Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 66-cı sessiyası çərçivəsində Afrika Buynuzundakı Humanitar yardımla bağlı Nazirlərarası görüşdə çışıxı
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 66-cı sessiyası çərçivəsində Afrika Buynuzundakı Humanitar yardımla bağlı Nazirlərarası görüşdə çışıxı
Nyu-York, 24 sentyabr 2011-ci il
Xanım Baş katibin müavini,
Zati-aliləri,
Xanımlar və cənablar,
İlk öncə mən yaxın tarixdə Afrika Buynuzundakı dağıdıcı quraqlıqla nəticələnən humanitar böhranla bağlı Azərbaycan tərəfinin dərin narahatlıq hissi keçirdiyini ifadə edərək, Somali, Keniya, Efiopiya, Cibuti hökumətlərinə və xalqlarına səmimi həmrəylik ismarıclarımızı çatdırıram.
Biz Baş Assambleya çərçivəsində keçirilən bu tədbiri Afrika Buynuzundakı quraqlığın baş verdiyi ərazilərdə yardım tədbirlərinin maliyyələşdirilməsinin dəstəklənməsi üçün zəruri maliyyə mənbələrin cəlb edilməsi istiqamətində əsas səy kimi qiymətləndiririk.
Mən, zərər çəkmiş ölkələrin xalqlarının zəruri ehtiyacları üçün maliyyə resurslarının səfərbər edilməsi istiqamətində BMT və onun müvafiq təşkilatları, həmçinin Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, üzv ölkələr və tərəfdaşların bu günədək gördükləri işləri yüksək qiymətləndirirəm.
Son illərdə Azərbaycan yoxsulluğun aradan qaldırılması, davamlı inkişafın təşviq edilməsi və qlobal rifahın dəstəklənməsinə yönəlmiş beynəlxalq və milli səyləri dəstəkləmək məqsədilə humanitar yardımları artırmış, inkişaf etməkdə olan və ən az inkişaf etmiş, həmçinin təbii fəlakətlərdən sonra dirçələn ölkələrin ehtiyac və zəifliklərinin aradan qaldırılmasına xüsusi diqqət yetiririk.
Bu səbəbdən Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi Afrika Buynuzundakı iztirablara son qoyulmasında beynəlxalq səylərə qoşulmaqda mənəvi öhdəçilik hiss edir.
2011-ci il avqustun 11-də Azərbaycan Hökuməti və BMT İnkişaf Proqramı arasında Somalidə Ortaq Humanitar Fond üçün Standart İnzibati Tədbirlər sənədi imzalanmışdır. Bu sənədi imzalamaqla biz Somali Respublikası Hökumətinin, BMT və başqa beynəlxalq təşkilatların, regionda ən çox zərər çəkmiş ölkə kimi Somalidə aclığın aradan qaldırılması və Somali xalqının iztirabının azaldılması yolunda gedən cəhdlərə edilən təcili yardım müraciətlərini öz dəstəyimizlə cavablandırmış olduq. Somalidə Ortaq Humanitar Fond üçün Standart İnzibati Tədbirlər sənədinə əsasən Azərbaycan Hökuməti BMT-nin Çox-Tərəfdaşlı Etimad Fondu vasitəsilə 100,000 ABŞ dolları həcmində yardım etmişdir. Azərbaycan Hökumətinin bu yardımına əlavə olaraq, Azərbaycan vətəndaşları və özəl sektor tərəfindən göstərilən birbaşa yardımın həcmi 250 000 ABŞ dollarını ötmüşdür.
Bundan başqa, Azərbaycan Respublikasının 100 milyon ABŞ dolları həcmində yardım etdiyi Afrika, Latın Amerikası və Karib hövzəsi üçün Beynəlxalq Maliyyə Korporasiyası Fondu Keniya üçün bir sıra yatırımları təsdiqləmişdir və biz onların tez bir zamanda həyata keçirilməsini gözləyirik.
Azərbaycan Hökuməti Afrika Buynuzundakı böhranın orta və uzun müddətli davamlı həllinə nail olmaq istiqamətində beynəlxalq ictimaiyyətin humanitar yardım sahəsində səylərinin artırılmasını dəstəkləmək üçün əlavə vəsaitin ayrılması məsələsini nəzərdən keçirir.
Sağ olun.