Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının, habelə Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşağının Azərbaycan Respublikasına qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin (bundan sonra – Qayıdış şəhadətnaməsi və ya Şəhadətnamə) verilməsi qaydası “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə” ilə (bundan sonra – Əsasnamə) müəyyən edilir.
Tələb olunan sənədlər:
Aşağıdakı müvafiq ərizə-anket formalarından biri aidiyyəti üzrə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna təqdim edilir:
- Azərbaycan Respublikasının vətəndaşına Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi haqqında ərizə-anket
- Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi haqqında ərizə-anket
Şəhadətnamənin verilməsi haqqında ərizə-anketə aşağıdakı sənədlər və ya onların surətləri əlavə edilməlidir:
- Pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə - pasportun özü;
- 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);
- Üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bileti, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi və ya şəxsiyyətini və ya vətəndaşlığını müəyyənləşdirən digər rəsmi sənədi;
- Azərbaycan Respublikasının vətəndaşı ilə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi;
- Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən digər rəsmi sənəd;
- Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış uşağının doğum haqqında şəhadətnaməsi və ya Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən rəsmi sənəd;
- 10 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi haqqında sənəd.
Qeyd:
- Şəhadətnamə Azərbaycan Respublikası vətəndaşının və Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən rəsmi sənəddir.
- Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs tərəfindən tələb olunan sənədlər təqdim edildikdən sonra (Əsasnamənin 7-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) Şəhadətnamə ərizə-anket qeydiyyata alındığı vaxtdan ən geci 3 təqvim günü müddətində verilir.
- Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə, müstəsna hallarda isə birbaşa Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu göndərir.
- Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs Şəhadətnaməni Azərbaycan Respublikasının ərazisinə qayıtdığı vaxtdan 20 gün müddətində ona pasport verən dövlət orqanına təhvil verməlidir.
- Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs özü, habelə onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış şəxs barəsində bilərəkdən yanlış məlumat verərsə, ona Şəhadətnamə verilməsindən imtina olunur və bu barədə yazılı cavab verilir.
- Dövlət Xidmətləri Portalına daxil olmaq üçün buraya klikləyə bilərsiniz.