No:161/18, XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin faciəvi Alxanlı hadisəsinin ildönümü ilə əlaqədar bəyanatı
4 iyul 2017-ci il tarixində Azərbaycanın işğal olunmuş Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın öldürülməsi, 52 yaşlı Quliyeva Sərvinazın isə ağır yaralanması baş vermişdir.
Bu faciəvi hadisənin ildönümü günü mərhumların ailələrinə, qızcığaz Quliyeva Zəhranın valideynlərinə dərin hüznlə baş sağlığı veririk.
Mərminin atəş trayektoriyası, Alxanlı kəndində legitim hərbi hədəflərin və ya hərbi zərurət doğuran hər hansı obyektin olmaması açıq şəkildə göstərir ki, Ermənistan silahlı qüvvələrinin məqsədi qəsdən və hədəflənmiş şəkildə mülki insanların öldürülməsi olmuşdur. Körpə uşağın və yaşlı qadının qəsdən öldürülməsi alçaqlıq, şərəfsizlik, və qorxaqlıqdır.
Keçən bu müddət ərzində Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən baş vermiş bu hərbi cinayətin araşdırılması istiqamətində hər hansı addım atılmamış, əksinə bu terror əməlinə bəraət qazandıran bəyanatlar səsləndirib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Azərbaycan ərazilərini işğalı nəticəsində Ermənistan tərəfindən çoxsalı hərbi cinayətlər, bəşəriyyət əleyhinə cinayət əməlləri, o cümlədən Xocalı soyqırımı törədilib. Ermənistanın bu kimi əməlləri beynəlxalq humanitar hüququn, xüsusilə Cenevrə konvensiyaları üzrə öhdəliklərinin kobud şəkildə pozulmasıdır.
Bütün bunlar onu göstərir ki, Ermənistan silahlı qüvvələri tərəfindən mülki insanların hədəfə alınması və öldürülməsi təsadüfi və ya sıradan olan hallar olmayaraq, sistematik xarakter daşıyır və silahlı qüvvələrin təlim prosesinə daxil edilmiş dövlət siyasətidir.
Cəzasızlıqla üzləşən Ermənistan qarşısında bu kimi cinayətləri törətmək üçün mənəvi, siyasi və ya hüquqi məhdudiyyətlər yoxdur.
2016-cı ilin aprel hadisələri zamanı Ermənistan silahlı qüvvələri təmas xətti boyunca mülki insanları və obyektləri hədə alaraq eyni əməlləri törətməyə cəhd göstərdi. Lakin Azərbaycan silahlı qüvvələrinin qəti və peşəkar əks-həmlə tədbirləri nəticəsində layiqli cavabını aldı.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqda davam edır. Bu təhlükənin qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmalıdır.
Yüksək döyüş qabiliyyətinə və mənəvi-əxlaqi dəyərlərə malik olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərinin müdafiəsi, mülki insanların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görür.