Beynəlxalq Sülh və Etimad ilinin açılış mərasiminə həsr olunmuş tədbirdə Qoşulmama Hərəkatı adından Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov tərəfindən verilmiş bəyanat

Qeyri rəsmi tərcümə

Beynəlxalq Sülh və Etimad ilinin açılış mərasiminə həsr olunmuş tədbirdə Qoşulmama Hərəkatı adından

Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov tərəfindən verilmiş bəyanat

29 yanvar 2021-ci il

Zati-aliləri,

Hörmətli həmkarlar,

Xanımlar və cənablar,

Azərbaycan Respublikası üçün Qoşulmama Hərəkatı (QH) adından bu bəyanatın verilməsi şərəfdir.

İlk öncə 2021-ci ili Beynəlxalq Sülh və Etimad ili elan edən bu mühüm təşəbbüsə görə Türkmənistan hökumətinə təşəkkür etmək və Türkmənistan tərəfindən irəli sürülən BMT Baş Assambleyasının 73/338 saylı 12 sentyabr 2019-cu il tarixli qətnaməsinin qəbul edilməsini alqışlamaq istərdik.

Beynəlxalq sülhün təşviqi və dəstəklənməsi QH üçün ən vacib məsələdir. QH və ona üzv dövlətlər tarix boyu müharibəyə qarşı çıxmış və sülhü dəstəkləmişlər.

25 və 26 oktyabr 2019-cu il tarixlərində Bakıda, Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşündə, hərəkata üzv dövlətlərin dövlət və hökumət başçıları sülhün və təhlükəsizliyin, qanunun aliliyinin, iqtisadi inkişafın və sosial tərəqqinin, həmçinin bütün insan hüquqlarının hamı üçün qorunması və təşviqində əvəzolunmaz olan BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin etibarlılığını bir daha təsdiq etdilər.

Beynəlxalq hüququn prinsiplərinə ciddi riayət etmək və BMT Nizamnaməsinə uyğun olaraq dövlətlərin üzərinə götürdükləri öhdəliklərin vicdanla yerinə yetirilməsi beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün ən böyük əhəmiyyət kəsb edir.

Beynəlxalq ictimaiyyətin qarşısında duran mövcud problemlərin çoxtərəfli qaydada bütün millətlər tərəfindən qətiyyətlə həll edilməli olduğunu nəzərdə tutaraq, dövlət və hökumət başçıları təcavüz aktlarını pisləmək və dünyada sabitliyi, əmin-amanlığı və davamlı sülhü gücləndirmək və təşviq etmək məqsədilə Bakı Sammitində QH-ya üzv dövlətlər tərəfindən irəli sürülmüş, yüksək etik dəyərlərə, ədalətə və dostluğa əsaslanan sülhü təşviq etmək üçün təşəbbüsləri qəbul etdilər.

Qoşulmama Hərəkatı özəyində BMT olmaqla çoxtərəfliliyi dəstəkləməyə sadiqdir. BMT Nizamnaməsi və  Dayanıqlı İnkişaf Gündəliyi 2030-u dəstəkləyən çoxtərəflilik və beynəlxalq əməkdaşlıq dəyərlərinin qorunması və gücləndirilməsi, sülh və təhlükəsizlik, inkişaf və insan hüquqları olmaqla, BMT-nin üç sütununun təşviqində və dəstəklənməsində fundamental rol oynayır.

2020-ci il ərzində dünya ictimaiyyəti bu günə qədər 100 milyondan çox yoluxma  və 1 milyondan çox ölüm faktının qeydə alındığı, səhiyyə, sosial, iqtisadi və maliyyə sahələrində çoxşaxəli əks-səda doğuran, cəmiyyətlər və iqtisadiyyatlar, eləcə də qlobal ticarət və turizmə, o cümlədən insanların yaşayışına dağıdıcı təsir ilə nəticələnən yaxın tarixdəki ən böyük sağlamlıq böhranı ilə üzləşdi.

Pandemiya, beynəlxalq birliyin yalnız birlik, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmətə əsaslanan əlaqələndirilmiş və razılaşdırılmış qlobal reaksiya ilə COVID-19-un təsirlərini azalda və hazırda yayılmaqda davam edən pandemiyadan sağalmaq üçün strategiyalar hazırlaya biləcəyini nümayiş etdirdi.

Hörmətli həmkarlar,

QH sülhün dialoq və əməkdaşlıq yolu ilə təşviq edilməsinə sadiqdir. QH üzv dövlətləri, dialoq, dözümlülük, qarşılıqlı hörmət, anlaşma və barışığın təşviqinə regional və beynəlxalq səviyyədə töhfə verməyin; radikalizmə, ekstremizmə və nifrət nitqinə qarşı mübarizə aparmağın vacibliyini bir daha təsdiqləyirlər.

Bununla əlaqədar, QH, BMT Baş Assambleyasının dinlərarası və mədəniyyətlərarası dialoqun əhəmiyyətini vurğulayan 74/23 saylı qətnaməsinin qəbul edilməsini və onun sosial birliyin, sülhün və inkişafın, eləcə də fərdlər, cəmiyyətlər və millətlər arasında dözümlülük və hörmət mədəniyyətinin təşviqinə verdiyi dəyərli töhfəni alqışlayır.

Hərəkat, müharibə əleyhdarı və sülhsevər bir qüvvə rolunu gücləndirmək öhdəliyinə sadiq qalaraq, dinc və firavan bir dünya, eləcə də ədalətli və obyektiv bir dünya nizamı qurmaq üçün çalışmaq əzmini bir daha təsdiqləyir. Millətlərimizin və bütövlükdə bəşəriyyətin mənafelərini irəli sürmək səylərimiz üçün əvəzsiz olan BMT-nin və çoxtərəfli proseslərin gücləndirilməsi yolu ilə çoxqütblü bir dünya üçün çalışmaq əzmimizi bir daha ifadə edirik.

Diqqətinizə görə təşəkkür edirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti