news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 fevral 2018

No:047/18, Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar birgə bəyanatı

Ermənistan Respublikası 1980-ci illərin sonlarından Azərbaycanın Dağlıq Qarabağ regionunda aqressiv separatizmi və dövlət səviyyəsində terrorizmi açıq dəstəkləməsinə, Azərbaycana qarşı müharibəyə başlayaraq ərazilərimizin 20 faizini işğal etməsinə, zəbt olunmuş torpaqlarda və Ermənistanın öz ərazisində bir milyondan çox köklü azərbaycanlıya qarşı etnik təmizləmənin həyata keçirilməsinə və çoxsaylı hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və soyqırım aktları törətməsinə görə məsuliyyət daşıyır.

Müharibənin gedişində Xocalı şəhərinin işğalı xüsusilə faciəli idi. Münaqişədən əvvəl Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən bu şəhərdə 7000 insan yaşayırdı. 1991-ci ilin oktyabr ayından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) 366 saylı moto atıcı alayının köməyi ilə Xocalının işğalını həyata keçirdilər. İşğalçılar Xocalını darmadağın etdilər və xüsusi amansızlıqla onun dinc əhalisinin qırğınını törətdilər.

Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.

Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət olmayıb, əksinə əsas məğzini irqi üstünlük, etnik ayrı-seçkilik və nifrət kimi çirkin ideyalar təşkil edən Ermənistanın geniş yayılmış və sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi.

Azərbaycan Respublikasına qarşı davam edən təcavüzün fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının Ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən aparılan istintaqla bir sıra hərbçi qulluqçu və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırım, işgəncə, əhalini deportasiya etmə, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmağa və digər cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri barədə müvafiq qərarlar çıxarılıb.

Xocalı soyqırımı epizodu üzrə aparılan istintaq nəticəsində 7000-ə yaxın istintaq hərəkəti icra edilmiş, o cümlədən 1693 şahid və 2548 zərərçəkmiş şəxs qismində olmaqla 4241 nəfər dindirilmiş, 800-dən artıq müxtəlif ekspertizalar keçirilmiş, digər istintaq hərəkətləri icra edilmişdir.

Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə hücumda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirərək mühüm nəticəyə gəlibdir.

15-dən çox dövlətin milli qanunvericilik orqanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırım və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.

Beynəlxalq ictimaiyyətin mövqeyini, zəbt olunmuş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam geri çəkilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini tamamilə inkar edərək və beynəlxalq hüququ kobudcasına pozaraq, Ermənistan qəsb olunmuş ərazilərdə hərbi mövcudluğunu gücləndirərək, həmin ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişərək, yüz minlərlərlə azərbaycanlının həmin ərazilərdə yerləşən doğma yurd-yuvalarına qayıtmasının qarşısını alaraq, Ermənistan və Azərbaycan arasında sərhəd və təmas xətti boyunca sıx yaşayan mülki insanlara müntəzəm şəkildə hücum edərək Ermınistan işğala əsaslanan mövcud status-kvosunu daha da möhkəmləndirilməsinə yönəlmiş səy göstərməyə davam etməkdədir. Rüşvətxor əcnəbi siyasətçilərin və lobbi qruplarının dəstəyi ilə Ermənistan təcavüz, işğal və qanlı etnik təmizləmə nəticəsində Azərbaycanın işğal olunmuş torpaqlarında yaratdığı qanunsuz və qondarma separatçı rejimin təşviqatının aparılması istiqamətində saxta məlumatlar və aktiv dezinformasiyaya köklənən kampaniyalar aparır.

Ermənistan Respublikasının beynəlxalq hüquqa zidd fəaliyyətləri ilə bağlı məsuliyyətləri ilə yanaşı, beynəlxalq cinayət hüququnun adət və müqavilə normalarına əsasən Xocalı şəhərindəkilər də daxil olmaqla silahlı münaqişə kontekstində törədilmiş müəyyən fəaliyyətlər beynəlxalq cinayət əməlləri hesab olunur və ona görə də bu əməllərin törədilməsində iştirak etmiş şəxslər, onlarla əlbir olan və onlara kömək edənlər də fərdi qaydada məsuliyyət daşıyırlar.

Məlumdur ki, Ermənistanın indiki və əvvəlki rəhbərliyi, digər çoxlu yüksək rütbəli siyasi və hərbi rəsmiləri və Azərbaycanın işğal olunmuş ərazisində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin rəhbərləri ilə birlikdə Azərbaycan torpaqlarının zəbt olunmasında və Xocalı da daxil olmaqla azərbaycanlı mülki şəxslərə və hərbçilərə qarşı zorakılıqda şəxsən iştirak etmişlər.

Öz təqsirliliyini utanmadan etiraf etmiş Ermənistanın o dövrdəki müdafiə naziri və hazırkı prezidenti Serj Sarqsyan Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində demişdir: “Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdırlar. Biz bu stereotipi sındırdıq” (Tomas de Vaal, Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (Nyu York və London, Nyu York Universiteti Nəşriyyatı, 2003), səh. 172)).

Danılmaz faktdır ki, bu gün heç bir rəsmi və ya siyasi status ən qatı beynəlxalq cinayətlər, o cümlədən hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər, soyqırım və etnik təmizləmədə adı hallandırılan heç bir şəxsə immunitet verə bilməz.

Azərbaycan Respublikası əmindir ki, milli səviyyədə, həmçinin mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsinə gətirilməsinə xidmət edəcəkdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti