No:189/21, Azərbaycan Respublikası Xarici Işlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Avstriya Respublikasının Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq ilə görüşünə dair məlumatı

26 may 2021 ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə Avstriya Respublikasının Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq arasında görüş keçirilib.

Nazirlər ikitərəfli əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparıb, post-pandemiya dövründə ikitərəfli qitisadi əməkdaşlıq və biznes əlaqələrin canlandırılmasının əhəmiyyətini vurğulayıblar.

Nazir Ceyhun Bayramov həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Ermənistanın onilliklər ərzində davam edən təcavüzkar siyasəti, Ermənistan tərəfinin təxribatlarına cavab olaraq Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatı və ərazilərin işğaldan azad olunaraq, ölkənin ərazi bütövlüyünün təmin olunması barədə danışıb. O, həmkarına post münaqişə dövründə azad olunmuş ərazilərdə həyata keçirilən yenidən qurma və bərpa işləri haqda məlumat verib. Bölgədə yaranmış yeni vəziyyətin regional əməkdaşlıq üçün açdığı imkanlardan bəhs edilib.

İşğal faktorunun aradan qaldırılması ilə Azərbaycanın beynəlxalq hüququn suverenlik və ərazi bütövlüyü prinsiplərinə ciddi riayət olunması əsasında Ermənistanla əlaqələrin normallaşdırılmasına hazır olduğu qeyd olunub.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti