Azərbaycan Respublikası 1995-ci ildən ÜƏMT-nin üzvüdür və onun əqli mülkiyyət hüquqlarının qorunması və əlaqəli hüquqları əhatə edən 16 sazişinə qoşulmuşdur. 2006-cı ildə ÜƏMT ilə Azərbaycan Respublikası arasında Əməkdaşlıq Proqramı imzalanmışdır.
ÜƏMT-nin sabiq baş direktoru Frensis Qarrinin Azərbaycana səfəri çərçivəsində (13-15 may 2014-cü il) AR Hökuməti ilə ÜƏMT arasında Anlaşma Memorandumu imzalanmış, həmin sənədin üzrə 2014-2017-ci illəri əhatə edən Fəaliyyət Planı təsdiq edilmişdir.
2012-ci ildə Azərbaycanın Əqli mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi ÜƏMT-nin Əqli Mülkiyyət Akademiyalarının Qlobal Şəbəkəsinə üzv qəbul edilmişdir.
2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində ÜƏMT-nin Depozitariya Kitabxanası yaradılmışdır.
Ölkəmizin bir qrup nümayəndəsi ÜƏMT-nin maliyyə dəstəyi ilə İtaliyanın Turin Universitetində əqli mülkiyyət üzrə magistratura proqramını bitirmişlər.
ÜƏMT-nin sabiq baş direktoru Frensis Qarrinin 2018-ci ilin 4-5 iyun tarixlərində Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti və ÜƏMT arasında əməkdaşlıq üzrə yeni Anlaşma Memorandumu imzalanmış və həmçinin 2018-2021-ci illəri əhatə edən müvafiq Fəaliyyət Planı təsdiq edilmişdir. Sözügedən sənədlərdə Azərbaycanın milli əqli mülkiyyət strategiyasının işlənilib hazırlanması və həyata keçirilməsi kimi istiqamətlərdə birgə fəaliyyətin inkişaf etdirilməsi də nəzərdə tutulub.