news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 noyabr 2013

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun 6-cı Bali Demokratiya Forumunda çıxışı

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun 6-cı Bali Demokratiya Forumunda çıxışı

Bali, 7 noyabr 2013-cü il

Cənab Prezident,

Zati-aliləri,

Xanımlar və Cənablar

İlk öncə mən İndoneziya Hökumətinə, İndoneziya Respublikasının Prezidenti zati-aliləri Dr. H.Susilo Bambang Yudhoyonoya, İndoneziya Respublikasının xarici işlər naziri cənab Marti M. Nataleqavaya VI Demokratik Forumunun yüksək səviyyədə təşkili üçün minnətdarlığımı izhar etmək istəyirəm. Azərbaycan bu təşəbbüsü effektiv platforma kimi əvvəlcədən dəstəkləmiş və bunun Asiya-Sakit okean regionu və onun hüdudları kənarında ən qabaqcıl təcrübələrin mübadiləsi əsasında demokratiyanın inkişafına öz dəyərli töhfəsini verəcəyinə inanır.

Cənab Sədr,

Azərbaycan qədim mədəniyyətə malik gənc demokratik ölkədir. İyirmi il bundan öncə öz müstəqilliyini bərpa etməsindən etibarən Azərbaycan dini, etnik mənşəyi və irqindən asılı olmayaraq hamının bərabər və tam şəkildə insan hüquqlarından və fundamental azadlıqlarından yararlana biləcəyi azad, demokratik və dünyəvi cəmiyyət yaratmışdır.

Bu məqsədlə, Azərbaycan ölkə daxilində insan hüquqlarının müdafiəsi mexanizminin inkişafı və demokratik islahatların təşviqi üçün qitə boyunca insan hüquqlarının əsas nəzarətçisi olan Avropa Şurası, eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilə sıx əməkdaşlığı davam etdirir. 2014-cü ilin may ayında Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi öz üzərinə götürəcək və sədrliyi müddətində yerli, o cümlədən digər qitələri təmsil edən təşkilatlar ilə əməkdaşlığı təşviq edəcəkdir. Bu baxımdan Avropa Şurası və Bali Forumunun icraçısı olan Sülh və Demokratiya İnstitutu arasında dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi kimi maraqların kəsişəcəyi sahələrdə səylərin səmərəliliyinin artırılması və birgə fəaliyyət üçün imkan vardır.

Azərbaycan hər zaman müxtəlif etnik qrupların və dinlərin sülh şəraitində mövcud olduğu tolerant bir ölkə olmuşdur. Şərq və Qərb arasında körpü və Sivilizasiyalar İttifaqının Dostluq Qrupunun fəal üzvü kimi, Azərbaycan xarici siyasətinin ən əsas prioritetlərindən biri olan dinlər və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə öz töhfəsini verməkdədir. Müntəzəm olaraq paytaxtımızda təşkil edilən Dünya Mədəniyyətlərarası Dialoq və Bakı Humanitar Forumu dünyanın bu gün üzləşdiyi qlobal problemlərin müzakirə edilməsi üçün bütün qitələrdən olan nümayəndələri bir araya toplayır. Prezident İlham Əliyevin inauqurasiya nitqi zamanı qeyd etdiyi kimi, tolerantlığın və çoxmədəniyyətliliyin inkişaf etdirilməsi Azərbaycan üçün həyat tərzi və prioritet siyasətdir.

Cənab Sədr,

Biz Azərbaycanda inanırıq ki, demokratiyanın inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün ölkənin davamlı inkişafa və iqtisadi qüdrətə ehtiyacı vardır. Azərbaycan dünyanın ən islahatçı ölkələrindən biri kimi tanınır. Son on ildə Azərbaycanın iqtisadiyyatı 3,4 dəfə artmışdır. Azərbaycan BMT çərçivəsində razılaşdırılmış inkişaf məqsədlərinin və hədəflərinin həyata keçirilməsinə töhfə verməyə əzmlidir. On il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi təxminən 10 dəfə - 49%-dən 5,5 %-dək azaldılmışdır İşsizlik səviyyəsi təqribən 5 %-dir. Azərbaycan Afrika, Asiya və Latın Amerikasının ən az inkişaf etmiş ölkələrinin əsas ehtiyaclarını qarşılamaq və çətinliklərinin aradan qaldırılmasına xüsusi diqqət yetirərək, yoxsulluğun aradan qaldırılması, hər kəs üçün davamlı inkişaf və qlobal çiçəklənmənin təmin edilməsi məqsədilə tam dəstək və fasiləsiz səylər göstərməkdədir. Bu mənim ölkəmin tarixində tamamilə yeni bir səhifədir. Bu nəcib məqsədləri yerinə yetirmək üçün təsis edilmiş Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi 20-dən artıq ölkədə müxtəlif yardım proqramlarını həyata keçirmişdir. Bundan əlavə, Heydər Əliyev Fondu da öz növbəsində müxtəlif humanitar və sosial proqramlar reallaşdırmışdır. Bu istiqamətdə Azərbaycan səylərini davam etdirməkdə israrlıdır.

2012-2013-cü illər ərzində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycan öz fəaliyyətini tamamilə beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına həsr edərək, hesab edir ki, BMT Təhlükəsizlik Şurası müasir dünyanın üzləşdiyi bütün təhdid və problemləri effektiv şəkildə cavablandırmaq üçün daha əhatəli, şəffaf və səmərəli orqan olmalıdır. 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında, sədrliyimiz zamanı terrorizmə qarşı beynəlxalq əməkdaşlıq, eləcə də münaqişələrin sülh yolu ilə həllində BMT və regional təşkilatlar arasında əməkdaşlığın təşviqi prioritetlərimiz sırasında olmuşdur. Bu məqsədlə, Azərbaycanın sədrliyi tərəfindən beynəlxalq səylərin optimallaşdırılması məqsədilə iki yüksək səviyyəli görüş təşkil olunmuşdur.

Cənab Sədr,

Dünya hələ də fundamental beynəlxalq hüquq norma və prinsiplərinin pozulması ilə üz-üzədir. Bu gün, bir milyon Azərbaycan vətəndaşının yaşayış yerlərindən məcburi çıxarılması ilə nəticələnən beynəlxalq səviyyədə tanınmış ərazilərimiz olan Dağlıq Qarabağ və 7 ətraf rayonun Ermənistan tərəfindən işğalı Azərbaycanda insan hüquqlarının qorunması üçün əsas problem olmaqla yanaşı, vətəndaşlarımızın təhsil, səhiyyə və maddi rifahına ciddi ziyan vurmaqda davam edir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmanı təsdiqləyərək, bütün işğal olunmuş ərazilərdən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə hələ də əməl olunmur. Bu xüsusda, münaqişənin danışıqlar yolu ilə həllini asanlaşdırmaq məqsədilə beynəlxalq ictimaiyyətin BMT TŞ-nın dörd qətnaməsinin yerinə yetirilməsinin tələb edilməsi çox vacibdir.

Cənab Sədr,

Sonda, mən bu Foruma uğurlar arzulamaq və onun işinə ölkəmin töhfə vermək əzmində olduğunu bir daha qeyd etmək istərdim.

Təşəkkür edirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti