yardımın hər hansı bir hərbi məqsədlər üçün istifadə olunması kimi halların olmamasını mümkün qədər təmin etməkdir”.

AEBA-nın bu məqsədlərlə yanaşı digər məqsədlərinə – nüvə texnologiyalarının və   nou-hauların (yüksək texnologiyalar) ötürülməsinə dəstək, nüvə enerjisindən istifadə sahəsində etibarlı və təhlükəsiz beynəlxalq qaydanın yaradılmasına dəstək, nüvə materiallarının yalnız sülh məqsədləri üçün istifadə edilməsinə təminatı həyata keçirmək və nüvə texnologiyalarından sülh məqsədləri üçün istifadə edilməsi barədə məlumatları yaymaq daxildir.

2021-ci ilin may ayına olan məlumata əsasən 173 dövlət AEBA-nın üzvüdür.        

24 may 2000-ci ildə Azərbaycan Respublikası tərəfindən AEBA-nın Baş Katibinə üzvlük ərizəsi təqdim edilmiş və Azərbaycanın AEBA-nın Şərqi Avropa Qrupuna daxil edilməsi xahiş edilmişdir. Vyanada 5-9 iyun 2000-ci il tarixində Azərbaycanın xahişi qərar verici və siyasi orqan olan Müdirlər Şurasının iclasında təsdiq edilmiş və Baş Konfransda qəbul edilmişdir.

Milli Məclisin 75-2Q saylı 13 fevral 2001-ci il tarixli qanunu ilə Azərbaycan Respublikası AEBA-nın statutuna qoşulmuş və bununla da təşkilatın tamhüquqlu üzvü olmuşdur.

Azərbaycan Respublikası 2009-2011-ci illər və 2018-2020-ci illər üzrə AEBA-nın Müdirlər Şurasına üzv qəbul edilmişdir.

AEBA ilə münasibətləri daha yüksək səviyyəyə qaldırmaq və əməkdaşlığı tənzimləmək məqsədilə 5 sentyabr 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ilə AEBA arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının təsis edilməsi barədə Sərəncam imzalamış və Baş Nazirin birinci müavini cənab Yaqub Eyyubov Komissiyanın sədri təyin edilmişdir. 2010-cu il 16 iyul və 2016-cı il 23 iyun tarixlərində Komissiyanın tərkibində dəyişikliklər edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2008-ci il tarixli 746 saylı sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin tərkibində Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 8 may 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.

2010-cu ildə AEBA Baş direktorunun müavini Anna Maria Çetto, 2016-cı ildə isə AEBA Baş direktorunun müavini Dazhu Yanq Azərbaycana səfər etmişdir.

 2018-ci il 18-19 aprel tarixlərində AEBA-nın Baş Direktoru Yukiya Amano Azərbaycana səfər etmişdir.

2019-cu ilin oktyabr ayının 25-26-da Bakı şəhərində keçirilmiş Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirak etmək məqsədilə AEBA-nın Baş Katibi Rafael Maria Qrossi və Baş Katibin müavini Kornel Feruta ölkəmizə səfər etmişlər.    

İmzalanmış sənədlər

Azərbaycan Respublikası 4 avqust 1992-ci il tarixində 254 saylı Qanun ilə Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə qoşulmuşdur. Bu müqavilənin III maddəsinin 1-ci paraqrafına uyğun olaraq, Azərbaycan Respublikası ilə AEBA arasında Nüvə silahının yayılmaması haqqında Müqavilə ilə əlaqədar təminatların tətbiq edilməsi barədə Saziş 6 noyabr 1998-ci il tarixində imzalanmış və 29 aprel 1999-cu ildə qüvvəyə minmişdir. Sözügedən sazişə Əlavə Protokol isə 5 iyul 2000-ci il tarixində imzalanmış və 24 oktyabr 2000-ci ildə təsdiq edilmiş, 29 noyabr 2000-ci ildən qüvvəyə minmişdir.

Təminatların tətbiq edilməsi barədə Sazişə əlavə olan “Cüzi Miqdar Protokolu” isə 20 noyabr 2006-cı il tarixində qüvvəyə minmişdir. Bu protokol qeyd edilən Sazişdə müəyyənləşdirilmiş həcmdən az nüvə materialına malik dövlətlərlə bağlanılır. Nüvə tədqiqat reaktorunun qurulması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qərardan sonra xarici işlər naziri cənab Elmar Məmmədyarova və AEBA-nın baş direktoru cənab Yukiya Amano arasında məktub mübadiləsi ilə “Cüzi Miqdar Protokoluna” düzəliş 2015-ci ilin 15 iyul tarixindən etibarən rəsmən qüvvədən düşmüşdür.

AEBA tərəfindən Azərbaycan Respublikasına texniki yardım göstərilməsi barədə yenidən baxılmış əlavə Saziş 17 sentyabr 2002-ci il tarixində imzalanmış və 11 mart 2014-cü ildə qüvvəyə minmişdir.

Hal-hazırda “Azərbaycan Respublikası və AEBA arasında Nüvə Silahlarının Yayılmaması haqqında müqavilə ilə əlaqədar təminatların tətbiq edilməsi barədə Saziş” və ona əlavə olunmuş Protokola dair Əlavə Müddəalar sənədi 12 oktyabr 2018-ci ildə quvvəyə minmişdir..

Azərbaycan Respublikası AEBA çərçivəsində aşağıdakı beynəlxalq sənədlərə qoşulmuşdur:

  • Nüvə Materiallarının Fiziki Mühafizəsi haqqında Konvensiya (INFCIRC/274) və 2005-ci il 8 iyul düzəlişi;
  • Nüvə Terrorizmi fəaliyyətinə qarşı Beynəlxalq Konvensiya (15 mart 2005-ci il tarixli, 59/290 saylı BMT Baş Assambleyasının Qətnaməsi).

 

Ölkəmiz bununla yanaşı, 2014-cü ilin avqust tarixində AEBA-nın “Radioaktiv Mənbələrin Təhlükəsizliyi üzrə Davranış Məcəlləsinin” və “Radioaktiv Mənbələrin İxracı və İdxalı Qaydalarının” icrası barədə qərar qəbul etmişdir. 

Bundan əlavə aşağıdakı milli normativ aktlar qəbul edilmişdir:

 

  • Azərbaycan ərazisində radioaktiv təhlükəsizliyə nəzarətin gücləndirilməsi tədbirlərinə aid Nazirlər Kabinetinin 11 iyul 1997-ci il tarixli qərarı;
  • 30 dekabr 1997-ci il tarixli əhalinin radioaktiv təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu;
  • Partlayıcı maddələrin və ləvazimatların radioaktiv və şüalanma mənbələrinin, eləcə də təchizatların istifadəsi və onların sənayedə saxlanması barədə Lisenziya Qaydalarının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 10 mart 1998-ci il tarixli qərarı.

 

AEBA ilə Texniki Əməkdaşlıq sahəsində Azərbaycan Respublikası üçün nəzərdə tutulan “Ölkə üzrə Çərçivə Proqramı” (Country Programme Framework – CPF)

Qeyd edilən proqram tərəfdaş dövlət tərəfindən AEBA ilə əməkdaşlıq şəraitində hazırlanır və AEBA ilə texniki əməkdaşlıq tədbirləri çərçivəsində dəstəklənən və qarşılıqlı razılıq əsasında müəyyən edilən prioritet ehtiyacları və tələbatları müəyyən edir. Bu sənəd AEBA tərəfindən Azərbaycan üzrə Texniki Əməkdaşlıq Proqramının hazırlanması baxımından xüsusi əhəmiyyətə malikdir, belə ki burada texniki əməkdaşlıq proqramları vasitəsilə dəstəklənəcək ölkəmizin birgə əsasda razılaşdırılmış prioritet ehtiyac və maraqları ehtiva edilir. Sənəddə əks olunan prioritetlərin AEBA Texniki Əməkdaşlıq Proqramı çərçivəsində layihələr vasitəsilə praktiki icrası həyata keçirilir.

Azərbaycanın ilk Ölkə Çərçivə Proqramı (ÖÇP) sənədi 2003-cü ildə Baş Konfrans zamanı imzalanmışdır və aşağıdakı dörd sahə üzrə Texniki Əməkdaşlığa dəstəyi ehtiva edirdi:

  • tənzimləyici və qanunverici infrastrukturun gücləndirilməsi;
  • nüvə diaqnostikası və radio-müalicə sahələri üzrə xidmətlərin səviyyəsinin artırılması;
  • radioaktiv tullantıların idarə edilməsi sahəsinin inkişaf etdirilməsi;
  • ətraf-mühitin mühafizəsi və bərpa edilməsi üçün nüvə metodlarının tətbiq edilməsi.

 

Növbəti CPF sənədi 2010-2015-ci illəri əhatə etmiş və Proqram çərçivəsində əsas diqqət aşağıdakı sahələrə yönəldilmişdir: 

  • radiasiya və nüvə təhlükəsizliyinin tənzimlənməsi infrastrukturunun gücləndirilməsi;
  • müasir nüvə metodlarından istifadə etməklə xərçəng xəstəliyinin müalicəsinin və qabaqcadan diaqnozunun təkmilləşdirilməsi ilə səhiyyənin keyfiyyətinin artırılması;  
  • iqtisadiyyatın inkişafı və milli inkişaf layihələrinə dəstək məqsədilə nüvə texnologiyaları və metodlarından istifadə üzrə institusional infrastrukturun təkmilləşdirilməsi;
  • radioaktiv tullantılarla rəftarın yaxşılaşdırılması;
  • ətraf mühitin və radioekologiya, radioaktiv monitorinq sisteminin gücləndirilməsi.

 

2015-2020-ci illəri üzrə növbəti “Ölkə Çərçivə Proqramı” sənəd Azərbaycan Respublikasının AEBA yanında daimi nümayəndəsi, səfir Qalib İsrafilov və AEBA baş direktorunun müavini cənab Kvaku Anninq tərəfindən 2015-ci ilin 9 fevral tarixində Vyanada imzalanmışdır.

Sənədə əsasən, növbəti 5 il ərzində AEBA-nın Texniki Əməkdaşlıq Proqramı çərçivəsində əsas diqqətin aşağıdakı sahələrə yönəldilməsi nəzərdə tutulmuşdur:  

  • radiasiya təhlükəsizliyi üçün tənzimləyici və qanunverici infrastrukturun gücləndirilməsi;
  • radioaktiv tullantıların idarə edilməsinin təkmilləşdirilməsi;
  • diaqnostika, radio-müalicə xidmətləri, keyfiyyətə təminat/nəzarət və kalibrləmə sahələri üzrə imkanların davamlı olaraq inkişafı;
  • ətraf mühitin mühafizəsi və bərpası üçün nüvə metodlarının tətbiq olunması;
  • sərhəd və gömrük keçid məntəqələrinin radiasiya müşahidəsi və nəzarəti üzrə potensiallarının artırılması;
  • radiasiyanin emalı və digər məqsədlər üçün nüvə texnologiyasının tətbiq olunması.

 

Növbəti 2020-2025-ci illəri əhatə edəcək “Ölkə Çərçivə Proqramı” sənədinin 2020-ci ildə imzalanması ilə bağlı Azərbaycan tərəfinə müraciət daxil olmuş və hazırda bu sənədin yenidən imzalanması üzərində iş aparılır.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti