Çoxtərəfli münasibətlər
Çoxtərəfli münasibətlər
Azərbaycan - Türk Dövlətlər Təşkilatı (TDT) münasibətləri

Azərbaycan Respublikası əsası 3 oktyabr 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında qoyulmuş Türk Dövlətlər Təşkilatı (TDT) ilə əlaqələrinə hər zaman xüsusi diqqətlə yanaşıb və bu istiqaməti öz xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Azərbaycan TDT-yə sözügedən təşkilata üzv və müşahidəçi ölkələrlə əməkdaşlığını genişləndirmək və dərinləşdirmək üçün vacib bir platforma kimi yanaşır.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası TDT-nin nüfuzunun artırılması və bu çərçivədə ciddi nailiyyətlərin əldə olunması istiqamətində mütəmadi olaraq yeni-yeni təklif və təşəbbüslərlə çıxış edir və bununla da təşkilatın funksionallığının gücləndirilməsi işinə öz müstəsna töhfəsini verir.

 

Azərbaycan Respublikasının TDT-yə üzv və müşahidəçi dövlətlərin əksəriyyəti ilə strateji müttəfiqlik və ya strateji tərəfdaşlıq münasibətlərinə malik olması təşkilat çərçivəsində həmin ölkələrlə siyasi, milli təhlükəsizlik, mülki müdafiə, iqtisadi-ticarət, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, mədəniyyət, urbanizasiya, din, humanitar, səhiyyə, təhsil, gənclər və idman, turizm, informasiya texnologiyaları, kosmik tədqiqatlar, media, hüquq, ədliyyə və məhkəmə daxil olmaqla, bir çox sahələrdə çoxtərəfli əməkdaşlığa zəmin yaradır.

 

Azərbaycan TDT çərçivəsindəki əməkdaşlığı beynəlxalq platformalarda da davam etdirir və bu xüsusda təşkilatın üzv ölkələrin milli maraqları ilə bağlı həssas məsələlərə dair vahid mövqedən çıxış etmək təcrübəsini yüksək qiymətləndirir.

 

Azərbaycanın TDT ilə əməkdaşlığa verdiyi önəm Türk əməkdaşlıq təşkilatları ilə işbirliyi nəticəsində əldə olunmuş nailiyyətlərin də əsasını təşkil edir. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Türk əməkdaşlıq təşkilatlarından ikisi – Türk Dövlətləri Parlament Asssambleyası (TÜRKPA) və Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) mənzil qərargahlarının yerləşməsi ölkəmizin Türk dünyası ilə əlaqələrini mahiyyət və keyfiyyətcə yeni mərhələyə yüksəltməsi istəyinin bariz göstəricisidir.

 

Türk Dövlətləri Təşkilatı (əvvəlki adı Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası – TDƏŞ) fəaliyyətinin əsas məqsədi Türk dövlətləri arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan regional təşkilatdır. TDT-nin əsas fəaliyyət məqsədləri və vəzifələri Naxçıvan Sazişi ilə müəyyən edilmiş və aşağıdakılardan ibarətdir:

 

-tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi;

-regionda və dünyada sülhün bərqərar edilməsi;

-xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi;

-beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi;

-ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi;

-ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması;

-hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi;

-elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi;

-kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi;

-hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi.

 

TDT-nin öz vəzifələrini yerinə yetirə bilməsi və qarşıya qoyulan məqsədlərə nail ola bilməsi üçün strukturu aşağıdakı kimi formalaşdırılmışdır:

 

-Dövlət Başçıları Şurası;

-Xarici İşlər Nazirləri Şurası;

-Yüksək Vəzifəli Şəxslər Komitəsi;

-Ağsaqqallar Şurası;

-Katiblik;

-Koordinasiya Komitəsi;

-Türk Şurasının Budapeştdəki Nümayəndəlik Ofisi.

 

Dövlət Başçıları Şurasının iclasına ev sahibliyi edən üzv ölkə növbəti zirvəyə qədər TDT-yə sədrlik edir.

 

Əlaqəli orqan və təşkilatlar

 

TÜRKSOY: Qərargahı Ankarada yerləşən TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) 1993-cü ildə təsis edilmişdir. Təşkilatın fəaliyyət məqsədi üzv ölkələr arasında elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi, eləcə də türkdilli ölkələr arasında mədəni əlaqələrin dərinləşdirilməsidir. 

 

TÜRKPA: (Türk Dövlətlərinin Parlament Assambleyası) İstanbul sazişi əsasında yaradılmış, 2008-ci ildə fəaliyyətə başlamışdır. Qərargahı Bakı şəhərində yerləşir. Assambleyanın məqsədi türkdilli ölkələrin parlament strukturları arasında əməkdaşlığın genişləndirilməsindən ibarətdir.

 

Türk Akademiyası: 2010-cu ildə Qazaxıstanda qeydiyyatdan keçmiş təşkilat olaraq fəaliyyətə başlamışdır. Türk Akademiyasının yaradılması haqqında Saziş 22-23 avqust 2012-ci il tarixlərində TDT-in Bişkekdə keçirilmiş II Zirvə Görüşündə imzalanmış və Akademiyaya beynəlxalq status verilmişdir. Türk Akademiyası Nur-Sultan şəhərində yerləşir. Türk xalqlarının dili, ədəbiyyatı, mədəniyyəti və etnoqrafiyasının tədqiqini koordinasiya və təşviq etmək məqsədilə fəaliyyət göstərir. Akademiyanın digər fəaliyyət məqsədləri  türk xalqlarının mədəni və mənəvi irsinin tədqiq edilməsi ilə yanaşı  dünya sivilizasiyasının inkişafında payının artırılması, dünya ictimaiyyətinin türk xalqlarının nailiyyətləri haqqında məlumatlandırılmasıdır.

 

Türk Mədəniyyəti və İrsi Fondu: Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsi 22-23 avqust 2012-ci ildə Bişkekdə keçirilmiş II Zirvə Görüşündə imzalanmışdır. Qərargahı Bakı şəhərində yerləşən Fond türk dünyası ilə bağlı müxtəlif tədbirlər, layihələr və proqramları maliyyələşdirmək və dəstəkləmək yolu ilə türk mədəniyyətinin və irsinin qorunmasına, tədqiqinə və təbliğinə köməklik göstərir.

 

Türk Biznes Şurası: 2011-ci ildə təsis edilmişdir. Qurum TDT-yə üzv  ölkələrin işgüzar dairələri və digər təşkilatları vasitəsilə türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsini həyata keçirir.

 

Türk Ticarət və Sənaye Palatası: 2019-cu ildə təsis edilmişdir. Üzv  ölkələrin işgüzar dairələri, ticarət və sənaye palataları vasitəsilə türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsini həyata keçirir.

 

TDT-nin Zirvə Görüşləri

 

TDT təsis edildikdən sonra Almatı, Bişkek, Qəbələ, Bodrum, Nur-Sultan (Astana), Çolpan-Ata, Bakı, Türkistan (onlayn), Bakı (fövqəladə), Ankara (fövqəladə), Səmərqənd və Astana olmaqla on zirvə görüşü keçirilmişdir.

 

- TDƏŞ-in birinci Zirvə Görüşü “İqtisadi əməkdaşlıq” mövzusunda 20-21 oktyabr 2011-ci il tarixlərində Almatı şəhərində baş tutmuşdur.

- TDƏŞ-in ikinci Zirvə Görüşü 22-23 avqust 2012-ci tarixlərində Bişkek şəhərində keçirilmişdir. Zirvə görüşün mövzusu “Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq” olmuşdur.

- TDƏŞ -in üçüncü Zirvə Görüşü 15-16 avqust 2013-cü il tarixlərində Qəbələ  şəhərində keçirilmişdir. Zirvə görüşün mövzusu “Nəqliyyat və bağlantı” olmuşdur.

- TDƏŞ-in dördüncü Zirvə Görüşü “Turizm sahəsində əməkdaşlıq” mövzusunda 4-5 iyun 2014-cü il tarixlərində Bodrum  şəhərində keçirilmişdir.

- TDƏŞ-in beşinci Zirvə Görüşü 10-11 sentyabr 2015-ci il tarixlərində “Media və informasiya sahəsində əməkdaşlıq” mövzusunda Nur-Sultan (Astana) şəhərində keçirilmişdir.

- TDƏŞ-in altıncı Zirvə Görüşü 3 sentyabr 2018-ci il tarixində “Gənclər və İdman” mövzusunda Çolpan-Ata şəhərində keçirilmişdir.

- TDƏŞ-in yeddinci Zirvə Görüşü 15 oktyabr 2019-cu il tarixində “Kiçik və Orta Sahibkarlığın Dəstəklənməsi” mövzusunda Bakı şəhərində keçirilmişdir.

 - TDT-in Dövlət Başçıları Şurasının Fövqəladə Zirvə Görüşü 10 aprel 2020-ci il tarixində videokonfrans vasitəsilə “COVID-19 pandemiyası ilə mübarizədə həmrəylik və əməkdaşlıq” mövzusunda keçirilmişdir. Fövqəladə Zirvə Görüşündə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fövqəladə Zirvə Görüşünün Bakı Bəyannaməsi” qəbul olunmuşdur.

- TDT-nin səkkizinci Zirvə Görüşü 12 noyabr 2021-ci il tarixində “Rəqəmsal dövrdə yaşıl texnologiyalar və ağıllı şəhərlər” mövzusunda İstanbulda keçirilmişdir.

- TDT-in qeyri-rəsmi Zirvə Görüşü 31 mart 2021-ci il tarixində videokonfrans vasitəsilə keçirilmişdir. Zirvə görüşündə Türkistan Bəyannaməsi qəbul edilmişdir. Həmçinin Qazaxıstanın Türkistan şəhəri Türk Dünyasının “Mənəvi paytaxtı” elan edilmişdir.  

- TDT-nin doqquzuncu Zirvə Görüşü 11 noyabr 2022-ci il tarixində “Türk sivilizasiyanın yeni dövrü: Birgə inkişaf və tərəqqiyə doğru” mövzusunda Səmərqənddə keçirilmişdir.

- TDT-nin ikinci fövqəladə Zirvə Görüşü 16 mart 2023-cü il tarixində “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Ankarada keçirilmişdir.

- TDT-nin onuncu yubiley Zirvə Görüşü 3 noyabr 2023-cü il tarixində “Türk Dövrü” çağırışı altında Astanada keçirilmişdir.

 

Hazırda Qazaxıstan Respublikası TDT-yə sədrlik edir. TDT-nin mövcud Baş katibi 11 noyabr 2022-ci ildən etibarən Qırğız Respublikasının vətəndaşı Kubanıçbek Omuraliyevdir.

 

TDT beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük əhəmiyyət verir. Təşkilat artıq İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz  İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm Təşkilatı ilə əlaqələr qurmuşdur. 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti