Çoxtərəfli münasibətlər
Çoxtərəfli münasibətlər
Azərbaycan - Avropa İttifaqı münasibətləri

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. Azərbaycan 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Aİ ilə ikitərəfli əməkdaşlıq xətti prioritet olaraq qalmasına baxmayaraq, ŞT-nin çoxtərəfli platforması Azərbaycana birgə maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmağa, regional siyasət kontekstində öz milli maraqlarını yürütməyə, bunun üçün müxtəlif təşəbbüslər irəli sürməyə imkan yaratmaqla Aİ ilə ikitərəfli əməkdaşlıq gündəliyinə tamamlayıcı dəstək rolunu oynayır.

Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. İdxal tərəfdaşları sırasında Aİ 2-ci yerdə dayanır.

 

Tərəfdaşlıq Prioritetləri

Avropa Qonşuluq Siyasətinin yeniləşdirilməsindən sonra Aİ Azərbaycanla AQS Fəaliyyət Planını əvəz edəcək yeni Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 11 iyul 2018-ci il tarixində Brüssel şəhərində sənəd üzrə danışıqların bitməsini qeyd edən mərasim keçirilmişdir. Sənəd 28 sentyabr 2018-ci il tarixində Azərbaycan – Aİ Əməkdaşlıq Şurasının tövsiyəsi ilə qəbul edilmiş və həmin tarixdən qüvvəyə minmişdir.   

Tərəfdaşlıq Prioritetləri aşağıdakı istiqamətlər üzrə əməkdaşlığı ehtiva edir. 

  1. Qurumların gücləndirilməsi və yaxşı idarəçilik
  2. İqtisadi inkişaf və bazar imkanları
  3. Bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti
  4. Yerdəyişmə və insanlar arasında əlaqələr

Sənəddə tərəflər ərazi bütövlüyü, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı, biri-birilərinin müstəqilliyi və suverenliyinə hörmət və bu prinsiplərin dəstəklənməsinə sadiq qalmaqla öz aralarında münasibətlərini daha da inkişaf etdirmək məqsədi daşıdıqlarını bildirirlər.   

Hazırda sənədin müddətinin 2027-ci ilədək uzadılması istiqamətində iş aparılır.

 

Ali səfərlər

  1. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri, 6 fevral 2017-ci il
  2. Şərq Tərəfdaşlığı 5-ci Zirvə toplantısı, 24 noyabr 2017-ci il, Brüssel şəhəri
  3. Şərq Tərəfdaşlığı proqramının 10 illik yubileyinə həsr olunmuş Şərq Tərəfdaşlığı ölkələrinin Dövlət Başçılarının şam yeməyi və yüksək səviyyəli konfrans, 13 may 2019-cu il, Brüssel şəhəri;

 

Aİ və Azərbaycan arasında imzalanmış ikitərəfli sənədlər

Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS)

Saziş 22 aprel 1996-cı il tarixində Lüksemburq şəhərində imzalanmış və 1 iyul 1999-cu il tarixində qüvvəyə minmişdir. Sənəd Avropa İttifaqı (Aİ) ilə, hərbi sahə istisna olmaqla, bütün sahələrdə əməkdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edir və əməkdaşlığın formatını müəyyən edir. 10 il müddətinə imzalanmış Sazişin icra müddəti 2009-cu ildə bitməsinə baxmayaraq onun icrası yeni sazişin imzalanmasına qədər hər il avtomatik olaraq 1 il müddətinə uzadılır.   

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu

7 noyabr 2006-cı il tarixində Brüssel şəhərində imzalanmışdır. Tərəflər xüsusən Avropa enerji təhlükəsizliyinin gücləndirilməsinə təhdid və risklərin aradan qaldırılması baxımından regiondakı ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsinin əhəmiyyətini vurğulayır. Sənəddə 4 sahədə əməkdaşlığın həyata keçiriləcəyi bildirilir: 

    • Enerji sahəsində milli qanunvericiliyin Aİ qanunvericiliyinə uyğunlaşdırılması;
    • Azərbaycan və Xəzər dənizi hövzəsindən enerji tədarükü və tranzit sistemlərinin fiziki və texniki təhlükəsizliyinin gücləndirilməsi;
    • Enerjiyə qənaət və iqlim dəyişikliyi hədəfləri ilə əlaqədar enerji tələbatının müfəssəl idarəçilik siyasətinin hazırlanması;
    • Texniki əməkdaşlıq və təcrübə mübadiləsi.  

Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə

13 yanvar 2011-ci il tarixində Bakı şəhərində imzalanmışdır. Sənəddə Azərbaycan Cənub Qaz Dəhlizinə əsaslı töhfə verən və onu ərsəyə gətirən ölkə kimi qiymətləndirilir. Tərəflər Şah Dəniz-2 və Azərbaycanın digər yataqlarından mövcud təbii qaz resurslarının Avropa bazarlarına çatdırılmasını bölüşülən strateji məqsəd kimi təsbit edir.    

Azərbaycan Respublikasının Aİ proqramlarında iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi üzrə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin Protokolu

14 iyun 2014-cü il tarixində Bakıda imzalanmışdır. Protokol Azərbaycan üçün açıq olan mövcud və gələcək Aİ proqramlarında iştirakına imkan yaradır. 

Viza Sadələşdirilməsi və Readmissiya Sazişləri

Azərbaycan Respublikası və Aİ arasında vizaların sadələşdirilməsi və icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Sazişlər müvafiq olaraq 29 noyabr 2013-cü il tarixində və 28 fevral 2014-cü il tarixində imzalanmışdır. Hər iki saziş 1 sentyabr 2014-cü il tarixində qüvvəyə minmişdir.

Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə 

5 dekabr 2013-cü il tarixində Brüssel şəhərində imzalanmışdır. Birgə Bəyannamənin əsas məqsədi Azərbaycan Respublikası və Aİ arasında insanların hərəkətinin asanlaşdırılması, miqrasiya axınlarının müvafiq beynəlxalq standartlara uyğun daha yaxşı idarə olunması və qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsidir.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti