Çoxtərəfli münasibətlər
Çoxtərəfli münasibətlər
Azərbaycan - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) münasibətləri

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində  Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır.

TDƏŞ-in əsas fəaliyyət məqsədləri və vəzifələri Naxçıvan Sazişi ilə müəyyən edilmiş və aşağıdakılardan ibarətdir:

-tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi;

-regionda və dünyada sülhün bərqərar edilməsi;

-xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi;

-beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi;

-ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi;

-ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması;

-hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi;

-elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi;

-kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi;

-hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi.

 TDƏŞ-in öz vəzifələrini yerinə yetirə bilməsi və qarşıya  qoyulan məqsədlərə nail ola bilməsi üçün strukturu aşağıdakı kimi formalaşdırılmışdır:

-Dövlət Başçıları Şurası;

-Xarici İşlər Nazirləri Şurası;

-Yüksək Vəzifəli Şəxslər Komitəsi;

-Ağsaqqallar Şurası;

-Katiblik;

-Koordinasiya Komitəsi;

-Türk Şurasının Budapeştdəki Nümayəndəlik Ofisi.

Dövlət Başçıları Şurasının iclasına  ev sahibliyi edən üzv ölkə növbəti zirvəyə  qədər TDƏŞ-ə sədrlik edir.

 

Əlaqəli orqan və təşkilatlar

TÜRKSOY: Qərargahı Ankarada yerləşən TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) 1993-cü ildə təsis edilmişdir. Təşkilatın fəaliyyət məqsədi üzv ölkələr arasında elm,  təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi, eləcə də türkdilli ölkələr arasında mədəni əlaqələrin dərinləşdirilməsidir. 

TÜRKPA: (Türkdilli Ölkələrin Parlament Assambleyası) İstanbul sazişi əsasında yaradılmış, 2008-ci ildə fəaliyyətə başlamışdır. Qərargahı Bakı şəhərində yerləşir. Assambleyanın məqsədi türkdilli ölkələrin parlament strukturları arasında əməkdaşlığın genişləndirilməsindən ibarətdir.

Türk Akademiyası: 2010-cu ildə Qazaxıstanda qeydiyyatdan keçmiş təşkilat olaraq fəaliyyətə başlamışdır. Türk Akademiyasının yaradılması haqqında Saziş 22-23 avqust 2012-ci il tarixlərində TDƏŞ-in Bişkekdə keçirilmiş II Zirvə Görüşündə imzalanmış və Akademiyaya beynəlxalq status verilmişdir. Türk Akademiyası Nur-Sultan şəhərində yerləşir. Türk xalqlarının dili, ədəbiyyatı, mədəniyyəti və etnoqrafiyasının tədqiqini koordinasiya və təşviq etmək məqsədilə fəaliyyət göstərir. Akademiyanın digər fəaliyyət məqsədləri  türk xalqlarının mədəni və mənəvi irsinin tədqiq edilməsi ilə yanaşı  dünya sivilizasiyasının inkişafında payının artırılması, dünya ictimaiyyətinin türk xalqlarının nailiyyətləri haqqında məlumatlandırılmasıdır.

Türk Mədəniyyəti və İrsi Fondu: Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsi 22-23 avqust 2012-ci ildə Bişkekdə keçirilmiş II Zirvə Görüşündə imzalanmışdır. Qərargahı Bakı şəhərində yerləşən  Fond türk dünyası ilə bağlı müxtəlif tədbirlər, layihələr və proqramları maliyyələşdirmək və dəstəkləmək yolu ilə türk mədəniyyətinin və irsinin qorunmasına, tədqiqinə və təbliğinə köməklik göstərir.

Türk Biznes Şurası: 2011-ci ildə təsis edilmişdir. Qurum TDƏŞ-ə üzv  ölkələrin işgüzar dairələri və digər təşkilatları vasitəsilə türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsini həyata keçirir.

Türk Ticarət və Sənaye Palatası: 2019-cu ildə təsis edilmişdir. Üzv  ölkələrin işgüzar dairələri, ticarət və sənaye palataları vasitəsilə türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsini həyata keçirir.

 

TDƏŞ-in Zirvə Görüşləri

TDƏŞ təsis edildikdən sonra Almatı, Bişkek, Qəbələ, Bodrum, Nur-Sultan (Astana), Çolpan-Ata və Bakı olmaqla yeddi zirvə görüşü keçirilmişdir.

TDƏŞ-in birinci Zirvə Görüşü “İqtisadi əməkdaşlıq” mövzusunda 20-21 oktyabr 2011-ci il tarixlərində Almatı şəhərində baş tutmuşdur.

TDƏŞ-in ikinci Zirvə Görüşü 22-23 avqust 2012-ci tarixlərində Bişkek şəhərində keçirilmişdir. Zirvə görüşün mövzusu “Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq” olmuşdur.

TDƏŞ-in üçüncü Zirvə Görüşü 15-16 avqust 2013-cü il tarixlərində Qəbələ  şəhərində keçirilmişdir. Zirvə görüşün  mövzusu “Nəqliyyat və bağlantı” olmuşdur.

TDƏŞ-in dördüncü  Zirvə Görüşü “Turizm sahəsində əməkdaşlıq” mövzusunda 4-5 iyun 2014-cü il tarixlərində Bodrum  şəhərində keçirilmişdir.

TDƏŞ-in beşinci Zirvə Görüşü 10-11 sentyabr 2015-ci il tarixlərində “Media və informasiya sahəsində əməkdaşlıq” mövzusunda Nur-Sultan (Astana) şəhərində keçirilmişdir.

TDƏŞ-in altıncı Zirvə Görüşü 3 sentyabr 2018-ci il tarixində “Gənclər və İdman” mövzusunda Çolpan-Ata şəhərində keçirilmişdir.

TDƏŞ-in yeddinci Zirvə Görüşü 15 oktyabr 2019-cu il tarixində “Kiçik və Orta Sahibkarlığın Dəstəklənməsi” mövzusu adı altında Bakı şəhərində keçirilmişdir. Hazırda Azərbaycan Respublikası TDƏŞ-ə sədrlik edir.

 

TDƏŞ-in Dövlət Başçıları Şurasının Fövqəladə Zirvə Görüşü 10 aprel 2020-ci il tarixində videokonfrans vasitəsilə “COVID-19 pandemiyası ilə mübarizədə həmrəylik və əməkdaşlıq” mövzusunda keçirilmişdir. Fövqəladə Zirvə Görüşündə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fövqəladə Zirvə Görüşünün Bakı Bəyannaməsi” qəbul olunmuşdur.

Tərəflər Dövlət Başçıları Şurası tərəfindən pandemiya ilə mübarizədə elmi, yenilikçi, texnoloji və tibbi potensialların tam səfərbər etməklə təlimatlandırılmışdır.

 

Fövqəladə Zirvə Görüşünün qərarlarının icrasını təmin etmək məqsədilə TDƏŞ-ə üzv və müşahidəçi ölkələrin səhiyyə, nəqliyyat, iqtisadiyyat, gömrük və miqrasiyadan məsul qurumların rəhbərlərinin videokonfrans vasitəsilə iclasları keçirilmişdir. Eyni zamanda, sözügedən iclaslar zamanı qəbul edilmiş qərarların icrası ilə bağlı işlər aidiyyəti qurumlar arasında təsis olunmuş mexanizmlər çərçivəsində davam etdirilir.

 

31 mart 2021-ci il tarixində videokonfrans vasitəsilə TDƏŞ-in qeyri-rəsmi Zirvə Görüşü keçirilmişdir. Zirvə görüşündə Türkistan Bəyannaməsi qəbul edilmişdir. Həmçinin Qazaxıstanın Türkistan şəhəri Türk Dünyasının “Mənəvi paytaxtı” elan edilmişdir.  

 

TDƏŞ beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük əhəmiyyət verir. Təşkilat artıq İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz  İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm Təşkilatı ilə əlaqələr qurmuşdur. 

 

TDƏŞ hər zaman Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləmişdir. TDƏŞ katibliyi 2020-ci ilin iyul ayında baş vermiş Tovuz hadisələri və 27 sentyabr tarixindən başlayaraq Ermənistan tərəfindən həyata keçirilən təxribatlarla bağlı mütəmadi olaraq bəyanatlar vermiş, TDƏŞ baş katibi Bağdad Amreyev 2020-ci ilin 20 oktyabr tarixində Gəncə şəhərini ziyarət etmiş, Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması ilə bağlı Türk dünyası adından həmrəyliyi nümayiş etdirən bəyanatla çıxış etmişdir. Eyni zamanda, TDƏŞ nümayəndə heyəti işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarına da səfər etmişdir.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti