No:317/25, Nazir Ceyhun Bayramovun Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşünə dair mətbuat məlumatı

22 iyul 2025 19:05

22 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb.

 

Görüş zamanı Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının gündəliyində duran məsələlər, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan və Gürcüstan arasında enerji, nəqliyyat, ticarət, investisiyalar, ekologiya və humanitar sahələri əhatə edən genişmiqyaslı əməkdaşlığın dinamik inkişafı və bu əməkdaşlığın regionda sabitlik və tərəqqiyə verdiyi töhfə vurğulanıb.

 

Qlobal və regional çağırışlar fonunda iki ölkənin suverenlik və ərazi bütövlüyü prinsiplərinə qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətləri yüksək qiymətləndirilib. Bu xüsusda, Cənubi Qafqazda sülh və əməkdaşlığın möhkəmləndirilməsi üçün səylərin vacibliyi qeyd olunub.

 

Nazir Ceyhun Bayramov, həmçinin, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq prosesi, habelə Ermənistanla normallaşma prosesi barədə məlumat verib.

 

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti