Ermənistan-Azərbaycan münaqişəsinə son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Ermənistanla ikitərəfli münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında normallaşdırılması təşəbbüsünü irəli sürmüşdür.
Bu təşəbbüsün davamı olaraq, Azərbaycan tərəfi 2022-ci ilin fevral ayında Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin əsasını təşkil edəcək saziş ilə bağlı baza prinsiplərini Ermənistan tərəfinə təqdim etmişdir.
Eyni zamanda, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyasının həyata keçirilməsi təşəbbüsü irəli sürülmüş, habelə normallaşma prosesinin üçüncü istiqaməti kimi iki ölkə arasında kommunikasiyaların açılması prosesi başlanmışdır.
Tərəflər arasında 2021-2023-cü illərdə ikitərəfli saziş layihəsinin mətni üzrə danışıqlar başlanmış, hər iki ölkənin sərhəd delimitasiyası üzrə komissiyaları təşkil edilmiş və onlar arasında görüşlərə start verilmiş, habelə Rusiya, Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə nəqliyyat kommunikasiyalarının açılması üzrə işçi qrup təsis edilərək göstərilən mövzuda müzakirələrə başlamışdır.
İndiyə qədər normallaşma istiqamətində aparılan danışıqlar müxtəlif formatlarda davam etdirilsə də normallaşma prosesinin hər üç istiqaməti üzrə konkret nəticə hələ ki əldə edilməmişdir.
2020-2023-cü illər ərzində normallaşma prosesi üçün ən ciddi maneə Ermənistanın 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, bu xüsusda öz silahlı qüvvələrini tam şəkildə Azərbaycan ərazilərindən çıxarmaması, Azərbaycan ərazisində qanunsuz separatçı rejimi siyasi, diplomatik, hərbi-texniki və maliyyə baxımından birbaşa dəstəkləməsi olmuşdur.
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan tərəfindən həyata keçirilən lokal xarakterli anti-terror tədbirləri nəticəsində Ermənistan və onun Azərbaycan ərazisində yaratdığı qanunsuz rejim tərksilah olmağa və Azərbaycan ərazisini tərk etməyə məcbur edilmiş, qanunsuz rejimə son qoyulmuşdur.
Beləliklə, Azərbaycan Respublikasının suverenliyi tam şəkildə Qarabağ bölgəsi üzərində bərpa edilmişdir. Yaranmış reallıq normallaşma prosesi üçün ən böyük əngəli ortadan qaldırmaqla, iki ölkə arasında bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması və hörmət edilməsi əsasında münasibətlərin təsis edilməsi üçün tarixi imkan yaratmışdır.
Hazırda Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda danışıqlar prosesi davam etdirilir.
Azərbaycan tərəfi Ermənistanla normallaşma prosesinin təşəbbüskarı kimi bu prosesin irəlilədilməsi məqsədinə sadiqdir və bu istiqamətdə ardıcıl və qətiyyətli addımlarını davam etdirir.
Normallaşma prosesinin əsas hadisələrini əks etdirən məlumatla bu keçid vasitəsilə tanış olmaq mümkündür.