news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 sentyabr 2010

İKT-yə üzv dövlətlərin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirici görüşündə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı

qeyri-rəsmi tərcümə

İKT-yə üzv dövlətlərin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirici görüşündə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı

Nyu-York, 24 sentyabr 2010-cu il

Hörmətli cənab Sədr,

Hörmətli cənab Baş Katib,

Zati-Alilər, xanımlar və cənablar!

Mən ilk növbədə, Sizə cənab Sədr və hörmətli Baş katib Prof. İkmaləddin İhsanoğluna İKT-yə üzv dövlətlərin Xarici İşlər nazirlərinin İllik Əlaqələndirici görüşünü təşkil etdiyinizə görə öz minnətdarlığımı bildirmək istəyirəm.

Eyni zamanda mən Düşənbə şəhərində İKT Xarici İşlər nazirlərinin 37-ci iclasına uğurlu ev sahibliyi etməsinə və Nyu-Yorkda İKT qrupuna sədrliyi öz üzərinə götürməsinə görə Tacikistan Respublikasına öz minnətdarlığımı bildirirəm. Sizi tam əmin edirəm ki, fəaliyyətinizin həyata keçirilməsində Azərbaycan Sizinlə əməkdaşlığını davam etdirəcəkdir.

Cənab Sədr,

İslam Konfransı Təşkilatı BMT-dən sonra ikinci ən böyük dövlətlərarası təşkilat olaraq, BMT-in beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında, İslamın dəstəklənməsində və müsəlman azlıqlarının bütün dünyada müdafiə edilməsində böyük rol oynayır.

Beynəlxalq təşkilatlarda və xüsusilə də BMT-də İKT üzv dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsi İKT üzv dövlətləri üçün birgə maraq kəsb edən məsələlərin həllində çox zəruridir. Bu xüsusda, BMT-də İKT-ın müvafiq qətnamələrinə dair birlik nümayiş etməkdən boyun qaçırma tendensiyasının qabağı qətiyyətlə alınasıdır ki, belə hal Ümmətin birgə maraqlarına zərbə vurur və təşkilatımızın imicinə mənfi təsir göstərir.

Fələstin və Əl-Qüds Əl-Şərif məsələləri İslam Ümməti üçün hələ də vacib olaraq qalır və beynəlxalq arenada İKT üzv dövlətlərindən vahid mövqe tələb edir. Biz Fələstin dövlətinə öz dəstəyimizi bir daha bəyan edirik və inanırıq ki danışıqların yeni raundu konstruktiv aparılaraq müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan regionun problemlərinin həlli prosesinə öz töhfəsini verəcəkdir.

Biz qardaş Pakistanda yaranmış humanitar vəziyyətlə bağlı dərindən narahatıq. Bu ölkənin bir sıra bölgələri daşqınlara məruz qalmış, minlərlə insan həlak olmuş və ya evsiz qalmışdır. Bu baxımdan Pakistanda yaranmış bu humanitar fəlakətin qarşısını almaq məqsədilə biz İKT və müsəlman ölkələrinin tam potensialını istifadə edərək çox zəruri olan yardımı və dəstəyi göstərməliyik. Azərbaycan artıq bu qardaş ölkəyə humanitar yardım göstərmişdir. Son illərdə İKT və BMT çərçivəsində həyata keçirilən bir sıra İKT üzv ölkələrinə göstərilən yardım proqramlarında Azərbaycan fəal iştirakını davam etdirmiş və bundan sonra da bu səyləri davam olunacaqdır.

Azərbaycan həmçinin İraq, Əfqanıstan, Sudan, Somali və digər İKT-yə üzv dövlətlərin hökumətlərinin bu ölkələrdə sülh və təhlükəsizliyin bərpa edilməsi istiqamətdə səylərini dəstəkləyir.

Cənab Sədr,

İslam ölkələrinin maraqlarına güclü dəstək verən ölkə olduğumuzu nəzərə alaraq, hörmətli həmkarlarımı məlumatlandırmaqdan şərəf duyuram ki, BMT-in Baş Assambleyasının 2011-ci ildəki 66-cı sessiyası zamanı keçirilməsi nəzərdə tutulan seçkilərdə Azərbaycan 2012-2013 müddəti üçün BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürmüşdür. İKT-nin Təhlükəsizlik Şurasında təmsil edilməsi vacibliyindən irəli gələrək, Azərbaycanın namizədliyinin üzv ölkələr tərəfindən davamlı dəstəklənməsinə güvənirik.

Təəssüflə qeyd edilməlidir ki, dünyanın bir sıra ölkələrində İslamofobiyanın artması nəticəsində milyonlarla müsəlmanlara ağır mənəvi və psixoloji ziyan dəymişdir. Ciddi dözümsüzlük və ayrı-seçkilik halları və habelə son illərdə bəzi ölkələrdə İslamın hücumlara məruz qalması dinlərə qarşı böhtanların atılması və dini nifrətə təhrik edilməsi meyllərinə qarşı mübarizənin aparılmasına ehtiyacın olduğunu təsdiq edir. İfadə azadlığı bəhanəsi ilə bir dinə qarşı böhtanın atılması ayrı-seçkiliyin və dözümsüzlük yeni və müasir formasıdır. Sivil cəmiyyət olaraq, biz verilən azadlıqlardan beynəlxalq səviyyədə qəbul edilmiş norma və parametrlər çərçivəsində ehtiyatla istifadə etməliyik. Biz bütün dinlərə qarşı böhtanların atılmasının qarşının alınması üçün ciddi beynəlxalq qaydaların yaradılması imkanlarının araşdırılması ilə bağlı İKT-nin səylərini dəstəkləyirik. Bu səylər İKT-nin müvafiq strukturları vasitəsilə əlaqələndirilməlidir. Həmçinin ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlarla daha fəal dialoqun aparılması lazımdır.

Cənab sədr,

Mən bir daha İslam Ümməti və İKT-nin Baş Katibinə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə görə dərin təşəkkürümü bildirmək istərdim. Azərbaycanın Ermənistanla davam etməkdə olan bu münaqişəsi nəticəsində ölkəmin iyirmi faizə yaxın ərazisi hazırda Ermənistanın işğalı altındadır, bir milyona yaxın azərbaycanlı doğma yurd-yuvalarından didərgin salınmış, İslam irsi də daxil olmaqla Azərbaycanın minlərlə mədəni və tarixi abidələri dağıdılaraq talan edilmişdir.

Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İKT-nin bir çox qərar və qətnamələri, İKT-nin üzv ölkələrinin dəstəyi Azərbaycan ərazilərinin işğal olunması faktını beynəlxalq ictimaiyyətə, xüsusən də BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasına çatdırmaqda yardımçı olmuşdur.

Azərbaycan Hökuməti bu uzadılmış münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Avropa İttifaqı və Avropa Parlamentinin qəbul etdiyi aidiyyəti üzrə sənədlər və qərarlar və BMT-in Təhlükəsizlik Şurası və İKT-nin müvafiq qətnamələrinin həyata keçirilməsi əsasında sülh yolu ilə həllinə sadiq olaraq qalır.

Cənab sədr,

Mən həmçinin hörmətli həmkarlarıma Azərbaycanın 2014-cü ildə 13-cü İslam Zirvə Görüşünə ev sahibliyi etmək barədə təklifi ilə İKT-nin üzv ölkələrinə müraciət etməsi haqda məlumatı vermək istərdim. Bu cür mühüm İKT tədbirinin Bakıda keçirilməsinin əhəmiyyəti onun keçmiş SSRİ məkanında ilk İslam Sammiti olmasıdır. Bu tədbir Xəzər, Qara dəniz və MDB regionunda İKT-nin rolunu və təsirini artıracaqdır. Xarici İşlər Nazirlərinin Şurası, bəzi sahələr üzrə nazirlər səviyyəsində görüşlər də daxil olmaqla bir sıra İKT tədbirlərinə müvəffəqiyyətlə ev sahibliyi edən Azərbaycanın bu sahədə təcrübəsi və bizim Təşkilatın məqsədlərinə olan sadiqliyimizi nəzərə alaraq, mən Sizin hökumətlərinizdən bizim namizədliyimizi dəstəkləmənizi xahiş edirəm.

Cənab sədr,

Son olaraq Baş Assambleyaya ən yaxşı arzular və uğurlu müzakirələr diləmək, İslam Ümmətinin uğuru üçün gördüyü əvəzolunmaz işlərinə görə İKT-nin Baş Katibi professor İkmaləddin İhsanoğluna öz dərin təşəkkürlərimi bildirmək istərdim.

Sağ olun.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti