Azərbaycan Respublikası 1993-cü ildə BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) üzvü olmuşdur. Təşkilat tərəfindən Azərbaycanda bir sıra sahələrdə, o cümlədən enerji səmərəliliyinin artırılması, milli sənaye statistik proqramların inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi, ətraf mühitin yaxşılaşdırılması və s. sahələrdə müxtəlif layihələr həyata keçirilir.
Azərbaycan Hökuməti ilə UNIDO arasında 2000-ci ildə "Sənaye inkişafı sahəsində əməkdaşlıq haqqında Memorandum", 2005-ci ildə isə "2005-2010-cu illər üzrə Əməkdaşlıq haqqında Çərçivə Proqramı" imzalanmışdır.
2010-cu ilin iyul ayında təşkilatın Baş direktoru Kandeh Yumkella Azərbaycana səfər etmiş, yüksək səviyyəli görüşlər keçirərək əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə etmişdir.
17-18 aprel 2012-ci il tarixlərində Azərbaycanda UNIDO-nun təşkilatçılığı ilə sənaye parkları üzrə regional konfransı keçirilmişdir. Azərbaycanda elan edilmiş sənaye ili çərçivəsində görüləcək işlərin ümumi yekunu olaraq, UNIDO-nun yaxın iştirakı ilə 2014-cü ilin 26-27 noyabr tarixlərində Bakıda “XXI əsrdə sənaye siyasətinin əsas trendləri, müasir yanaşma və təcrübələr” mövzusunda beynəlxalq konfrans təşkil olunmuşdur. Tədbir çərçivəsində Azərbaycanla UNIDO arasında əməkdaşlığa dair 2014-2018-ci illər üzrə Çərçivə Proqramı imzalanmışdır. Hazırda, 2021-2025 illər üzrə növbəti Çərçivə Proqramının imzalanması istiqamətində müvafiq işlər aparılır.